AZ EN RU

Diaspor gənclərinin üzərinə böyük missiya düşür; xarici ölkələrdə vətənlərini düzgün, hərtərəfli təbliğ etmək, nümunəvi Azərbaycançılıq ideologiyası formalaşdırmaq

    “Heydər Əliyev – 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsinin beşinci günündə iştirakçılar əvvəlcə Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirləri ilə görüşüblər. Görüşdə layihənin əhəmiyyəti, gənclərin iştirakının zəruriliyi və digər əhəmiyyətli mövzular müzakirə olunub. Diqqətə çatdırılıb ki, Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən gənclərin IV Yay Düşərgəsində  əsas məqsəd Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılması, Azərbaycanın tarixi-mədəni irsi və adət-ənənələrinin intensiv təbliği, azərbaycanlı gənclərin və tələbələrin sıx əməkdaşlıq şəraitində, koordinasiyalı fəaliyyətinin təmin edilməsi, o cümlədən yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyanın gücləndirilməsidir. Təşkilatın müvafiq əsasnaməsi, nizamnaməsi və fəaliyyət planı işlənib hazırlanmışdır ki, bu da Azərbaycan diasporunun inkişafına gənclərin töhfə verməsinə zəmin yaradacaqdır. Daha sonra Azərbaycan diaspor gənclərinin problemləri və həlli yolu adlı müzakirə keçirilib. 
    “Heydər Əliyev – 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsinin iştirakçıları həmin gün həm də Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti ilə bağlı məlumatlandırma aksiyası keçiriblər. Aksiya çərçivəsində Ermənistanın mina xəritələrini və Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlılar haqqında informasiyaları Azərbaycana təqdim etməməsinə, 30 il ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi ekoloji terrora etiraz bildirilib. Düşərgə iştirakçıları bununla bağlı BMT-yə, Avropa Şurasına, Avropa İttifaqına, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına yüzlərlə məktub göndəriblər.
    Günün ikinci yarısında qonaqlar Batabat yaylağına və Ağbulaq İstirahət Mərkəzinə səfər ediblər. Günün sonunda iştirakçılara Azərbaycan dili dərsi keçilib, “Dədə Qorqud” filmi nümayiş olunub.
    Fürsətdən istifadə edib düşərgənin bir neçə rəhbər heyəti, təlimçiləri ilə həmsöhbət olduq: 

