AZ EN RU

Dəyərli ömür, qayəli həyat yaşamaq istəyirsənsə...

    Ümummilli liderimiz Heydər Əliyevin “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir” dəyərli kəlamına əsaslanıb çıx nurlu gələcək, xoşbəxt sabahlar vəd edən bu yola. Gözləmə, tələs, ucsuz-bucaqsız dünyanı, enişli-yoxuşlu həyatı dərindən dərk etmək, ən əsası da özünü kəşf etmək, potensialını təkmilləşdirmək, təfəkkürünü, dünyagörüşünü artırmaq naminə həmən başla mütaliəyə. Sənə ən yaxın bələdçi, yolgöstərənə – “Oxunması zəruri olan kitabların Siyahısı”na üz tutmağında heç şübhəsiz, vardır çoxlu fayda. Zehni yorğunluğunu atacaq, dünyanı gəzdirərək, cəmiyyət həyatına baş vuraraq yaxşını pisdən, doğrunu yanlışdan ayırd etməyə böyük yardımçı olacaq həmin siyahıda yer alan görkəmli şair-dramaturq Hüseyn Cavidin “Azər” poeması ilə də çıxa bilərsən, böyük mütaliə yolçuluğuna...

    “Bir arifim bilmədiyim, aşar durur ənginləri”,– deyən əsərin baş qəhrəmanı ilə birgə təvazökarcasına çıx axtarışlara, araşdır, öyrən, barverən ağac başını aşağı əydiyitək sən də öyrəndikcə daha da sadədil yanaş hər bir kəsə, pafos mərəzinə tutulma, əsla olma özündən razı, öldür içindəki mənən inkişafına maneə yaradacaq naqislikləri, təkəbbürü, eqoistliyi. Azər kimi təbiətdən, yaradılışdan, incəsənətdən zövq almağa çalış, naşükür olma taleyindən, giley-güzar etmə halindən, uzaq qaç mənfi düşüncələrdən, inan gücünə, inan sabahın dünəndən daha yaxşı olacağına. Balaca rəssam qızcığazla söhbəti diqqətlə oxu, Azərin “sağalır elm ilə hər türlü yara”, “get bilgi al, öyrən yarını” xitablarından sən də özünə əxz elə pay, bütün imkanlarını yalnız elm üçün xərclə,  öyrəndiklərin okeanın dərinliklərinə batırılsa da, əsla usanma, itib-batar sanma, əmin ol, bir gün mütləq güclü qasırğa kimi qayıdaraq səni öz qanadlarında aparacaq irəli. 
    “Əsgərlər təlim edərkən” Azər kimi deyəcəksən “Yaşamaqçın fəqət mübarizə var. Çarpış, elmi bir inqilab ilə sən”. Fəqət dediklərinə, bildiklərinə əməl etməyin vacibdir müdam. Duymamısanmı ki, elminə əməl etməyən alim, əldə çıraq gəzdirən kora bənzəyər. Ən təsirli vasitədir elmi mübarizə, elə deyilmi? Dön bir tarixə bax. Varmıdır elmsiz qalib olan? Təbii ki, əsla. Həyat yollarının dolanbaclarından keçərək yorulmadan, usanmadan çarpışsan, sözsüz: “Qüvvət üstündə varsa, əqli-səlim, sana kainat olur təslim!”. “İlk baharın son gecəsi... dan yıldızı gülümsərkən” çıxacaqsan “Qərbə səyahət”ə. Dalacaqsan poemanın ən maraqlı məqamına, Qərb aləmində cərəyan edən bir-birindən bənzərsiz talelərlə, yaşayış tərzləri, müxtəlif mədəni-əxlaqi anlayışlarla, ayrı-ayrı təfəkkürlərə xas cəmiyyətlərlə qarşılaşdıqca, hadisələrin müqayisəsini aparıb məsələlərin mahiyyətinə vardıqca daha da artacaq dünyagörüşün, həyat təcrübən, müfəssəlləşəcək baxış bucağın. “Rəssamın qızı”nda Elza adlı bir rəssamın 8 yaşında bohemya xalqına gözəl rəsm əsərləri bəxş edən atasını