AZ EN RU

Dəyərli tədqiqat əsəri cəmiyyətimizdə mənəvi tərbiyənin aşılanmasına böyük töhfə verir

    Ölkəmizin müasir təhsil ənənəsində mənəvi tərbiyənin araşdırılması, tədqiqi və öyrənilməsi böyük yer tutur. Bu sahədə uzun illər ziyalılarımız dəyərli əsərlər, müxtəlif sahələri əhatə edən didaktiv materiallar, məqalələr və bir sıra ədəbi məcmuələr çap ediblər. Bu əsərlərin hər biri ölkəmizdə nümunəvi və dərin biliklərə malik pedaqoji elmin əsasını qoyub. Bu mənada, Ümummilli Liderimiz Heydər Əliyevin 100 illik yubileyinə töhfə kimi ərsəyə gətirilmiş “Yuxarı sinif şagirdlərinin mənəvi tərbiyəsinin aktual məsələləri” adlı monoqrafiya Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru Rövşən Vəliyevin gərgin axtarışlarının bəhrəsi kimi diqqəti çəkir. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çap edilən monoqrafiya iki böyük fəsildən ibarətdir və fəsillərin hər birində yuxarı sinif şagirdlərində yüksək mənəvi tərbiyənin aşılanmasından bəhs edilir. Müəllif hər iki bölmədə uzun elmi-tədqiqat işinin nəticəsi olaraq sanballı arqumentlər gətirir, axıcı və səlis dillə oxucunu maarifləndirir, mənəvi tərbiyənin əsas predmetindən və metodologiyasından danışır. 

