AZ EN RU

Diqqətli ol, həyatından olma!

Keçmişdən bu günümüzə qədər olan ixtiralara nəzər salsaq, işimizi asanlaşdıran, gedəcəyimiz məsafəni tez bir zamanda getməyə xidmət edən avtomobilləri ən mükəmməl ixtiralar sırasına qoya bilərik. Bəs işimizi asanlaşdıran, getdikcə də təkmilləşdirilən bu ixtiranın günü-gündən artan qəzalarının əsas səbəbi görəsən nədir? Sürücü-piyada səhlənkarlığı, avtomobillərdə olan problemlər, bəlkə də yol nişanlarının düzgün quraşdırılmaması.

Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinin əməkdaşı, polis kapitanı Ayaz İsmayılov avtoqəzaların əsas səbəbləri barədə qəzetimizə verdiyi müsahibədən sonra bütün bu suallarımıza ətraflı cavab tapdıq.

Muxtar respublika ərazisində günü-gündən avtomobillərin sayında kəskin şəkildə artışlar müşahidə olunur. Bu artışlar isə bəzən avtoqəzaların çoxalmasına gətirib çıxarır. Bu qəzalarda bəzən ancaq sürücülər günahlandırılsa da, bu qəzaların səbəbləri araşdırıldıqda yol hərəkəti qaydalarının termini olan sürücü, avtomobil, yol və mühit halqasının birləşməsindən yaranan SAYM sistemi gözə çarpır. Bu dörd halqadan hər hansı birində qırılma baş verərsə, yol qəzalarının olması qaçınılmazdır.

Bəs sadaladığımız bu dörd element qəzalara nə dərəcə təsir edir? İlk halqa olan sürücülər bu sistemin ən zəif halqası hesab olunur. Çox vaxt qəzaların sürücü diqqətsizliyindən yaranması qeyd olunur. Daha sonra avtomobil nazaslığı, yol şəraiti və mühitdə baş verən təbiət hadisələri də qəzaların əsas səbəblərindən ola bilər. Lakin bunların olmasına baxmayaraq məsuliyyət əsasən yenə sürücülərin üzərinə düşür.

Sürücülərə tövsiyə olunur ki, avtomobillərini yalnız nasaz olduğu zaman deyil, daimi bütün baxışlarına vaxtında nəzarət etsin və dövlət tərəfindən qeyd olunan texniki baxışlar vaxtında keçirilsin.

Bəs dövlət tərəfindən qeyd olunan texniki baxışlar hansı zaman aralığında nəzərdə tutulub? Qanunvericilikdə belə bir tələb var ki, istehsal ili 4 ilə qədər olan avtomobillər texniki baxışdan azaddır, 4 ildən 10 ilə qədər olan avtomobillər iki ildə bir dəfə, istehsal ili 10 ildən artıq olan avtomobillərin isə hər il texniki baxışdan keçirilməsi nəzərdə tutulur.

Bundan başqa sürücülərin sürücülük vəsiqəsi alarkən tibbi müayinələrdən keçməsi də qəzaları azaldan səbəblərdən biridir. Bu yoxlanışlar zamanı sürücünün yaxşı eşitməsi və yaxşı görməsi əsas tibbi yoxlanışlar sırasındadır.

Bunu da qeyd etmək lazımdır ki, piyada olmaq üçün heç bir imtahan və müayinə nəzərdə tutulmadığı üçün, hər bir kəsin azad şəkildə piyada kimi gəzmə hüququ var. Bunun üçün yenə əsas məsuliyyət və diqqət sürücülərin üzərinə düşür.

Qanunla sürücülərin əsas diqqətsizlik etdiyi məsələlərdən biri də, sükan arxasında mobil telefonlardan istifadə etməsidir. Digər tərəfdən müasir avtomobillərə monitorların quraşdırılması, sərnişinlərin sürücünün diqqətini yoldan yayındıracaq digər hərəkətlər edilməsi və hətta sürücünün sükan arxasında qulaqcıqlardan istifadə etməsi də onun diqqətinin yayınmasına gətirib çıxartsa da bunlar qanunla qadağan olunanlar siyahısına daxil edilməyib.

