AZ EN RU

Diplomatiya xalqın milli və siyasi maraqlarına birbaşa təsir göstərən fəaliyyət sahəsidir

9 iyul Azərbaycan Diplomatlarının Peşə Bayramıdır

    Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 avqust tarixli Sərəncamı ilə hər il 9 iyul tarixi Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilir.
    “Xarici siyasət, ilk növbədə, Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Əsas vəzifəmiz dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir”, – deyən ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu xarici siyasət strategiyası dövlətçiliyimizin etibarlı təminatıdır. Azərbaycana hər iki rəhbərliyi dövründə ulu öndər xarici əlaqələrimizin genişlənməsini daim diqqətdə saxlamış və ölkəmizin beynəlxalq münasibətlər sisteminə inteqrasiyasına nail olmuşdur. 1990-1993-cü illərdə isə ümummilli lider Naxçıvan Muxtar Respublikasında müstəqil Azərbaycanın xarici siyasət kursunun əsasını qoymuşdur. Dahi öndərin Naxçıvana rəhbərliyi dövründə 70 ildən sonra üçrəngli bayrağımız ilk dəfə Naxçıvanda qaldırılmış, muxtar respublikanın adından “Sovet Sosialist” sözləri çıxarılmış, Naxçıvan SSRİ-nin saxlanması ilə bağlı keçirilən referendumda iştirak etməmişdir. Digər tərəfdən isə qonşu ölkələrlə münasibətlərə üstünlük verilmiş, Türkiyə və İranla xarici iqtisadi əlaqələr yaradılmışdır. Naxçıvan Muxtar Respublikasında xarici siyasətlə bağlı qəbul edilən qərarlar sonrakı dövrdə ölkəmizin diplomatik münasibətlər sisteminin mühüm tərkib hissəsinə çevrilmiş və uğurlu xarici siyasətin təməlini formalaşdırmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “1990-1993-cü illərdə Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın, Almaniyanın, Fransanın, Rusiyanın, BMT-nin və digər beynəlxalq təşkilatların səfir və xüsusi nümayəndələri dəfələrlə muxtar respublikaya səfərlər etmişlər. Ulu öndər Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi xarici nümayəndələrlə keçirilən görüşlər zamanı Azərbaycan həqiqətlərini, ölkəmizin üzləşdiyi siyasi və iqtisadi böhranı, xüsusilə də torpaqlarımızın işğal faktını dünya ölkələrinin və beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq məsələyə ədalətli mövqe tələb etmişdir. O dövrdə Naxçıvanın dünyanın böyük dövlətlərinin və mötəbər beynəlxalq təşkilatlarının diqqət mərkəzinə çevrilməsi bir tərəfdən mövcud tarixi-siyasi şəraitlə bağlı idisə, digər əsas səbəb dünya şöhrətli siyasi xadim Heydər Əliyev şəxsiyyətinə göstərilən ehtiramın daha bir ifadəsi idi”.
    Müstəqil xarici siyasət, beynəlxalq arenada önəmli mövqe, qüdrətli ordu, güclü iqtisadiyyat və qalib ölkə – bu ifadələr tarixinin ən şanlı dövrlərindən birini yaşayan Azərbaycanın müasir reallıqlarını ən gözəl şəkildə təsvir edir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasi xətt ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan ikitərəfli və çoxtərəfli formatda beynəlxalq hüququn subyektləri ilə fəal əməkdaşlıq edir. Hazırda regionda və dünyada baş verən əsas iqtisadi, siyasi və mədəni proseslərdə ölkəmiz öz mövqeyini bildirir və mənafeyini qoruyur. Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün düşünülmüş daxili və xarici siyasətlə Azərbaycan həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları ilə Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Hazırda Azərbaycan Respublikasının dünyanın 77 ölkəsində diplomatik nümayəndəliyi və 21 konsulluğu aktiv fəaliyyət göstərir. Həmçinin Azərbaycanda 88 ölkənin və beynəlxalq təşkilatın nümayəndəlikləri, 15 xarici dövlətin konsulluqları akkreditə olunmuşdur.
    Ölkə Prezidenti cənab İlham Əliyevin bütün səfərləri, keçirdiyi görüşlər, mötəbər tribunalarda etdiyi çıxışlar ancaq bir amala – Azərbaycanın dövlətçiliyinə, onun milli maraqlarına və Ermənistanın işğalına son qoyulmasına hesablanmışdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi və tarixi ədalət təmin olundu. İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfər ölkəmizin hərbi qüdrəti ilə yanaşı, həm də ümummilli liderimiz Heydər Əliyevin böyük müdrikliklə işləyib hazırladığı və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət strategiyasının qələbəsidir. Bu qələbənin ən mühüm diplomatik nəticələrindən biri isə 30 ildən artıq blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının Azərbaycanın digər bölgələri ilə quru əlaqəsinin yaradılması və regionda kommunikasiyaların açılması olacaqdır. Ölkə Prezidenti demişdir: “Zəngəzur dəhlizi artıq reallıqdır. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda beynəlxalq yükdaşımaları üçün yeni bir yol olacaq, beynəlxalq bir yol olacaq”.
