AZ EN RU

Diabet maneə yox, yaşam tərzidir Muxtar respublikamızın azyaşlı diabetli sakinləri qayğı ilə əhatə olunub

    Ötən ay Naxçıvanda – Ağbulaq İstirahət Mərkəzində keçirilən “Diabet mənim dostumdur” adlı istirahət düşərgəsi Azərbaycanda öz ilkliyi ilə seçildi. Həmin düşərgədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən diabetli uşaqlar 24 saatlıq qlükoza monitorizasiyası üçün “Qlükoz sensor” cihazları ilə təmin olundu. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin həmin tədbirdə şəxsən iştirak etməsi, diabetli uşaqlara müraciət edərək “Diabet heç bir şəkildə sizin həyatınızda maneəyə çevrilməməlidir. Yaxşı oxumalısınız, dərslərinizdə hər zaman uğurlar qazanmalısınız ki, biz və valideynləriniz də sizinlə fəxr edək” deməsi uşaqlara ən böyük mənəvi dəstək, motivasiya oldu.

    Bəs həmin uşaqların “Qlükoz sensor”larla təmin olması onlara nə verəcək? Belə cihazlar uşaqları hansı təsirlərdən qoruyur? Bu kimi suallara cavab almaq üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasına üz tutub həkim, valideyn və azyaşlılarla həmsöhbət olduq. 
    İlk həmsöhbətim xəstəxananın Endokrinoloji xəstəliklər şöbəsinin müdiri, həkim-endokrinoloq Aysel Dünyamalıyeva bildirdi ki, valideynlər diabetli uşaqların gündə ən azı 6 dəfədən artıq barmaqlarını zədələyərək qanda şəkərin miqdarını ölçmək məcburiyyətində qalırlar. Uşaqlara hədiyyə edilən “Qlükoz sensor” cihazların sayəsində qanda şəkər səviyyəsinin ölçülməsi zamanı barmaqların zədələnməsi birdəfəlik aradan qaldırılıb. Bu həm də gələcəkdə diabetin fəsadları olan böyrəklə, gözlə, sinir sistemi ilə bağlı ağırlaşmaların qarşısını alacaq və onların komfortlu həyat tərzinə sahib olmalarına şərait yaradacaqdır. Həkim bildirir ki, həmin düşərgədə 30-dan çox uşaq “Qlükoz sensor”la təmin olundu və bu tədbirlər silsiləli şəkildə davam etdirilir. Həkim qeyd edir ki, bu aparatlara nəzarət olunur və hər bir uşağın sensoru 14 gündən bir dəyişilir. Bu zaman bütün xərclər dövlət tərəfindən qarşılanır. Bununla yanaşı, uşaqlar gündəlik qəbul etməli olduqları dərman vasitələri ilə də təmin olunur. Çalışırıq ki, uşaqlarımıza diabetin bir xəstəlik deyil, yaşam tərzi olduğunu bildirək və onlara mənəvi-psixoloji stimul olaq. 
    Xəstəxanada olarkən sensorunu yenisi ilə əvəz etməyə gələn 6 yaşlı Nilayın anası Türkanə Seyidbəyli ilə həmsöhbət olduq. O dedi:
     – Allahın ən böyük hədiyyəsi də, sınağı da övladdır. Hər bir valideyn övladının sağlam olması üçün əlindən gələni edir. Amma bəzən bizim nəvazişimiz uşaqlarımızın köməyinə yetmir. Onların bəzisi dünyaya ömürboyu özləri ilə daşıyacaq olduqları xəstəliklə gəlirlər. Bəzisi isə hansısa təsirin nəticəsində sonradan xəstəliyə tutulur. Və bu övladlarımızın yaşam tərzinə çevrilir. Bu vaxt valideynlərin və uşaqların köməyinə ağxalatlılar çatır. Dövlətimizin dəstəyi ilə həkimlərimiz övladlarımıza bu keşməkeşli yolda kömək olur. Qızım Nilay bir ilə yaxındır ki, diabet xəstəsidir. İlk dəfə bu xəbəri həkimdən alanda dünyam uçdu sanki. Körpəmin bu kiçik yaşında belə bir xəstəliyə tutulması məni çox kədərləndirdi. Həkimlərin köməyi ilə çətin mərhələləri keçdik, amma hər gün heç olmasa, iki-üç dəfə qan analizi üçün qızımın barmaqlarını xüsusi iynələrlə deşəndə onun canı nə qədər yanırdısa, mənim ürəyim ondan min qat artıq ağrıyırdı. “Uşağı incitmədən bunu necə öyrənmək olar?” – deyə araşdırmalar aparırdım. Yaxşı olacağına ümid edirdim. Yaxın günlərdə qızımın həkimi belə bir sensorun gətirildiyini və təmənnasız olaraq uşaqların istifadəsinə veriləcəyini dedi. Çox sevindik. Artıq bir aya yaxındır ki, qızımın qanındakı şəkərin miqdarını bu sensor vasitəsilə günün istənilən saatında öyrənə bilirik. Mən heç vaxt “qızım şəkərli diabet xəstəliyindən əziyyət çəkir” demirəm. Biz bunu əziyyət, xəstəlik kimi deyil, həyat tərzi kimi qəbul etmişik. Bütün xəstəliklər insanın düşmənidir. İnsan düşməni ilə düşmənlik etsə yaxşıdır, yoxsa dil tapsa? Təbii ki, dil tapsa. Diabet də belədir. Biz onunla dil tapa bilməsək, onu məğlub etməsək, o bizi məhv edəcək. Biz qızımla birlikdə dövlətimizin də dəstəyi ilə bu xəstəliklə dil tapıb onu qızımın yaşam tərzinə çevirmişik. 