Avtomobil idarəetməsini qanunlar tənzimləsə də, hər bir incəlik qanunlarda qeyd olunmur. Bunun üçün də polis əməkdaşları tərəfindən sürücülərə yalnız tövsiyə xarakterli məsləhətlər verilir. Bu məsləhətlər sırasında çəkələklə və qadınların hündür daban ayaqqabı ilə avtomobil idarə etməməsi kimi bir neçə tövsiyələr də qeyd olunur.

Ən çox qəzaların baş verdiyi, piyada və sürücünün kəsişdiyi əsas nöqtələrdən biri də, piyadalar üçün nəzərdə tutulmuş zolaqlardır. Təəssüflər olsun ki, hələ də piyada zolaqlarında piyadaların xaotik hərəkəti gözə çarpmaqdadır. Qəzaların səbəblərində çox vaxt sürücülər günahlandırılırsa da, müsahibimiz Ayaz İsmayılov piyadaların da çox vaxt yol hərəkət qaydalarına əməl etməmələrini və nəticədə qəzaların baş verdiyini qeyd edir.

Naxçıvann Muxtar Respublikasını və Azərbaycanı bir-birinə birləşdirəcək olan Zəngəzur dəhlizinin gələcəkdə açılacağı şübhəsizdir. Bu isə Naxçıvanda avtomobil sayının daha çox olmasına gətirib çıxaracaq. Bəs qəzaların artmasının qarşısını almaq məqsədilə Zəngəzur dəhlizi açıldıqdan sonra, Naxçıvanda nə kimi yenidənqurma işləri gözlənilir? Qeyd-şərtsiz Orta Asiyadan Avropaya gedəcək olan avtomobillər Naxçıvan ərazisindən də keçəcək. Bu isə avtomobil sayının artmasının ən başlıca səbəblərindən birinə çevriləcək. Bunun üçün də gələcəkdə Naxçıvanda yeni yol nişanlarının, yol xətlərinin, piyadalar üçün nəzərdə tutulacaq yerüstü keçidlərin və dəmir yollarının yenidən inşası nəzərdə tutulur.

 Günü-gündən şəhərimizdə yeni kafelərin və restoranların fəaliyyətə başlaması və yeni strukturların qurulması gözə çarpır. Bəzən bu kafe və restoranlardakı çatdırılma xidmətində istifadə olunan moped adlanan nəqliyyatların çox vaxt piyadalar üçün nəzərdə tutulan ərazidə hərəkət etdiyini hər birimiz görmüşük. Bu qəzaların ən başlıca səbəbi isə bu cür nəqliyyatları istifadə etmək üçün sürücülük vəsiqəsi tələb olunmamasıdır.

Bundan başqa bir yerdən digər bir ünvana tez çatmağımız üçün skuterlərdən və velosipedlərdən də istifadə edirik. Bu minik vasitələri üçün də sürücülük vəsiqəsi tələb olunmasa da bəzən qoyulan qaydalar nəqliyyatı idarə edənlər tərəfindən pozulur. Skuterlərin idarəsi üçün müəyyən yaş həddi – 16 yaş nəzərdə tutulduğu halda, velosipedlər üçün bu hədd 14 yaş nəzərdə tutulur. Bəzən bu vasitələrin də piyadalar üçün nəzərdə tutulan zolaqda hərəkət etdiyini görürük. Lakin bu vasitələrin avtomobillər üçün nəzərdə tutulan yolda sağ kənar zolaqda və tək şəkildə idarə olunmasının vacibliyi qeyd olunsa da, təəssüf ki, bəzən bu nəqliyyatlara birdən artıq şəxsin mindiyini görürük. Bu cür cüzi görünən qayda pozuntuları belə bəzən ən böyük qəzaların səbəblərinə çevrilə bilər. Yolda diqqətli olmaqla həm başqalarının, həm də öz həyatınızı qoruya bilərsiniz. Kimisə ötmək və yaxud da işıqforun son saniyələrində keçmək arzusu çox arzunuzu yarıda qoya bilər. Unutmayın həyatımızı qorumaq hər birimizin öz əlindədir.

Rafiq TƏHMƏZOV

Nəşr edilib : 27.02.2024 15:50