AZ EN RU

Dilimiz ən dəyərli mənəvi sərvətimizdir

1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür 

    Hər bir xalqda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Türk dilləri ailəsinin oğuz qrupuna daxil olan Azərbaycan dilinin tarixi uzaq keçmişlərə söykənir. Ayrı-ayrı türk boy birləşmələrinin ümumi ünsiyyət vasitəsi olan bu dil IV-V əsrlərdən etibarən ümumxalq danışıq dili kimi işlənməyə başlamışdır. 
    Azərbaycan dili dialekt və şivələrinin bütün Avrasiya məkanında yayılan türk xalqlarının dil xüsusiyyətləri ilə çox yaxın olmasının da başlıca səbəbi qədim dövrlərdən bu torpaqlarda etnik baxımdan eyniköklü türk etnoslarının yaşamasıdır. Şifahi xalq ədəbiyyatı nümunələri Azərbaycan şifahi ədəbi dilinin erkən formalaşması və təkamülü üçün zərurət yaratmışdır. Azərbaycan yazılı ədəbi dili məhz ümumxalq dili əsasında təşəkkül tapmışdır. Bu baxımdan “Kitabi-Dədə Qorqud” dastanı olduqca böyük əhəmiyyət kəsb etmişdir. Ölkəmizin ərazisində qədim əlifbaların mövcudluğu, həmçinin mükəmməl yazı dilimizin olması qaynağını uzaq keçmişdən alan Azərbaycan dilinin qədim tarixi köklərə malik olduğunu bir daha sübuta yetirir. 
    XVI əsrdə Səfəvilər dövlətinin yaranması ilə Azərbaycan dilinin mövqeyi möhkəmlənərək dövlət dili səviyyəsinə qalxmış, rəsmi və dövlətlərarası yazışmalarda işlədilmişdir. Səfəvilər dövründə Azərbaycan dili sarayda və orduda tam hakim mövqe tutaraq dövlət dili kimi rəsmiləşmişdi. XVII-XVIII əsrlərdə şifahi xalq ədəbiyyatının bədii dilə təsiri ilə inkişaf edən xalq şeir yaradıcılığında gedən proseslər ədəbi dilə təsir göstərmiş, sadəliyə, canlı danışıq elementlərinə meyli güclənmiş, Azərbaycan dilinin yeni inkişaf mərhələsi başlanmışdır. Bu dövrdə Azərbaycan ədəbi dili üslub baxımından da zənginləşmişdir. Elmi üslubun təşəkkülü üçün şərait yaranmış, ayrı-ayrı elm sahələrinə dair bir çox əsərlər meydana gəlmişdir. XIX əsrdə Azərbaycanın ikiyə parçalanması və nəticədə, iki ayrı dövlətin tabeçiliyində bir-birindən fərqli mədəni mühitdə yaşamağa məhkum olması nəticəsində ədəbi dilimizin inkişafı xalqımızın həyatında köklü dəyişikliyə səbəb oldu. Rusiyanın Şimali Azərbaycanda müstəmləkəçilik siyasəti ilə yanaşı, xalqın mədəni səviyyəsinin yüksəlməsində xüsusi rol oynamış, başqa elm sahələri kimi, dilçiliyin də inkişafına zəmin yaratmışdır. Azərbaycan dilinin saflığı məsələsi XIX əsrdən ziyalıları və dilçi alimləri daha çox düşündürməyə başlamış, XIX əsrin ortalarından etibarən Azərbaycan dilinə aid bir sıra dərsliklər və dərs vəsaitləri meydana gəlmişdir. 
    XX əsrin əvvəllərində ana dilimizin saflığı uğrunda gedən mübarizənin başında böyük yazıçı və ictimai xadim, dilimizin saflığı və hətta varlığı uğrunda mübariz mövqedə çıxış edərək onlarla felyeton yazan Cəlil Məmmədquluzadənin rəhbərliyi ilə nəşr olunan “Molla Nəsrəddin” jurnalının ətrafında birləşən ziyalılar – mollanəsrəddinçilər dayanırdılar. Cəlil Məmmədquluzadənin, dahi bəstəkarımız Üzeyir Hacıbəyovun və digər mollanəsrəddinçilərin bu sahədə yazdığı felyetonlar onun dilimizin saflığı problemilə əlaqədar apardığı mübarizəyə nümunədir.
