AZ EN RU

Dezinfeksiya tədbirlərinin növbəti mərhələsi yekunlaşıb

    Fevralın 25-də Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə Fövqəladə Hallar Nazirliyi və Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bütün yaşayış məntəqələrində və əhali sıxlığı müşahidə olunan yerlərdə qrafikə uyğun tibbi-profilaktik tədbirlərin aparılması barədə verilən tapşırıqların icrası ilə bağlı mart ayından dezinfeksiya tədbirlərinin növbəti mərhələsi həyata keçirilib.
    Muxtar respublikada martın 9-dan başlanılan, 19 gün davam edən dərmanlama işləri qrafik əsasında Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında əhalinin intensiv istifadə etdiyi bütün sahələri əhatə edib.
    Fövqəladə Hallar Nazirliyinin tərtib etdiyi qrafik əsasında 12 xüsusi təyinatlı avtomobillərlə aparılan profilaktik tədbirlər nəticəsində Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında, ümumilikdə, 12 milyon 200 min kvadratmetrdən artıq sahəni əhatə edən avtomobil yolları və piyada səkiləri dezinfeksiya edilib. Həmçinin dərmanlama tədbirlərinə Dövlət Baytarlıq Xidmətinin dezinfeksiyaedici avtomobili və şəxsi heyəti də cəlb olunub. 
    Fövqəladə Hallar Nazirliyinin və Gigiyena və Epidemiologiya Mərkəzinin dezinfeksiya qrupu tərəfindən isə dərmanlama işləri mərhələli şəkildə idarə, müəssisə və təşkilatları, ticarət obyektlərini, istehsal müəssisələrini, kənd və xidmət mərkəzlərini, yaşayış binalarını, hərbi hissələri, sərhəd zastavalarını, park və istirahət mərkəzlərini, ali təhsil ocaqlarını, məktəbəqədər, məktəbdənkənar, peşə və ümumtəhsil məktəblərini, ümumiyyətlə, əhalinin daha çox istifadə etdiyi məkanları əhatə edib. 
    Muxtar respublikanın təlim-tədris müəssisələrində də yoluxucu xəstəliklərə, virus infeksiyalarına qarşı tibbi-profilaktik tədbirlər həyata keçirilir. Belə ki, tərtib edilən qrafik əsasında martın 22-dən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, Gigiyena və Epidemiologiya Mərkəzi və Dövlət Baytarlıq Xidməti tərəfindən tam orta, uşaq musiqi, şahmat, texniki peşə və sürücülük məktəbləri, uşaq bağçaları, ali təhsil müəssisələri xüsusi məhlullarla dezinfeksiya olunub.

Naxçıvan Muxtar Respublikası 
Fövqəladə Hallar Nazirliyinin 
mətbuat xidməti

 

Nəşr edilib : 28.03.2022 20:26