itirməsindən, hadisənin qızcığazın şüurunda dərin təsir buraxmasından təəssüflənsən də, mənəvi zövq alacaqsan balaca sənət fədaisinin həssas qəlbindən süzülən, rəngarəng çalarlarla dolu sənət dünyasından, incəsənətin sonsuz gözəlliklərindən. “Kömür mədənində” çalışanların iş həyatı ilə tanış olduqda “Yoqsullar məzarı bu kirli mədən, seçilməz Dantenin cəhənnəmindən” fikirlərinin tam əksini görüb, “Mühacirlər yuvası”nda “Moskov lokantası”na daxil olanda ürpənərək acıyacaqsan həbsxana həyatına, “Tam səkkiz yıldır işdə burada, qalmışız kimsəsiz, səfil, arada” söyləyən bir inqilab qurbanından öyrənəcəksən dustaqların səfil şəraitlərini, bütün qəlbinlə duyacaqsan aldanıb tora salınanların peşmançılıq hisslərini. Təbii ki, sonrakı peşmançılığın fayda verməyəcəyi həqiqətinə də əmin olacaqsan bir daha. “Tısbağanın zövqü”ndə Avropanın yaşıl bir yaylasında konsertə baxıb, varacaqsan “İştə Qərbin azğın səadətləri, alır qida Şərqin fəlakətindən” fikrinə...
    “Qərbi sarmışdı dumanlar, sislər” söyləyərək Azərlə birgə içində duyduğun acılarla, təəssüf hissi ilə çıxacaqsan “Şərqə doğru” yola. “Kor Neyzənin” yanğılı səsi ilə xəyallar aləminə qərq olduqca artacaq “Yaşamaq və yaşatmaq” istəyin. Yaşamaq və yaşatmaq. Ən böyük həqiqətlər. Bu barədə bir az fikirləş. Hansının daha üstün olduğunu düşünərkən ixtiyar bir gəncin sözləri hakim kəsiləcək düşüncənə: “Yaşatmam, yaşarım”, – deyən səfillər, qan içən vəhşilər yolunu izlər”, “Çalış parla yüksəl! Unutma, ancaq yaşamaq bir haqsa, yaşatmaq da haq!” “Yurdsuz çocuqlar” bölümünün adını oxuyan kimi vurnuxacaq daxilindəki səslər, gözlərin önündə canlanacaq dünyada haqları əlindən alınan, naqisliklər içərisində buraxılan, iztirablar çəkən balacaların yer aldığı videokadrlar. Elə həmin an da yaşadığımız diyarda bunun tam əksinin olması, uşaqların inkişafı üçün görülən işlər ürəyinə gətirəcək mənəvi rahatlıq, qəlbinə dolacaq minnətdarlıq hissi...
    “Bayramdı”da görəcəksən bəzi “Şərq” adətlərini, agah olacaqsan bir xeyli mətləblərdən. “Çarşaf atmaqla bitər sanma qüsur, çok beyinlər yenə həp pərdəlidir”. Necə də doğru fikirdir. Zahirdən deyil, daxildən dəyişməli insan. Düşün bir. Ətrafında azdırmı daxilə deyil, xaricə önəm verən. Sən onlardan olmağa çalışma. Özün ol. Əvvəl öz daxilini nizama sal. Sonra isə daxilinə görə qiymət ver insanlara. Örnək al böyük şairimiz Nizami Gəncəvinin hikmət dolu ifadələrindən: “Aldanma insanın gözəlliyinə, gözəllik insanın daxilindədir. Xarici olsa da, parlaq bir Günəş, daxili, bəlkə də, zülmət gecədir”. “Lalə”ni də oxumadan keçmə, əsla. “Bütün dinlər, qanunlar, qadınlara xor baqdı, isyan edincə onlar, su yerinə qan aqdı”. Qadın azadlığı. Yaradılışdan bəri ən həssas, incə məqam. Dünyanın bəzi yerlərində, cəmiyyətlərdə hələ də hökm sürür bu naqislik. Təəssüf. Amma təqdiredicidir ölkəmizdə bunun tam əksinin olması, bütün qurucu işlərdə qadınların əsas hərəkətverici qüvvəyə