    XX yüzillik Azərbaycan ədəbi dilinin çiçəklənməsi dövrüdür. Ədəbi dil məsələsi hələ əsrin əvvəlindən ictimai-siyasi mübarizənin tərkib hissəsi olmuşdur. Həmin dövrdə ana dilinə dair kitablar hazırlanmış, dərsliklər nəşr olunmuşdur. Azərbaycan dilinin səs quruluşuna və qrammatik sisteminə dair ədəbiyyatlar meydana gəlmişdi. Ana dili uğrunda mübarizənin önündə gedən mətbuatla yanaşı, ədəbi dil normasının müəyyənləşməsində bütün görkəmli ziyalılar iştirak etmişdilər. 
    Qeyd etdiyimiz kimi, Səfəvilərin hakimiyyəti dövründə Azərbaycan dili dövlət dili səviyyəsinə qaldırılsa da, milli dövlətçiliyin itirilməsi nəticəsində 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədər bu proses uzun bir zaman kəsiyində qırılmışdır. Cümhuriyyət yarandıqdan sonra Azərbaycan dilinin geniş tətbiq olunması yolunda böyük imkanlar açılsa da, Azərbaycan Xalq Cümhuriyyətinin çox qısa, 23 ay ömür sürməsi ana dilimizin cəmiyyətdə dövlət dili kimi mövqelərinin tam bərqərar edilməsinə imkan verməmişdir.
    1920-ci ildə hakimiyyət bolşeviklərin əlinə keçdikdən sonra artıq nitqimizə rus sözləri və ifadələri daha geniş sirayət etməyə başladı. Bolşeviklər dilimizi ərəb, fars, türk dillərinin təsirindən çıxardaraq rus dilinin təsiri altına salmağa müvəffəq oldular. 
    1923-cü ildən latın qrafikalı əlifbaya keçmə prosesi ilə və 1926-cı ildə toplanan I Ümumittifaq türkoloji qurultayından sonra 1 yanvar 1929-cu ildən kütləvi şəkildə latın qrafikasına keçid, qısa müddət ərzində Azərbaycanda bu əlifbanın işlənməsi geniş kütlə arasında savadsızlığın aradan qaldırılmasına əlverişli zəmin yaratsa da, 1 yanvar 1940-cı ildən kiril yazısı əsasında tərtib olunmuş yeni qrafikalı əlifba ilə əvəz olundu. 
    Xalqımızın keçdiyi bütün tarixi mərhələlərdə ana dilimizə qarşı bir sıra haqsızlıqlar, təzyiq və təhriflər olmuşdur. Bütün bunların aradan qaldırılması üçün bu gün ölkəmizdə kifayət qədər şərait və imkanlar mövcuddur. Lakin bu şərait özü-özünə, asanlıqla yaranmamışdır. Qeyd etmək lazımdır ki, hər bir dili yaşadan və inkişaf etdirən onun mənsub olduğu xalq olduğu kimi, dilin hərtərəfli zənginləşməsi, inkişafı, beynəlxalq səviyyədə nüfuz qazanması isə xalqın böyük övladlarının adı ilə bağlıdır. Tarixboyu Azərbaycanın yetirdiyi belə şəxsiyyət xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Dahi liderimizin xalqımıza irs qoyduğu bu münbit şəraiti və imkanları asanlıqla deyil, şəxsi və siyasi həyatını təhlükəyə atmaq bahasına da olsa, böyük şücaətlə və mübarizlik əzmi ilə yaratmışdır. 
    Dilimizin hamisi olan Ümummilli Liderimizin dil siyasəti dövlət siyasətinin tərkib hissəsi kimi daim Onun diqqətində olmuş, bu məsələ ilə bağlı dəfələrlə tarixi əhəmiyyətli qərarlara imza atmışdır. Dilimizin yaranma tarixinə, onun keçdiyi inkişaf yoluna və gəlib çatdığı bugünkü imkanları yoluna kiçik bir ekskursiya etsək, dil sahəsində dahi Heydər Əliyevin xidmətlərinin nə qədər misilsiz olduğunu açıq-aydın görmüş olarıq.
