AZ EN RU

Diqqət, qarşıda işıqfor var!!! - FOTOLAR

    Ömrümüz çox zaman yollarda keçir. Bağçaya, məktəbə, universitetə, işə və səyahətə gedərkən bizi sevdiklərimiz uğurlayıb sağ-salamat qayıtmağımızı gözləyirlər. Təəssüflər olsun ki, bəzi vaxtlar bu yollar bizi mənzilə çatdırmır. Məcazi mənada desək, yolumuzu qırmızı işıq kəsir. Qırmızı işıqdan söz düşmüşkən, qeyd edək ki, 5 avqustun İşıqfor Günü kimi tarixə düşməsindən artıq 109 il ötür. İşıqfor 1868-ci ildə ilk dəfə Londonda yol hərəkətini tənzimləmək üçün ixtiraçı Jon Pik Nayt tərəfindən İşıqfor quraşdırılsa da, 1925-ci ildən bu günə qədər quraşdırılmış işıqfor sxemini – “işıqforun atası” hesab edilən Garret Morgan patentləşdirib.

    İşıqforlar yol kəsişmələrində və piyada keçidlərində yerləşən siqnal cihazı olaraq gündəlik həyatımızın bir parçasına çevrilib. İşıqforlar və dayanma nişanları insanlara və avtomobillərə nə vaxt dayanmalı, nə vaxt hərəkətə davam etməli olduqlarını bildirir.
    İllər keçdikcə üçrəngli işıqforlar daim inkişaf edərək daha mürəkkəb, daha rahat və daha ağıllı olur. Bu gün təkcə avtomobillər üçün deyil, həm də piyadalar, tramvaylar, velosipedçilər və hətta atlar üçün işıqforlar var. Qırmızı siqnalda sağa dönməyə imkan verən oxlar, eləcə də səs siqnalları var ki, görmə qabiliyyəti zəif olan insanlar yolun hərəkət hissəsini təhlükəsiz keçə bilsinlər. Ola bilsin ki, kimsə işıqforların bir növ məhdudiyyət olduğunu fikirləşir... Amma düşünsək ki, onlar günümüzdə nə qədər insanın həyatını xilas edib, onda yanlarından təşəkkür etməmiş keçmərik.
    Bizi bu mövzuya müraciət etməyə vadar edən səbəb də məhz son zamanlar yol hərəkəti qaydalarına əməl edilməməsi üzündən muxtar respublikada yol-nəqliyyat hadisələrinin artmasıdır. Əsas səbəblərdən biri isə müşahidələrə əsasən demək olar ki, sürücülərin və piyadaların tələskənliyidir. Yol hərəkətinin tənzimlənməsi ilə bağlı müsahibimiz Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polis İdarəsinin əməkdaşı, polis kapitanı Ayaz İsmayılovdur. 
    Ayaz İsmayılovun sözlərinə görə, Dövlət Yol Polisinin əsas vəzifəsi yol hərəkəti təhlükəsizliyini təmin etməkdir. 24 saat fasiləsiz fəaliyyət göstərən DYP-nin əsas məqsədi yol-nəqliyyat hadisələrinin qarşısını almağa, piyada keçidlərinə nəzarət etməyə, sürücüləri və piyadaları yol hərəkəti qaydalarını pozmamağa təşviq edir. 
    Bu gün DYP-nin ən diqqət etdiyi yer piyada keçidləridir. Nizamlanan və nizamlanmayan piyada keçidləri var. Nizamlanan piyada keçidlərində hərəkətin nizamlanması işıqfor vasitəsilə həyata keçirilir. Piyadalar bəzən işıqfora fikir vermədən, piyada keçidi olmayan yerlərdən və etinasızca mobil telefon və yaxud qulaqcıqlarla yolu keçmək istərkən yol-nəqliyyat hadisələri qeydə alınır. “Yol hərəkəti haqqında” qanunun 40-cı maddəsində qeyd olunur ki, piyada nizamlanmayan piyada keçidinə girməzdən əvvəl yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin məsafəsini, onun hərəkət sürətini dəyərləndirməli və yolu keçməyin onun üçün təhlükəsiz olduğunu yəqin etdikdən sonra piyada keçidinə daxil olmalıdır. Bunun üçün də DYP əməkdaşları maarifləndirici tədbirlərə geniş yer verir, ictimaiyyət arasında bu kimi görüşlər keçirərək vətəndaşları və sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə çağırır. Həmçinin DİN-in yol patrul xidməti əməkdaşları da piyada keçidindən düzgün istifadə etməyən piyadalara xəbərdarlıq edir, piyada keçidlərindən istifadə etməyən piyadalar İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə görə 20 manat məbləğində cərimə olunurlar. Lakin məqsəd piyada və sürücüləri cərimə ilə qorxutmaq yox, yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır. Son zamanlar müşahidə edilir ki, piyada keçidlərində piyadaların vurulması həm piyadaların, həm də sürücülərin məsuliyyətsizliyindən irəli gəlir. 