çevrilməsi. “Məzarlıqdan keçərkən...”də öyrənməli çox məqam tapacaqsan, inan. “Ölüm var ki, həyat qədər dəyərli, həyat var ki, ölümdən də zəhərli... Yaşamaq da xoşdur, ölmək də xoşdur, qayəsiz həyatda ölüm də boşdur”. Həyatın mənası, yaşamağın anlamı, uğur qaynağıdır qayə. Bir anlıq qayəsiz olduğunu düşün. Mümkünmü səncə elə yaşamağın. Təbii ki, yox. Elə isə hər gününü bir məqsədlə, məramla aç. Aç ki, inamlı sabahların da qapısını aça biləsən. “Dəniz kənarında” iki-üç qadını dinləyərkən də tapacaqsan xeyli fayda. “Günəş kölgədən uğurlu... çalış nura doğru qoş! Çocuq düşə-düşə böyür, əzilməyən düzəlməz”. Düşmək. Həyatda hər insanın başına gələcək bir an. Şübhəsiz, sənin də həyatında az olmayıb düşdüyün məqamlar. Bəzən itirmisən sabaha ümidini, gələcəyə inamını. Amma həyat davam edir, düşüb qalxa bilməyənləri bağışlamır bu fani dünya həqiqətinə gec-tez varmısan, yəqin. Əsla qorxma yıxılmaqdan. Çünki əsas yeriməyi bacarmaqdır, yeriməyən yıxılmaz ki. Qalxıb daha əzmlə, səhvlərindən nəticə çıxarıb düzgün, çala-çuxuru az olan yolda yerisən, şübhəsiz, çatarsan hədəfinə daha tez və asan. Elə isə məqsədin uğruna hərəkət et, irəli, gözləmə...
    “Səlmanın səsi”nə də qulaq asmağı unutma. “Var hər insanda böyük istedad, onu bul, yoqsa nə yapsan – bərbad...” – deyir əsərin qəhrəmanı Azər məlahətli səsə malik musiqi duyumlu Səlmaya. Həlledici məfhumdur, hərəkətverici qüvvədir həyat yolunda istedad. Başqa cür çətin ki, rahatlıqla qalxa biləsən, uğur nərdivanının pillələrini. İstedadsız insan yelkənsiz gəmi kimidir sanki. Ha üzməyə çalışsan, yenə məhkumsan yerində saymağa. İstedad torpağa batmış qızıl kimidir həm də. Əzm, məqsəd, iradə isə onu torpaqdan çıxarıb daha da parıldatmana, daha dəyərli hala gətirməyinə yetər. “İnqilab xırsızı”ndan da vardır az-çox öyrənəcəyin: “Yeni rəngə girmiş dünkü bir xəbis, səhər mələk olmuş gecəki iblis”. Cəmiyyət üçün ən təhlükəli, gərəksiz xüsusiyyətdir xəbislik. Şübhəsiz, sən də az qarşılaşmamısan belə naqis düşüncəli insanlarla. Əgər yaxınında elə biri varsa, çalış bu pislikdən qurtar onu. Dünyanın ən xeyirxah işin görmüş olarsan, inan. “Qorqu bilməz o bir şəfqət heykəli!.. Hər kəs o heykəli təqdis etməli...” Anadır o bir şəfqət heykəli. Cəmiyyətə faydalı övladlar, Vətənə igidlər, qəhrəmanlar bəxş edən qadın. Hər birimizin ehtiram, hörmət məbədidir o heykəl. O abidəni ucalardan uca etmək olmalı hər bir övladın məramı...
    Qədim yunan filosofu Aristotelin “Elm, yaxşı zamanlarda sərvət, pis zamanlarda bir sığınaq və yaxşı bir yol rəhbəridir” sözündən örnək al, daim axtarışlarda ol, elm dəryasından bir damla da olsa, götürməyə çalış. Sonsuz elm xəzinəsinə aparan mütaliə yolçuluğunda oxunması zəruri olan kitablar mütləq olsun yolyoldaşın. Dəyərli ömür, qayəli həyat yaşamaq istəyirsənsə, yubanma, elə indi tapıb aç oxu bu zəngin fəlsəfi əsərləri...

Nail ƏSGƏROV

Nəşr edilib : 26.08.2022 20:17