    Dilimizlə bağlı ən mühüm tarixi hadisə 1969-cu ildə hakimiyyətə gələn Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Təşkilati işlər apararaq, elmi və ziyalı təbəqəni bu işə cəlb edərək öz siyasi taleyini risk altına salmaq bahasına olsa belə, dahi Heydər Əliyev ciddi səylərinin nəticəsində 1978-ci ildə Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırmağa, Konstitusiyanın 73-cü maddəsində təsdiqini tapmasına, Azərbaycan dilinin ilk dəfə olaraq respublika Konstitusiyasında dövlət dili kimi təsbit olunmasına nail oldu. Bu addımla Ulu Öndərimiz milli dirçəlişin əsasını qoydu.
    Ölkəmiz müstəqillik əldə etdikdən sonra da dahi liderimiz dilimizlə, onun saflığı, qorunması ilə bağlı mühüm əhəmiyyətli tədbirlər görmüşdür. Milli-mədəni irsimizin əsasında duran ana dilimizlə bağlı bu siyasət məhz dahi şəxsiyyət Heydər Əliyev tərəfindən həyata keçirilirdi. Ulu Öndər Bakı şəhərinin təhsil işçiləri ilə görüşündəki çıxışında deyirdi: “Bizim məktəblərimiz millidir. Bilirsiniz ki, mən son vaxtlar Azərbaycanın dövlət dili, ana dili, Azərbaycan dili haqqında bir çox fərmanlar vermişəm. Azərbaycanın latın əlifbasına, latın qrafikasına keçməsi haqqında fərman vermişəm. Bu, artıq avqust ayının 1-dən tətbiq olunubdur. Çox məmnunam ki, mən buna nail oldum. Çünki bəziləri etiraz edirdilər ki, qısa müddətdə buna nail olmaq olmaz. Amma oldu. Bütün dövlət orqanlarında, hakimiyyət orqanlarında, təkcə dövlət, hakimiyyət orqanlarında yox, təhsildə, səhiyyədə, biznes sahəsində, hər yerdə Azərbaycanın dövlət dili, ana dili, Azərbaycan dili hakim olmalıdır”.
    1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili elan olunmuşdur. Konstitusiyanın 21-ci maddəsində deyilir: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”. 
    Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi bərpası istiqamətində atılmış vacib addımlardan biri də 2001-ci il 18 iyun tarixdə “Dövlət dilinin işinin tətbiqi təkmilləşdirilməsi haqqında” Fərmanın imzalanması olmuşdur. Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilmiş, onun geniş tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilmişdir. Eyni zamanda problem və nöqsanlar müəyyənləşdirilərək onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilmiş və qəti olaraq 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınmışdır. 2001-ci il 9 avqust tarixli “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” Fərmanı ilə bu tarix xalqımızın əlamətdar bayramları sırasına daxil olmuşdur. Ulu Öndərin ana dilinin taleyi barədə təməl düşüncələrini şərtləndirən dil quruculuğundakı ideya istiqamətinin bütün dövrlərdə siyasi baxışlara uyğun səviyyədə aparılması istiqamətində atılmış mühüm addımlardan biri kimi 2003-cü il 2 yanvar tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Dövlət Dili Haqqında” Qanununu qeyd etmək lazımdır. 
