AZ EN RU

DİM imtahan rəhbərləri və zal nəzarətçilərini mükafatlandırıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanlarda fəaliyyəti yüksək qiymətləndirilən imtahan rəhbərləri və zal nəzarətçilərinin mükafatlandırılmasına həsr olunan tədbir keçirilib.

Görüşdə çıxış edən DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ictimai iştirakçılıq prinsiplərinə uyğun olaraq Mərkəzin fəaliyyətində müxtəlif təşkilatların, elm, təhsil müəssisələrinin nümayəndələrinin iştirakının vacib olduğunu bildirib. M.Abbaszadə imtahanların şəffaf keçirilməsində zal nəzarətçiləri və imtahan rəhbərlərinin rolundan, gördükləri işin məsuliyyətindən, imtahanlarda daha bacarıqlı və layiqli gənclərin seçilməsində onların xidmətlərindən bəhs edib və bu işin təşkilində öz köməyini əsirgəməyən müəllimlərə DİM-in kollektivi adından təşəkkür edib.

Sədr qeyd edib ki, DİM tərəfindən ötən il 40 müxtəlif növ imtahan keçirilib və bu imtahanlarda 600 mindən artıq şəxs iştirak edib. Elektron xidmətlərimizdən istifadə sayı 11 milyondan çox olub. 62 mindən artıq şəxs (eyni adamın bir neçə dəfə iştirakı nəzərə alınmaqla) imtahan nəzarətçisi, imtahan rəhbəri və buraxılış rejimi əməkdaşı qismində imtahanlara cəlb olunub.

Sədr, həmçinin bildirib ki, DİM tərəfindən keçirilən imtahanların model, texnologiya və məzmun baxımından müxtəlifliyi zal nəzarətçilərinin fəaliyyətinin təkmilləşdirilməsini, peşəkarlıq səviyyəsinin yüksəldilməsini tələb edir. DİM tərəfindən ictimaiyyətin daha geniş hissəsinin imtahan prosesinə nəzarətçi qismində cəlb edilməsi məqsədilə 2018-ci ildən zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması layihəsi həyata keçirilir. Bu layihəyə maraq yüksəkdir və bu il sertifikasiyadan keçib imtahanlara cəlb olunmaq üçün 3200-ə yaxın namizəd müraciət edib.

Nəşr edilib : 25.01.2024 11:41