AZ EN RU

Deyəsən, Fransa “sezarlar”ın taleyini Azərbaycana tapşırıb…

Bu həftə Fransa və Ermənistan arasında “Sezar” (CAESAR) haubitsalarının İrəvana tədarükü ilə bağlı müqavilə imzalandı. Yayılan məlumatlara görə, Ermənistan Fransadan 36 ədəd “Sezar” özüyeriyən artilleriya sistemi alıb və bu silahlar yaxın 15 ay ərzində alıcısına çatdırılmalıdır.

Fransa və Ermənistan rəsmiləri təkidlə alınan silahların müdafiə xarakterli olduğunu bildirirlər. Amma silahların modifikasiyasına gəldikdə bunun belə olmadığı gün kimi aydındır. Təbii ki, Azərbaycan tərəfi dərhal ən yüksək səviyyələrdə bu silahların Ermənistana verilməsinə öz narazılığını bildirərək bunun belə bir həssas zamanda – iki ölkə arasında sülh prosesinə hazırlıqlara mənfi təsir göstərəcəyini, ortaya çıxan nəticələrə görə həm Ermənistan, həm də Fransa siyasi-hərbi rəhbərliyinin məsuliyyət daşıyacağını bildirdi. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bununla bağlı açıqlamasını hər iki tərəfə xəbərdarlıq kimi də qiymətləndirmək olar. Belə ki, Müdafiə Nazirliyi açıq şəkildə bildirdi ki, hazırkı hərbi sövdələşmə ilə Ermənistanın öldürücü silahlarla təchiz edilməsi Fransa rəhbərliyinin riyakarlığının növbəti təzahürüdür.

Cənubi Qafqaz regionunda militarizasiya və geosiyasi intriqa siyasəti yürüdən Makron rejimi Ermənistan ilə Azərbaycan arasında normallaşmaya və regionda davamlı sülhün təmin olunmasına mane olur. Bu kimi destruktiv və qərəzli siyasətinə görə normallaşma və regional proseslərdən kənarda qalan Fransanın indiki rəhbərliyi bunu Azərbaycana bağışlaya bilmir və ona görə də pozucu siyasətini davam etdirir. Açıqlamada aydın şəkildə deyilir ki, Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və işğal törətmiş dövlətdir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa tərəfindən qanlı hərbi təcavüz törətmək təcrübəsi olan Ermənistanın yenidən silahlandırılması və Ermənistan rəhbərliyinin revanşizm siyasətini dəstəkləməsi siyasi məsuliyyətsizlik olmaqla bərabər, həm də yeni müharibəyə aparan yoldur. Və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaqdır.

Maraqlı burasıdır ki, Ermənistan güya bu addımı özünün suveren hüququnun olması və ölkəsinin təhlükəsizliyinin təmin olunması məqsədi ilə etdiyini bildirir. Halbuki iyunun 19-da Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı bəyanatında Ermənistanın bu addımının nəyə görə qeyri-legitim olmasını detallarına qədər izah etdi:  30 il ərzində məhz beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan, bu gün dəfələrlə istinad etdiyi Alma-Ata bəyannaməsinə zidd olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təcavüz törədən, qonşularına qarşı ərazi iddialarını davam etdirən, öz təcavüzkar əməllərini məhz Azərbaycan tərəfindən atılmış addımlar nəticəsində dayandıran Ermənistanın sülhpərvər ölkə imici yaratması siyasi manipulyasiyadır. 1991-ci ilin sərhədləri və Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünə istinad edən Ermənistan tərəfinin son 30 ildən artıq müddətdə nəyə görə bu razılıqlara əməl etmədiyinə, sovet xəritələrində əksini tapmış sərhədləri qəbul etməkdən imtina etdiyinə, Azərbaycan ərazilərini işğal etdiyinə izahat verməsi daha yaxşı olardı. Ardınca Ermənistanın nə qədər ki gec deyil, bu cür addımlardan imtina etməsi məsləhər görülür. Sitat: “Guya sülhü dəstəkləyən və Ermənistanın məhz müdafiə qabiliyyətini artırmağa yönəlmiş bəyanatlarına zidd olaraq, Ermənistanın ölümcül hücum silahları ilə təchiz edilməsində yarışan Fransa kimi ölkələrin Ermənistanın yeni gərginlik və təhdid mənbəyinə çevrilməsinə xidmət etdiyi bəllidir. Bu siyasətin Ermənistanın növbəti mümkün təcavüzünə töhfə verdiyini nəzərə alaraq, nə qədər ki gec deyil, bu addımlardan çəkinilməsi əhəmiyyət kəsb edir.”

Bəli, 44 günlük Qarabağ savaşından sonra Fransa Azərbaycanın Cənubi Qafqazda (həm də Avrasiyada) yaratdığı reallığı olmayan nüfuzuna sığışdıra bilmir. Müharibədən sonra Azərbaycan Prezidentinin qəbuluna çağırılmamış qonaqlartək təşrif buyuran və suyu süzülə-süzülə çıxan ATƏT-in Minsk Qrupunun həmsədrlərinə dövlət başçısının bütün dünyanın gözü qarşısında dediyi sözlər elə Fransanın da nüfuzunu yerlə bir etmişdi. 30 il ərzində güya tərəflər arasında sülh yaratmağa çalışan, indi isə bütün proseslərdən uzaqlaşdırılan bu ermənipərəst ölkə hər addımda Azərbaycana qarşı əks addım atmağa çalışsa da istədiyinə çata bilmir. Əksinə, hər dəfəsində də qanlı keçmişi və müstəmləkəçilik siyasətini üzünə şapalaq tək vuran Azərbaycanla üz-üzə qalır. Bu dəfə isə Makron Fransası hücum xarakterli “sezarlar”la Cənubi Qafqazda nəyi isə dəyişəcəyinə ümid edir. Bir zamanlar Avropa intibahının lokomotivi olan, indi isə cahilliyə və nihilizmə doğru yuvarlanan Fransa özünün makronizm siyasətinin nəticəsində hələ bunu dərk eləmir ki, Azərbaycan Cənubi Qafqazda sıradan bir ölkə deyil. Bu ölkə hazırda Avrasiya məkanında mühüm geostrateji imkanlara, təsir vasitələrinə malik bir ölkədir. Bu ölkənin atdığı addımlar Avropa və Asiyanın ticari, iqtisadi, siyasi gündəmini müəyyənləşdirir.

Deyəsən, Makronun hərbi məsləhətçiləri II Qarabağ savaşının məlum nəticələrini ya dərindən dərk etməyiblər, ya da prezidentlərinə bunu aydın şəkildə başa sala bilməyiblər. Bir müddət bundan əvvəl Azərbaycan Prezidenti xəbərdarlıq etmişdi ki, əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Belə görünür ki, Ermənistana platonik sevgisi ucbatından Fransa hərbi-texnoloji nüfuzunun taleyini də Azərbaycana tapşırıb…

Səbuhi HƏSƏNOV 

Nəşr edilib : 20.06.2024 11:20