    “İşıqforun tələbi nədir?” sualımıza cavab olaraq həmsöhbətim bildirdi ki, “Yol hərəkəti haqqında” qanunda, işıqforun yaşıl işığı yanan zaman digər istiqamətdən gələn nəqliyyat vasitələrinin, həmçinin piyadaların hərəkətini başa çatdırmasına şərait yaradılması öz əksini tapıb. Bu o demək deyil ki, yaşıl işıq yandı, sürücü dərhal hərəkətə başlaya bilər. Bəzən sürücülər işıqforun yaşıl və yaxud qırmızı işığının sönməsinə 1-2 saniyə qalmış sürəti azaltmaq yerinə bir az da artırırlar ki, yolayrıcını tez keçələr. Bütün bu tələskənliklər isə yol-nəqliyyat hadisələrinin baş verməsinə gətirib çıxaran amillərdir. 
    Bu da vurğulanmalıdır ki, piyada keçidində sürücülərin məsuliyyətsizliyi hər an qəza vəziyyəti yarada bilər. Sürücü bu peşəyə yiyələnmək üçün müəyyən prosedurlardan keçir, sürücülük məktəbi oxuyur, DYP-də imtahan verib sürücülük vəsiqəsi aldıqdan sonra sürücü kimi fəaliyyət göstərməsinə şərait yaradılır. Lakin bunu piyadaya tədbiq etmək qeyri-mümkündür. Yaxşı bilirik ki, Naxçıvan şəhərində əksər məktəblər yol kənarında yerləşir. Piyadanın küçə və yollarda hərəkətinə heç cür qadağa qoya bilmədiyimiz üçün bütün məsuliyyət sürücülərin üzərinə düşür. Bunun üçün də sürücülər daha təmkinli, piyadalarla münasibətdə daha diqqətli olmalı, qarşısına qəfil çıxan piyada ilə məsafəsini nizamlamağı bacarmalıdır. 
    Ayaz İsmayılovun sözlərinə görə, çox müşahidə etdiyimiz hallardan biri də odur ki, sürücülər işıqforun xəbərdaredici sarı işığının yanıb-sönməsi zamanı “Stop!” xəttinin qarşısında dayanmaq əvəzinə sürətini bir az da artırır ki, həmin yolayrıcını tez keçsin. Bu zaman nəzərə alsa ki, digər istiqamətdən də gələn sürücü də bir az diqqətsizlik edib işıqforu tez keçməyə çalışsa, bu hal avtomobillərin qəza törətməsi ilə nəticələnəcək.
    Təhlükəsizlik kəmərindən istifadə ilə bağlı son vaxtlar aparılan maarifləndirici tədbirlər öz bəhrələrini verməkdədir. “Yol hərəkəti haqqında” qanunda deyilir ki, avtomobil hərəkətə başladığı an hərəkət şəraitindən və yaxud hərəkət sürətindən asılı olmayaraq, sürücü kəmərini bağlamalıdır. Kəmər üç nöqtə prinsipinə əsaslanmalı, sürücü və yaxud sərnişinin həm sinə nahiyəsindən, həm qarın boşluğundan keçməlidir. Kəmər bağlamayan sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə görə 40 manat məbləğində cərimə olunurlar.
    “Piyada keçidlərindən hansı məsafədə dayanma-durma qadağandır?” sualına aydınlıq gətirən Ayaz İsmayılov bildirdi ki, piyada keçidlərinin üzərində, yol­ayrıclarının kəsişmələrində, kəsişmə qovşaqlarından 5 metr məsafədə dayanma-durma qəti qadağandır. Bəzən sürücülər avtomobillərini piyada keçidlərinin üzərində və yaxud ona 5 metr az yaxınlıqda saxlayaraq piyadanın qarşısını kəsirlər. Düşünün ki, siz ikinci və yaxud üçüncü zolaqla hərəkət edirsiniz, sağdan birinci zolaqda hər hansı yük avtomobili piyada keçidinin qarşısında avtomobilini saxlayıb ki, zolağın da eni 3 metrdir və bu zaman piyada və hərəkətdə olan avtomobil qarşılaşa bilər, yaxud ağır yol qəzasının baş verməsi qaçılmaz olar. Həmin sürücülər istər yol patrul xidməti inspektorları, istərsə də şəhər təhlükəsizlik kameraları vasitəsilə aşkarlanaraq dayanma-durma qaydalarını pozduqlarına əsasən “İnzibati Xətalar Məcəlləsi”nin 346.1 maddəsinə əsasən 20 manat məbləğində cərimə olunur. 