    Vəsilə Vahidqızı – Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri: – Bilirsiniz ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə artıq beş ildir ki, gənclərin yay düşərgəsi təşkil olunur. Növbəti, yəni dördüncü düşərgə Ümummilli Lider Heydər Əliyevin yüzillik yubileyi dövründə, elə Ulu Öndərin doğulduğu Naxçıvanda reallaşdırıldı. Bu, həqiqətən də, çox əlamətdar bir tarixdir. Naxçıvan Azərbaycanın ən qədim mədəniyyət ocaqlarından biridir. Bu yurd yeri milli ədəbiyyatımıza, incəsənətimizə, tariximizə görkəmli şəxslər bəxş edib. Gənc­lərimizlə söhbətimizdə də gördük ki, onlar Naxçıvanda olmaqlarından çox sevinclidirlər. Ona görə ki, gənclərimiz Ümummilli Liderin doğulduğu bu torpaqda tariximizlə bağlı daha çox məlumat əldə edirlər. Diqqətinizə çatdırım ki, bu düşərgədə 50-dən çox ölkənin 100-dən çox gənci fəal iştirak edir. Və onların böyük əksəriyyəti də Azərbaycanda yox, xaricdə doğulanlardır. Bu gün etnik olaraq azərbaycanlı olan bu gənclərin vətənlərində olması, ələlxüsus da ki, qədim Naxçıvan torpağında olmaları düşünürəm ki, böyük nailiyyətdir. 
    Vəsilə xanım qeyd edir ki, düşərgədə iştirak edən gənclərimiz üçün mütəmadi görüşlər keçirilir. Bu görüşlərin hər biri onlarda milli vətənpərvərlik hissinin formalaşmasına, Azərbaycanla bağlı dünyagörüşlərinin dərinləşməsinə şərait yaradır. Xüsusən də ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında böyük nüfuza malik olan ziyalılarla, siyasi və dövlət xadimləri, tanınmış jurnalistlərlə görüş gənclərimizdə böyük maraq yaradır. Bununla yanaşı, düşərgədə müxtəlif mövzularda təlimlər keçirilir, debatlar aparılır. Təlimlərin hər birində gənclərimiz böyük fəallıq göstərir. Bununla artıq gənc­lərimizin üzərinə böyük missiya düşür; xarici ölkələrdə vətənlərini doğru, düzgün, hərtərəfli təbliğ etmək, nümunəvi Azərbaycançılıq ideologiyası formalaşdırmaq. 
    Bilirsiniz ki, ötən il Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər qurultayı keçirildi. Qurultayda ölkə başçısı cənab İlham Əliyevin mühüm çıxışı oldu və həmin nitqdə dövlət rəhbəri diaspora vacib mesajlar verdi. Qarşıya qoyulmuş ən əsas mövzu, ölkə başçımızın da çıxışında vurğuladığı əsas məsələ o idi ki, diaspor gəncləri, ilk növbədə, öz doğma ana dillərini bilməlidir. Bu məsələni bir zamanlar Ümummilli Liderimiz də mühüm amil kimi qeyd etmişdi. Hətta həmin qurultayda cənab İlham Əliyev xarici ölkələrin bir çoxunda fəaliyyət göstərən anadilli məktəblərin işini də yüksək qiymətləndirmiş, bu barədə yüksək fikirlər söyləmişdi. Eyni zamanda cənab İlham Əliyevin gənclərimizi vətənləri Azərbaycanla daim əlaqədə olmağa səsləməsi, bir daha göstərdi ki, dövlətimiz bu mövzuya necə həssaslıqla yanaşır. Yeri gəlmişkən, bir məsələni də xüsusi olaraq qeyd edim ki, bu layihənin həyata keçirilməsi güclü bağların da yaranmasına səbəb olur. Bu bağlar, hər şeydən əvvəl, ona şərait yaradır ki, gənclərimiz öz ana vətənlərini yaşadıqları xarici ölkədə təmsil etsinlər. İkinci olaraq layihənin fəal iştirakçıları belə tədbirlər zamanı həm də bir-birləri ilə əlaqələr qururlar. Bu da onların xarici ölkələrdə əməkdaşlıq etmələrinə, şəbəkələşmələrinə geniş şərait yaradır. Hətta komitənin bu istiqamətdə bir layihəsi də var – Azərbaycan Diaspor Gəncləri (ADG). Şəbəkənin işi bundan ibarətdir ki, əməkdaşlıq edən gənclərimiz bu ideya ətrafında birləşərək həmrəylik nümayiş etdirir, Azərbaycan həqiqətlərini yaymağa çalışırlar. Heç şübhəsiz ki, gənclərimizin bu düşərgədə, Naxçıvanda, Ümummilli Liderin yaşadığı, siyasi fəaliyyət göstərdiyi bir diyarda əldə etdikləri məlumatlar onlar üçün daha faydalı və yaddaqalan olacaq. Onların böyük bir qismi bu vaxta qədər yalnız sosial şəbəkə üzərindən Azərbaycanla, Naxçıvanla bağlı məlumat əldə etmişdi. Ancaq bu tədbir imkan yaratdı ki, gənclərimiz əyani şəkildə Zəngəzur, Dərələyəz mahalının yaxınlığında yerləşən, haqqında daim kitablardan, qəzetlərdən məlumat əldə etdikləri qədim Naxçıvan torpağına səyahət etdilər. 
    Vəsilə xanım layihə başladığı dövrdən gənclərin hər il daha çox maraq göstərdiyini diqqətə çatdırır. Qeyd edir ki, diasporun Şuşa şəhərindəki üçüncü düşərgəsində gənclərimizin işğaldan azad olunmuş ərazilərimizə səfəri baş tutdu. Onlar həmin tarixi torpaqlarımızdakı vandalizmi, dağıntıları açıq-aydın öz gözləri ilə görüb, canlı müşahidə etdilər. Gənclərimizin bu cür fəaliyyəti həqiqətləri dərk etmək, prosesləri analiz etmək baxımından çox böyük əhəmiyyətə malikdir. Hətta xaricdə təhsil alan, işləyən gənclərimiz də söyləyirlər ki, Vətəndən uzaqda Azərbaycanla bağlı öyrəndiyimiz məlumatlar reallıqlarla müqayisədə fərqli məqamları üzə çıxarır. Bütün bu proseslər şərait yaradır ki, gənclərimiz doğma vətənlərinə qəlbən bağlı olsunlar. 

