AZ EN RU

DİM xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 3-də xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçirəcək.

Bu barədə DİM-dən məlumat verilib.

Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə DİN-in təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur.

İmtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir. Ərizəçilər ixtisasları üzrə proqramla müvafiq linklər (“Müəllimlik”, “Mühəndislik”, “Hüquq”) vasitəsilə tanış ola bilərlər.

Təqdim edilən proqram üzrə ərizəçilərin ixtisas biliklərinin yoxlanılması ilə yanaşı, onların ümumpeşə biliklərinin müəyyən edilməsi və situasiya-mühakimə test tapşırıqları vasitəsilə davranış səriştələrinin qiymətləndirilməsi də nəzərdə tutulur.

İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunur. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün ən azı 15 bal toplaması tələb olunur.

İmtahan DİM-in Nəsimi rayonu, Ə. Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (8 Noyabr metrostansiyasının yanı) kompüter vasitəsilə keçiriləcək. İştirakçılar imtahanın başlanma vaxtına azı bir saat qalmış şəxsiyyəti təsdiq edən sənədin əsli ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.

Nəşr edilib : 01.12.2023 10:39