AZ EN RU

DİN: Sosial şəbəkələrdə əsassız yalan informasiya yayan 10-a yaxın mənbə müəyyən edilib

Sosial şəbəkə seqmentlərində Vətən müharibəsinə aid görüntülər paylaşılır, itkilərlə bağlı dezinformasiyalar yayılır. Cəmiyyətə açıq şəkildə çağırış edirik ki, həmin ərazilərdə keçirilən tədbirlər tapşırığa, plana uyğun olaraq yüksək dəqiqliklə və həssas formada aparılır. Qarşı tərəfin sosial şəbəkə seqmentlərində yaydığı informasiyalar tamamilə yalandır.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Elşad Hacıyev deyib.

“Bundan əlavə, son günlərdə DİN orqanları sosial şəbəkələrdə lüzumsuz, əsassız yalan informasiya yayan 10-a yaxın mənbəni müəyyən edib, həmin şəxslər dəvət olunaraq onlarla profilaktik söhbətlər aparılıb. Cəmiyyətimizin hər bir üzvünə tövsiyə, hətta xəbərdarlıq edirik ki, sosial şəbəkələrdə olan informasiyalara diqqətli yanaşsınlar. Bunlar qarşı tərəfin öz cəmiyyətlərində nikbinik yaratmaq əhval-ruhiyyəsi ilə hazırlanmış manipulyator xəbərlər, Azərbaycan dövləti və ölkəmizdəki ictimai-siyasi sabitliyə xələl gətirmək məqsədilə irəli atılan iddialardır. Xüsusən əməliyyatlarla bağlı faktsız, şəxsi mülahizələrdir, heç birinin kökündə həqiqət yoxdur. Birmənalı şəkildə bilinməlidir ki, Azərbaycan tərəfindən antiterror tədbirləri çərçivəsində Qarabağ iqtisadi rayonunun qanunsuz silahlı birləşmələrdən təmizlənməsi işi aparılır. Əraziyə cəlb olunan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görülür. Ölkə ərazisində ictimai-siyasi sabitlik, ictimai qayda və təhlükəsizlik ciddi şəkildə mühafizə olunmaqdadır”, - deyə E.Hacıyev bildirib.

Nəşr edilib : 20.09.2023 11:24