AZ EN RU

Dezinfeksiya tədbirlərinin növbəti mərhələsinə başlanılıb - FOTO

Bu gün ümumilikdə, 3 milyon kvadratmetrdən artıq çox sahə dezinfeksiya olunub

Naxçıvanda əhalinin, muxtar respublikaya gələn qonaqların, turistlərin sağlamlığının qorunması məqsədilə infeksiyaların, yoluxucu, mövsümü xəstəliklərin yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün iyulun 1-dən növbəti genişmiqyaslı dezinfeksiya tədbirlərinə başlanılıb. Aparılan tibbi-profilaktik tədbirlər iyulun 10-dək davam etdiriləcəkdir.

Naxçıvanda virus əleyhinə qabaqlayıcı profilaktik tədbirlər davam etdirilir. Bu da sanitar epidemioloji vəziyyətin stabil saxlanılmasına zəmin yaradır. Təsdiq olunan Tədbirlər Planına uyğun olaraq Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında viruslara yoluxmanın qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə növbəti intensiv qabaqlayıcı profilaktik tədbirlərə başlanılıb. Xüsusilə insanların intensiv istifadə etdiyi mərkəzlərdə dezinfeksiya işləri icra edilir.

Qrafik əsasında səhər saatlarından etibarən Fövqəladə Hallar Nazirliyinin 12 xüsusi təyinatlı avtomobilinin iştirakı ilə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarındakı avtomobil yolları, piyada səkiləri dezinfeksiya olunur. Fövqəladə Hallar Nazirliyinin 80 nəfərdən artıq şəxs heyəti, Gigiyena və Epidemiologiya Mərkəzinin dezinfeksiya qrupu və Dövlət Baytarlıq Xidmətinin dezinfeksiyaedici avtomobili tərəfindən isə idarə, müəssisə və təşkilatların, yaşayış binalarının, istirahət mərkəzlərinin, muzeylərin, tarix-memarlıq abidələrin, ümumiyyətlə insanların daha çox istifadə etdiyi yerlərin ətrafı, girişləri dərmanlanır.

Bu gün xüsusi təyinatlı avtomobillər vasitəsilə şəhərin Heydər Əliyev prospekti, Əziz Əliyev, Cəlil Məmmədquluzadə və digər küçələrinin avtomobil yolları və piyada səkiləri dezinfeksiya olunub.

Şəxsi heyətin iştirakı ilə isə yaşayış binalarının girişi, ətrafı və zirzəmiləri, Əyləncə adası və Sahil parkı istirahət mərkəzləri, şadlıq sarayları, kafelər, ticarət mərkəzləri və digər ictimai yerlərin daxili, ətrafı dərmanlanıb.

Əhalinin yoluxucu xəstəliklərdən qorunması istiqamətində dərmanlama tədbirləri muxtar respublikanın rayonlarında da aparılıb. Qrafik əsasında Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarının avtomobil yolları xüsusi texnikanın köməyi ilə dezinfeksiyaedici maddələrlə yuyulub. Həmçinin ictimai yaşayış binalarında, ticarət mərkəzlərində, kənd mərkəzlərində insanların sıx toplaşdıqları digər yerlərdə dezinfeksiyaedici maddələrlə tibbi-profilaktik  tədbirlər icra edilib.

Naxçıvan Muxtar Respublikası

 Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti

Nəşr edilib : 01.07.2022 15:31