AZ EN RU

Dilçilik elmimizə yeni töhfə

    Muxtar respublikamızda Şirməmməd müəllim sanballı ziyalı, xeyirxah insan, hörmətli pedaqoq kimi tanınır. O, məhsuldar fəaliyyəti ilə seçilir. Belə ki, indiyə qədər Şirməmməd müəllimin 17 kitabı, çox sayda elmi-nəzəri, metodik məqalələri çap olunub. Bu yaxınlarda onun iki kitabının təqdimat mərasimi keçirilib və həmin nəşrlər oxucuların marağına səbəb olub. 
    Şirməmməd Qulubəylinin 256 səhifədən ibarət “Müasir Azərbaycan dilində ismi funksional-semantik sahələr” adlı kitabı elmi-nəzəri səviyyəsi, məntiqli fikirləri, mövzuya yanaşma tərzi ilə diqqəti çəkir. Burada, xüsusilə də ismin tərifinə yeni prizmadan baxış, daha dolğun elmi yanaşma özünü göstərir. Azərbaycan dilinin qrammatikasına aid yazılmış kitabların, demək olar ki, hamısında isim əşya adı bildirən əsas nitq hissəsi kimi dəyərləndirilir. Lakin uzun illərdir ki, bu təriflə razılaşmayan alimlər vardır. Belə ki, ərəb dilində mənasına gəldikdə “əşya” cansız varlıq kimi dərk olunur və belə olduqda ismin əhatə etdiyi mənəvi anlayışlar və insan məfhumu kənarda qalır. Şirməmməd müəllimin kitabında haqlı olaraq isim maddi varlıqların və mücərrəd anlayışların adını bildirən əsas nitq hissəsi kimi təqdim olunur və bu yanaşmanın bundan sonra yazılacaq qrammatika kitablarına böyük təsiri olacaqdır. Əslində, dünya qrammatikasında sözügedən tərifə yaxın fikirlər olub. Lakin Azərbaycan dilinin qrammatikasında köhnə tərifin tərəfdarları daha çoxdur. Bu anlamda, Şirməmməd müəllimin kitabı mühüm dəyərə malikdir. Bundan başqa, kitabda ismin müxtəlif kateqoriyalarına, xüsusilə də hal kateqoriyasına aid fərqli fikirlərlə qarşılaşırıq. Məsələn, yönlük halın çox sayda üslub məqamlarının araşdırılması belə dəyərli işlərdən biridir. Müəllifin elmi-nəzəri fikirlərinin faktik ədəbi dil örnəkləri ilə təsdiq edilməsi irəli sürdüyü mülahizələrin əsaslı olduğunu göstərir. 
    Şirməmməd Qulubəylinin 288 səhifədən ibarət “İngiliscə-Azərbaycanca danışıq kitabçası” da maraqlı nəşrlərdən biridir. Kitabda iki dildə ad, soyad, yaş, tanışlıq, dil, iş, inam və sair kimi mövzularda danışıq məsələlərindən bəhs edilir. Kitabda diqqət çəkən məqamlardan biri də danışıq mövzularına aid cümlə və mətnlərdə çox sayda hikmətli fikirlər verilib. Məsələn, “Yaş” başlığı altında qeyd edilmiş fikirlərdən biri belədir: “Əgər sən pendir və ya şərab deyilsənsə, yaşın məsələyə dəxli yoxdur”. Bu fikirlə insanlara yaşın çoxluğunu müsbət dəyərləndirməyənlərə bildirmək istəyir ki, adıçəkilən ərzaqlar köhnələ bilər, yaşlı insanlara bu mövqedən yanaşmaq düzgün deyil, insan yaşlaşdıqca müdrikləşir. Kitabdakı “Heç vaxt hər hansı bir şəxsi yaşına görə mühakimə etməyin” sözləri də həmin fikrin davamı kimi səslənir. “Əgər düşməni bağışlamağa məcburuqsa, ona inanmağa məcbur deyilik” cümləsi bütün zamanlar üçün dəyərli və zəruri bir fikrin daşıyıcısıdır. “Hər hansı bir şəxs gərək özündən daha yaxşısını özünə dost seçsin. İnsanın çoxlu tanışları olur, lakin həqiqi dostları isə az olur” kimi çox sayda qiymətli tövsiyə xarakterli fikirlər kitabın bəzəyidir. 
    Şirməmməd Qulubəylinin hər iki kitabı dəyərli və oxunaqlıdır. Müəllifi bu iki dəyərli nəşrə görə təbrik edir, fəaliyyətində böyük uğurlar arzulayırıq.

Sədaqət HƏSƏNOVA
Naxçıvan Dövlət Universtitetinin professoru

Nəşr edilib : 14.04.2022 19:38