    Uzun bir tarixi dövrdə ayrı-ayrı şəxsiyyətlərin ana dilimizlə bağlı həyata keçirdiyi tədbirləri Ümummilli Liderimizin fəaliyyəti dövründəki tədbirlərlə bir tərəzinin gözünə qoymaq qeyri-mümkündür. Çünki dahi liderimiz bu sahədə elə bir zəncir yaratmışdır ki, o zəncirin halqaları zaman keçdikcə daha da güclənmişdir. Belə ki, vaxtilə gərgin əmək sayəsində ərsəyə gətirilmiş, dövlətçilik siyasətimizin mühüm bir parçası olan dil siyasəti bu gün Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun ana dilinin dövlət dili kimi maneəsiz işləkliyi üçün göstərdiyi siyasi və milli iradə Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında yüksək mövqe qazanmasına xidmət edir. Prezidentimizin 2004-cü il 12 yanvar tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 2004-cü il 14 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ana dilimizə yüksək qayğının qırılmaz halqalarıdır. 2012-ci il 23 may tarixdə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan dilinin tətbiqi və inkişafı üçün yeni bir addım olmuşdur. Bu sənəddə Azərbaycan dilinin tarixi əsasları barədə mükəmməl təsəvvür yaradılmış və inkişaf problemləri haqqında sistemli şəkildə bəhs edilmiş, Azərbaycan dilinin mənşəyi ilə bağlı davam edən yanlış konsepsiyaya son qoyulması, tarixi faktlara əsaslanaraq Azərbaycan dilinin dövlət dili kimi yaşaması, inkişaf etdirilməsi üçün həm inzibati, hüquqi-siyasi, həm də elmi-nəzəri istiqamətlər müəyyənləşdirilməsinin zəruriliyi qeyd edilmişdir. 
    Dövlət başçımızın həyata keçirdiyi bütün bu tədbirlər Azərbaycan dilinin bütün ölkə miqyasında – mədəniyyət, elm, iqtisadiyyat, hərb, səhiyyə, siyasət, tədris və təlim sahəsində tətbiq olunmasına xidmət edir. 
    Günümüzdə Naxçıvan Muxtar Respublikasında da dövlətimizin dil siyasəti uğurla həyata keçirilməkdədir. Ana dilimizdən düzgün istifadə edilməsi, onun qorunması və təbliği daim muxtar respublika ziyalılarının diqqət mərkəzindədir. Naxçıvan şəhərində “Ana dili” abidəsi ucaldılmışdır. Son illər muxtar respublikada dərc olunmuş “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Abidələri Ensiklopediyası”, 3 cilddə “Naxçıvan folkloru antologiyası”, 3 cildlik “Naxçıvan tarixi” kitabı, xeyli sayda digər nəşrlər tariximiz və mədəniyyətimizlə yanaşı, dilimizin də inkişafına mühüm töhfədir. Naxçıvan Dövlət Universitetində Azərbaycan dili fənni ilə bağlı dərslərin tədrisinə və ixtisaslı kadr hazırlığına xüsusi diqqət yetirilir. Tarix-filologiya fakültəsində Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə bakalavr səviyyəsinin bütün kurslarında fənnin müxtəlif dərəcədə tədrisinin həyata keçirilməsindən başqa xarici dillər fakültəsində, qeyri-ixtisaslarla əlaqəli fakültələrdə Azərbaycan dili, nitq mədəniyyəti dərsləri də yüksək səviyyədə təşkil olunur.  Muxtar respublikada iaşə obyektlərinə, mağazalara milli adların verilməsi, reklam lövhələrinin dilimizin qayda-qanunlarına uyğun yazılması,  televiziya və radiolarda verilişlərin yayımı, filmlərin nümayişi zamanı ana dilimizin bütün xüsusiyyətlərinə riayət olunması da dilimizin qorunması sahəsində həyata keçirilən mühüm tədbirlərdir.
    Göründüyü kimi, milli varlığımıza xidmət edən, onu dünyəviləşdirən, min bir əziyyət bahasına bugünkü mövqeyə çatdırılan ən dəyərli varlığımız olan ana dilimizi, dövlət dilimizi qorumaq hər birimizin mühüm siyasi-ideoloji vəzifəmiz, əsas milli marağımız olmalı, Azərbaycan dilinin tarixi hüquqlarını qorumaq, onun mənəvi-siyasi nüfuzunu həm ölkə daxilində, həm də ölkə xaricində yüksəltmək, gələcək nəsillərə ötürmək üçün əməli fəaliyyət göstərməli, dahi liderimizin ağır zəhmətlər hesabına həyata keçirdiyi və bizlərə miras qoyduğu dil siyasətini hamılıqla və ləyaqətlə davam etdirməliyik. Çünki Ümummilli Lider Heydər Əliyevin də dediyi kimi: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımızın ulu babalardan miras qalan bu, ən qiymətli milli sərvətini hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.

Leyla SƏFƏROVA
 “Naxçıvan” Universitetinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru 

Nəşr edilib : 31.07.2023 23:50