    Kamilə Qorxmazova – Diaspor Gənclərinin IV Yay Düşərgəsinin təlimçisi: – Artıq bir neçə gündür ki, bu layihədə iştirak edir, düşərgənin gedişatı ilə də yaxından maraqlanırıq. Tam səmimi söyləyirəm ki, gənclərin hər biri öz doğma vətənlərində olmaqdan qürur hissi duyur. Naxçıvan gözəl şəhərdir. Burada tarixin və müasirliyin harmoniyası var. Bizə göstərilən diqqətə, qonaqpərvərliyə görə də ayrıca təşəkkür edirəm. Belə isti münasibətlər naxçıvanlıların xarakterində var. Düşərgə ilə bağlı təəssüratlarıma gəldikdə isə hər şey çox gözəl təşkil olunub. Gənclərimizin vaxtı səmərəli və faydalı keçir. Həmçinin mütəmadi olaraq onlarla təlimlərdə görüşürük. Müxtəlif aspektlərdə müzakirələrimiz, diskussiyalarımız olur. Bununla yanaşı, düşərgənin Ulu Öndər Heydər Əliyevin yüzillik yubileyi dövrünə təsadüf etməsi, həmçinin tədbirin Naxçıvanda baş tutması tarixi əhəmiyyət daşıyır. Bildiyiniz kimi, burada müxtəlif dünya ölkələrindən gəlmiş yüzdən çox tələbə iştirak edir. Etnik olaraq azərbaycanlı olan bu gənclərin hər birinin öz doğma torpaqlarının bir parçası olan Naxçıvanda olması onlara böyük stimul verir. Bu gün Azərbaycan gəncliyi çox sürətli inkişaf edir. Onlar ictimai-sosial həyatın bir çox sahələrində özlərini doğruldur, etimad qazanırlar. Sevindirici haldır ki, belə fəal, aktiv gənclərimiz xarici ölkələrdə də vətənlərini düzgün şəkildə tanıda, təbliğ edə bilirlər. Uğurlar arzu edirəm, inanıram ki, bu səpkidə reallaşan layihələr gənclərimizə çox şeylər qazandıracaq. 

    Elmurad Məmmədov – Diaspor Gənclərinin IV Yay Düşərgəsinin təlimçisi: – Biz bu layihədə təlimçilər olaraq bir qrup şəklində iştirak edirik. Bilirsiniz ki, düşərgədə iştirak edən gənclərin böyük əksəriyyəti xarici ölkədə yaşayan, təhsil alan gənclərdir. Onların öz məmləkətlərində olmaları, ən əsası isə belə bir tədbirdə iştirak etmələri biz təlimçilərin də üzərinə böyük məsuliyyət qoyur. Hər şeydən əvvəl, biz düşünürük ki, onlara bu qısa zaman ərzində faydalı, ölkəmizin tarixi, mədəniyyəti ilə bağlı dolğun məlumatlar çatdıraq. Təlimlər müxtəlif mövzularda aparılır. Burada dilçilik də var, tarix, iqtisadiyyat və digər aktual mövzular da. Müşahidələrimiz göstərdi ki, gənclərimiz öz maraq dairələrinə uyğun olaraq mövzuları ətraflı şəkildə mənimsəyirlər. Diskussiya şəklində olan təlimlərdə maraqlı fikir mübadilələri də aparılır. Hesab edirəm ki, gənclərimiz bu layihədə bir çox şeyləri daha əyani surətdə, yaxından mənimsəyəcəklər. Bu da onların formalaşmasında mühüm amil olacaq. 

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 15.08.2023 20:02