AZ EN RU

“Diplomatiya Aləmi” jurnalının Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş buraxılışı işıq üzü görüb

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən nəşr olunan “Diplomatiya Aləmi” jurnalının 59-cu xüsusi buraxılışı işıq üzü görüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, 2002-ci ildən etibarən nəşr edilən jurnalın budəfəki xüsusi buraxılışı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

Prezident İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamı ilə başlayan xüsusi buraxılışda, həmçinin ölkəmizin bir sıra dövlət rəsmilərinin, o cümlədən xarici işlər naziri Ceyhun Bayramov, ədliyyə naziri Fikrət Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Dövlət Neft Şirkətinin (SOCAR) sabiq birinci vitse-prezidenti, mərhum Xoşbəxt Yusifzadə, Milli Məclisin üzvü Musa Qasımlı, habelə Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun baş direktoru Nazim Müzəffərlinin (İmanov) məqalələri dərc olunub.

Xüsusi buraxılışda, eyni zamanda, xarici ölkələrin bir sıra dövlət xadimlərinin, o cümlədən Moldovanın keçmiş prezidenti Petru Luçinski, Gürcüstanın xarici işlər nazirinin birinci müavini Laşa Darsalia, keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının son xarici işlər naziri Budimir Lonçar, Ankara Universitetinin rektoru Necdet Ünüvar, Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenov, ölkəmizin ABŞ-ın Nyu-Meksiko ştatındakı keçmiş fəxri konsulu Art Makhaffi və digərlərinin Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrinin əks olunduğu müsahibə, məqalə və çıxışlar öz əksini tapıb.

Jurnalın sonunda, cari il iyulun 5-6-da Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı qəbul olunmuş xatirə bəyannaməsi dərc edilib.

Nəşr edilib : 24.11.2023 17:24