    Digər müsahibim İsmayıl Əliyevin 14 yaşı var. O, təhsildə yüksək nailiyyət qazanan yeniyetmələrimizdəndir. Dedi ki, üç ildir, diabet xəstəsidir. Lakin taleyi ilə barışıb bunu qəbul etməli olub. Dərslərini hazırlamaqda, dostları ilə əylənməkdə bu xəstəlik ona mane ola bilmir: “Gün ərzində məktəbə gedirəm, boş zamanımda dostlarımla əylənirəm və demək olar ki, şəkər xəstəsi olduğumu unuduram. Amma günün müxtəlif saatlarında anam şəkərimi ölçmək üçün aparat əlində görünəndə bilmirdim ki, barmaqlarımı necə gizlədim. Bu xoşagəlməz hal bir gündə ən azı 6 dəfə təkrar olunur, əhvali-ruhiyyəmi tamam korlayırdı. Barmaqlarımın yaraları sağalmağa macal tapmırdı. Dərslərdə qələm, idman oyunlarında topu tuta bilmirdim. Öz xəstəliyim barədə məlumat əldə etmək istəyərkən sensor aparat haqqında öyrənmişdim. Onun həyatımı necə asanlaşdıracağını bilirdim. Ötən ay həkimim Aysel xanım zəng vurub belə bir sensorun muxtar respublikaya gətirildiyini və bizə hədiyyə ediləcəyini dedi. Çox sevindim. Həmin sensorla təmin ediləndən artıq qanımdakı şəkərin miqdarına özüm mobil telefonumla rahatlıqla nəzarət edə bilirəm. Bunun da nəticəsində gün ərzində daha gümrah, yaxşı əhvali-ruhiyyədə oluram. 
   Həkim və uşaqlarla həmsöhbət olduqdan sonra bu xəstəliyin uşaq psixologiyasına təsiri barədə Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının Nevrologiya şöbəsinin müdiri, Naxçıvan Muxtar Respublikasnın əməkdar həkimi, tanınmış nevropatoloq Yazgül Rzayeva ilə söhbət etdim. 
    Həkim qeyd etdi ki, hər hansı bir səbəbdən uşaqlar bəzən anadangəlmə, bəzən isə sonradan bu xəstəliyə tutulur və həyatlarının sonuna kimi diabetlə birlikdə yaşayırlar. Belə uşaqlar digərlərinə nisbətən daha əsəbi və gərgin olurlar. Buna səbəb bu xəstəlik üzündən onların bəzi qadağalarla üzləşmələridir. Bəzən valideynlər belə uşaqlara nəzarəti həddindən artıq gücləndirir və çoxlu qadağalar qoyur. Bu da uşaqları aqressiv edir. İlk olaraq valideyn özü bu xəstəliyi faciə kimi yox, gündəlik həyat tərzi kimi qəbul etməli və uşağına da bunu aşılamalıdır. Onda diabetlə yaşamaq daha asan olur. Həkim bildirir ki, müasir dövrümüzdə diabetli uşaqları öz yaşam tərzinə uyğunlaşdırmaq üçün bir çox vasitələr var. Onların ən çox əziyyət çəkdikləri məqam olan qan şəkərinin yoxlanılması artıq müasir üsullarla aparılır. Şəkəri tənzimləmək üçün iynələrdən yox, müxtəlif tabletlərdən istifadə olunur. 
    Ömrünün yarısından çoxunu uşaqları müayinə və müalicə etməklə keçirən həkim xüsusilə vurğulayır ki, elə bir uşaq yoxdur ki, ona iynə vurulanda qorxu-həyəcan hissi keçirməsin. Nəzərə alsaq ki, diabetli uşaqların gündə ən azı 6 dəfə barmaqları iynə ilə deşilib qanı analiz olunur, görün bu uşağın psixologiyasına nə qədər mənfi təsir edir?! Hər dəfə barmaq deşiləndə uşaq nə qədər narahat olur və ağlayır. Üstəlik də bu hal diabetli uşaqlar üçün səhhətlərinin pisləşməsi ilə nəticələnə bilər. Bu gün sevindirici haldır ki, uşaqlarımız dövlətin qayğısı ilə qanda şəkərin miqdarını yoxlayan müasir aparatla təmin olunur. Muxtar respublikamızda səhiyyə sahəsində uşaqlara yüksək diqqət göstərilir. Həm valideynlər, həm də körpələrimiz böyük bir çətinlikdən azad olurlar. 
    Aysel həkimin otağında bir neçə uşağın qolundakı “Qlükoz sensor”un dəyişdirilməsinə şahidlik etdim. Və gördüm ki, uşaqlar necə həvəslə həkimin otağına daxil olur, rahatlıqla bu prosesi izləyirlər. 
    Onların bir neçəsinin barmaqlarında hələ də iynənin açdığı izləri görəndə öz-özümə uşaqlara sözdə yox, əməldə qayğı lazımdır deyə fikirləşdim. Bu gün onlara göstərilən qayğı ilə sübut etdik ki, dövlətimiz gələcəyi olan uşaqların hər zaman, hər yerdə yanındadır. Və onlar bu qayğının sayəsində şəkərin xəstəlik yox, yaşam tərzi olduğunu qəbul edib, gələcəyin mənəvi-psixoloji, fizioloji cəhətdən zəif gəncləri kimi yox, Vətənini qəlbən sevən həkimləri, alimləri, müəllimləri, polisləri olacaqlar. 

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 18.08.2023 19:51