    “Avtomobillərarası distansiyası neçə metr olmalıdır?” sualımız müsahibimiz tərəfindən belə cavablandırıldı ki, distansiya eyni istiqamətdə və eyni zolaqda hərəkət edən iki avtomobil arasındakı məsafədir. Qanunda ara məsafəsi ilə bağlı konkret tələb yoxdur. Yol hərəkəti haqqında qanunun 50-ci maddəsinə əsasən sürücülər ara məsafəsini şəraitə uyğun olaraq özləri təyin etməlidirlər. 
    Müsahibimizə daha bir sualla müraciət etdik: – Yol-hərəkət qaydasının tələbləri pozularsa kimə müraciət edək?
    – Bəzən elə düşünürük ki, DYP və yaxud xüsusi texniki kamera vasitələri yoxdursa, yol hərəkəti qaydalarını poza bilərik. Bu da ona gətirib çıxarır ki, biz qaydalara kiməsə və nəyəsə görə əməl edirik. 
    Artıq son zamanlar vətəndaşların müraciətləri üçün yeni “WhatsApp” nömrəsi (0605000902) aktiv edilib ki, qanun pozuntusu aşkarlanarsa, vətəndaş 24 saat əldə etdiyi faktı həmin sosial platformaya ünvanlaya bilər. Bunu yaratmaqda əsas məqsəd ictimai nəzarətin olmasını yol hərəkəti iştirakçılarına, xüsusən də sürücülərin diqqətinə çatdırmaqdır. Qeyd edək ki, həmin nömrəyə şikayət, təklif, işıqforun texniki nasazlığını və yaxud yolda baş verəcək bütün hadisələri çəkib ünvanlamaq mümkündür.
    Ayaz İsmayılov “SAYM” sisteminin tələblərinə də aydınlıq gətirərək bildirdi ki, bu termin sürücü, avtomobil, yol, mühit sözlərinin baş hərfindən təşkil olunub ki, burada da əsas məsələ insan amildir. Sürücünün xətası, avtomobilin nasazlığı, yolların yararsız vəziyyətə düşməsi və mühit əsas amillərdəndir. 
     Öyrəndik ki, bu gün Naxçıvan şəhərinin bütün küçə və prospektlərində müşahidə kameraları quraşdırılıb ki, bununla da 24 saat həm sürücülərə, həm də piyadalara nəzarət etmək asanlaşıb. Naxçıvan şəhərində 21 yolayrıcında, Şərur şəhərində iki yolayrıcında, ümumilikdə, 23 yolayrıcında hərəkət işıqforla nizamlanır. 2 yerüstü piyada keçidi, 1 yerdə isə yeraltı piyada keçidi fəaliyyət göstərir. 
    Qarşıdakı yeniliklərdən danışan müsahibimizin sözlərinə görə, gələcəkdə Zəngəzur dəhlizinin açılması ilə muxtar respublikanın ərazisi tranzit bir bölgəyə çevriləcək ki, Çindən ta ki Avropaya uzanan bu yolda yeni piyada keçidlərinin salınması, işıqforların sayının artırılması, yeni yol qovşaqlarının salınması və yaxud yolların hərəkət hissələrinin hərəkət zolaqlarının sayının artırılması zərurətə çevriləcək. Həmçinin qısa zaman kəsiyində muxtar respublikanın bütün yollarında, piyada keçidlərində məlumatverici bütün nişanlar yol kənarında dirəkdə və şaquli vəziyyətdə quraşdırılması işi başa çatacaq. 
    Ayaz İsmayılovdan 2023-cü ilin ilk 6 ayı ərzində muxtar respublika ərazisində baş vermiş yol-nəqliyyat hadisələrinin statistikası haqqında da məlumat aldıq. Öyrəndik ki, aparılan təbliğat işlərinə baxmayaraq, muxtar respublikada 6 ayda 45 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə, 18 nəfər həyatını itirib, 54 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 332 nəfər sürücülük vəsiqəsi olmadan, 592 nəfər etibarnamə olmadan, 131 sürücü sərxoş vəziyyətdə, 95 sürücü piyadaya yol vermədiyi üçün, 69 sürücü sərnişindaşıma qaydalarını pozduğuna görə, 638 sürücü kəmərsiz idarə etdiyinə görə, 741 sürücü işıqforun qırmızı işığında hərəkətini davam etdirdiyinə görə, 231 sürücü 1.1; 1.3; 1.11 nişanlanma xəttini pozub sola və yaxud geriyə döndüyünə görə “İnzibati Xətalar Məcəlləsi”nin müvafiq maddələrinə uyğun cərimələnərək haqlarında inzibati tədbirlər görülüb. 
    Əziz oxucular, sonda bir daha tövsiyəmiz budur ki, Uca Tanrının bizə ən qiymətli bəxşişi olan ömür yolunu yarıda qoymamaq üçün mənzil başına çatmaqda tələsməyək. Yol hərəkəti qaydalarına əməl etmək, özümüzün və başqalarının həyat yoluna rəvan davam etmək üçün önəmlidir.

Fariz ƏHMƏDOV

Nəşr edilib : 04.08.2023 19:49