    Kitabın “Yuxarı sinif şagirdlərinin mənəvi tərbiyəsi işi ümumtəhsil məktəblərinin əsas vəzifələrindən biri kimi...” başlıqlı birinci bölməsində müəllif ilk olaraq “mənəvi tərbiyə” anlayışının mahiyyəti və məzmunu haqqında danışır, mövzunun problemlərinə elmi dəlillərlə və istinadlarla aydınlıq gətirir. Müəllif yazır ki, bu gün şəxsiyyətin inkişafının mənəvi əsasları problemi ölkə pedaqogika elminin yeni humanist ideyaları ilə bağlı bir məsələdir. Mənəviyyatın təzahürü bütöv insan həyatını əhatə etdiyindən problemin həlli istər Şərqdə, istərsə də Qərbdə insanın bioloji təbiətinə uyğun olaraq müxtəlif şəkildə öyrənilmişdir. Müəllif birinci bölmənin ilk hissəsində mənəvi tərbiyə ilə bağlı fikirlərini belə ifadə edir: – Mənəvi inkişaf problemi tarixən insan haqqında elmi və dini biliklər formasında yaranmışdır. Ona görə də xalqımızın müstəqillik qazandığı hazırkı şəraitdə gəncliyin mənəvi keyfiyyətlər, nəcib sifətlər ruhunda formalaşmasının qayğısına qalmaq bu günün başlıca tələbidir. Bu cəhəti nəzərə alaraq “mənəvi tərbiyə” anlayışının ifadə etdiyi məna və məzmunun aydınlaşdırılması, pedaqoji ədəbiyyatda bu məfhuma münasibətin öyrənilib ümumiləşdirilməsi və dəqiqləşdirilməsi xüsusi zərurət yaradır. 
    Böyük irfan ustadı, qədim yunan alimi və filosofu Aristotel bir zamanlar yazırdı ki, əxlaqi tərbiyəni, əxlaqi-iradi sferanı inkişaf etdirən, şüur və davranış vəhdətinin formalaşmasına kömək edən ən ali vasitə kitabdır, kitabın köməyi ilə istənilən əxlaq normaları aşılana bilər. İstənilən obyekt əxlaqi tərbiyə vasitəsi kimi xidmət edə bilər, hər şey yalnız tərbiyəçinin səyindən asılıdır. Bəli, bu gün cəmiyyətimizdə fəaliyyət göstərən pedaqoqlarımız istər ali təhsil müəssisələrimizdə, istərsə də məktəb və digər təlim-tədris ocaqlarımızda mənəvi tərbiyənin ən yüksək səviyyədə öyrədilməsi, bu sahədə ziyalı kadr kollektivinin formalaşdırılması üçün əlindən gələni edir. Kitabda müəllif məktəblərimizin dərs proseslərindəki mövcud vəziyyətlərdən söhbət açır, şagirdlərə nümunəvi mədəniyyətin aşılanması yolundan danışır. Belə qənaətə gəlir ki, dərsdə ideya-mənəvi tərbiyənin səmərəli olması üçün müəllim öz parlaq, emosional şərhi ilə şagirdlərdə ictimai-siyasi fakt və hadisələrə şəxsi münasibət formalaşdırmağa çalışmalıdır. Şagirdləri ayrı-ayrı siyasi hadisələrə, bədii əsərlərdəki qəhrəmanların fikir və davranışına qiymət verməyə, onlara öz münasibətlərini bildirməyə, müstəqil nəticələr çıxarmağa cəlb etmək bu baxımdan əhəmiyyətlidir.
    Rövşən Vəliyevin kitabda qeyd etdiyi uzun və təhlili axtarışlarının nəticəsi yalnız məktəblilərdə mədəni və əxlaqi dəyərlərin aşılanmasından qaynaqlanmır. Müəllif bununla yanaşı, məktəblərdə şagirdlərə müxtəlif fənlərin öyrədilməsi, müəllim-şagird, şagird-valideyn əlaqələrinin səmərəli şəkildə qurulması, o cümlədən fənlərin ayrı-ayrılıqda şagirdlər tərəfindən mənimsənilməsi məsələlərinə də aydınlıq gətirir. O qeyd edir ki, məktəblərdə bəzi fənlər şagirdlər tərəfindən digər elmlərə nisbətən daha az öyrənilir. Müəllif yazır: “Apardığımız təhlil və müşahidələrimiz, ümumtəhsil məktəbində riyaziyyat fənninin tədrisi üzrə topladığımız uzunmüddətli təcrübələrimiz sübut edir ki, şagirdlər fənnin öyrənilməsi prosesində bir sıra çətinliklərlə qarşılaşırlar. Bütün bunları aradan qaldırmaqla yanaşı, proqram materialının öyrədilməsi zamanı bu və ya digər anlayışı izah edərkən şagirdləri riyaziyyatın ayrı-ayrı yeni sahələri ilə tanış etməli, dünya və Azərbaycan riyaziyyat məktəblərinin nailiyyətləri və bu məktəblərin görkəmli şəxsiyyətləri haqqında məlumat verməyi bacarmaq lazımdır ki, bunun da şagirdlərin üzərində tərbiyəvi təsiri danılmazdır”. 
    Kitabın “Təlim prosesi və sinifdənxaric işlər zamanı yuxarı sinif şagirdlərinin mənəvi tərbiyəsinin formalaşdırılmasının imkan və yolları” adlı ikinci bölməsində müəllif müxtəlif praktiki işdə pedaqogika elminin predmetindən, o cümlədən riyaziyyat fənni üzrə pedaqoji texnologiyaların tədrisi və təlimindən, psixologiyanın nailiyyətlərindən düzgün faydalanmağı diqqətə çatdırır. 
    İkinci bölmədə ayrı-ayrı fənlərin şagirdlər tərəfindən düzgün formada öyrənilməsi, o cümlədən bu sahədə fəaliyyət göstərən müəllimlərin auditoriyalarda əsaslı şəkildə dərs prosesini çatdırması əsas tezis kimi göstərilir. Fikrimizi daha dəqiq və ətraflı ifadə etsək, Rövşən Vəliyev tərəfindən oxucuya çatdırılası əsas vəzifə bundan ibarətdir ki, müasir məktəbli geniş elmi-mədəni dünyagörüşünə sahib olmalı, bəşəri və milli-mənəvi dəyərləri mənimsəməli, hər yerdə yüksək mədəni davranış nümayiş etdirməlidir. Məktəblərdə təhsil alan hər bir şagird, nümunəvi Azərbaycan gənci formalaşdıran hər bir müəllim Vətənini, xalqını, insanları dərin məhəbbətlə sevməli, xalqın mənəvi dəyərlərinə, o cümlədən dilinə, dininə, bayrağına, himninə, gerbinə, adət və ənənələrinə hörmət etməli və onlara sadiq olmalıdır. Bununla yanaşı, müəllif kitabın adıçəkilən bölməsində uzun illər bu sahədə qazandığı şəxsi təcrübəsindən çıxardığı bir faktı diqqətə çatdıraraq yazır: “Təcrübə göstərir ki, riyaziyyat dərslikləri üzrə müstəqil işlərin təşkili şagirdlərin mənəvi-iradi keyfiyyətlərinin tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. Bunun üçün şagirdlərdə güclü motivlər yaratmaq lazımdır. Məsələn, dərsdə şagirdlərin öyrənəcəyi, tanış olacağı mövzudan əvvəl, onlara kitabdan öyrənəcəyi yeni biliklərin müstəqil əldə etmək bacarıqlarının insanın həyatında necə bir əhəmiyyət daşıdığını aydınlaşdırmaq lazımdır”.
    Sonda müəllifin gəldiyi qənaət budur ki, ölkənin gələcəyinin etibarlı əllərdə olması bu gün yetişən nəslin, övladlarımızın mənəvi simasının yeniləşməsindən, təlim-tədrisin düzgün öyrənilməsindən, onların həyat mövqelərinin düzgün müəyyənləşdirilməsindən çox asılıdır. 

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 09.08.2023 19:06