    Azərbaycanın diplomatiya tarixindən bəhs olunarkən ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvanda tarixən formalaşmış diplomatik ənənələr mütləq qeyd olunmalıdır. 5 min­illik şəhər mədəniyyəti tarixinə malik olan Naxçıvan şəhəri X əsrdə Naxçıvan şahlığının, XII əsrdə qüdrətli Atabəylər dövlətinin, XVIII əsrdə Naxçıvan xanlığının, 1918-ci ildə Araz-Türk Respublikasının paytaxtı olması ilə bu şərəfli missiyanın mərkəzində yer almışdır. Vətənimizin xarici əlaqələrində mühüm rol oynamış tarixi diyar Azərbaycana görkəm­li siyasi xadimlər bəxş etmişdir. Mahir diplomat Behbud ağa Şahtaxtinski Moskva və Qars müqavilələrinin xalqımızın milli maraqlarına uyğun şəkildə bağlanmasında qətiyyət ortaya qoyaraq diplomatiya tariximizdə silinməz izlər buraxmışdır.
    Ulu öndər Naxçıvan Muxtar Respublikasının həmsərhəd və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla iqtisadi, ticarət, elmi-texniki və mədəni münasibətlərin genişlənməsinə daim diqqət yetirmişdir. Onun tapşı­rığı ilə 1997-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasında Konsulluq Məntəqəsi fəaliyyətə başlamış, bu qurumun əsasında Konsulluq şöbəsi, 2003-cü ilin fevralında isə Konsulluq idarəsi yaradılmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin 2005-ci il 31 oktyabr tarixli Fərmanına əsasən isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi təsis olunmuşdur.
    Bu gün Naxçıvanda həyata keçirilən uğurlu siyasət nəticəsində qonşu və digər dövlətlər, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaş­lıq üçün əlverişli zəmin yaranmışdır. Muxtar respublika ilə əlaqə qurmaq istəyən dövlətlərin, beynəlxalq təşkilatların, həmçinin muxtar respublikaya səfər edən yüksək səviyyəli nümayəndə heyətlərinin sayı ildən-ilə artır. Həyata keçirilən islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən digər dövlətlərə və onların muxtar qurumlarına nümunə kimi göstərilir. 2009-cu ildə Türkdilli Ölkə­lərin Dövlət Başçılarının IX Zirvə Görüşünün, 2012-ci ildə Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin, eləcə də türkdilli ölkələrin gömrük xidməti rəhbərlərinin, 2014-cü ildə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşlərinin Naxçıvanda keçirilməsi muxtar respublikanın xarici siyasət müstəvisindəki əhəmiyyətinin mühüm göstəricisi olmuşdur.
    Bu il may ayının 7-də Naxçıvan Muxtar Respublikasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans keçirilmişdir. Konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan Muxtar Respublikasında müstəqil Azərbaycanın xarici siyasət kursunun əsasını qoymuş ulu öndər Heydər Əliyevin Azərbaycanın xarici əlaqələrinin inkişafı və beynəlxalq münasibətlər sisteminə inteqrasiyası, xarici dövlətlərlə bərabərhüquqlu və ölkəmizin mənafeyinə xidmət edən ikitərəfli əlaqələrin yaradılması sahəsində fəaliyyətinə bir daha nəzər salmışdır. 
    Bu gün Azərbaycanın xarici əlaqələrində Naxçıvan Muxtar Respublikasının fəal iştirakı diqqətdə saxlanılır. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin yaradılması Azərbaycanın xarici əlaqələrində muxtar respublikanın iştirakının daha da genişlənməsinə töhfə verməklə yanaşı, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müvafiq vəzifə və funksiyalarının Naxçıvan Muxtar Respublikasında fasiləsiz və ardıcıl həyata keçirilməsini təmin edir. İdarənin işinin səmərəli təşkili, kadrların seçilməsi və onların peşəkarlıq qabiliyyətlərinin inkişafına xüsusi diqqət yetirilir. Hazır­da idarənin 23 əməkdaşı Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə ezam olunmuşdur.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Diplomatiya sıravi peşələrdən deyil. O, xalqın milli və siyasi maraqlarına birbaşa təsir göstərən fəaliyyət sahəsidir. Yaxşı işlənmiş və əsaslandırılmış diplomatiyası olmayan dövlətlər siyasi səhnədən silinməyə məhkumdurlar...” Bu fikirləri əldə rəhbər tutan idarənin kollektivi bundan sonra da peşəkar kadr kimi yetişəcək, ölkəmizin milli və siyasi maraqlarının qorunmasında yorulmadan fəaliyyət göstərəcəkdir.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar 
Respublikasındakı İdarəsinin mətbuat xidməti

Nəşr edilib : 08.07.2022 23:50