AZ EN RU

“Dəstək” Fondunun Himayəçilik Şurasının ilk iclası keçirilib

    Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına “Dəstək” Fondunun fəaliyyəti ilə bağlı iclas keçirilib. 
    İclasda Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov Fondun gələcək fəaliyyətinə dair planlarından və nəzərdə tutulan məsələlərdən bəhs edib.
    Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların müalicə xərclərinin qarşılanması, təhsil və təhsillə bağlı xərclərinin ödənilməsi ilə əlaqədar “Dəstək” Fondunun üzərinə düşən vəzifələr barədə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilovun slayd əsasında çıxışı olub. İclasda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlar nəticəsində yaralanan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi sahəsində muxtar respublikada həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsində vətəndaş cəmiyyəti təşəbbüslərinin və bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsində “Dəstək” Fondunun əhəmiyyətindən danışılıb. 
    Sonra Himayəçilik Şurasının üzvlərinin təqdimatı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sədr müavini və aparatın rəhbəri Anar İbrahimov,  AMEA Naxçıvan Bölməsinin sədri, Azərbaycan Respublikasının Əməkdar elm xadimi İsmayıl Hacıyev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları – Yazıçılar Birliyinin sədri Asim Əliyev və Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə, həmçinin Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirli Himayəçilik Şurasına üzv seçilib. 
    İclasda şuranın üzvlərindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun da çıxışı olub. Qeyd edilib ki, şəhidlər və yaralılara dəstək verilməsi üçün dövlətin xüsusi proqramları olsa da, cəmiyyətin özündə də bu ailələrə dəstək vermək üçün ciddi çağırış var. Məhz bu çağırışı nəzərə alaraq həmin təbəqəyə əlavə dəstəyin göstərilməsi üçün “Dəstək” Fondunun üzərinə xüsusi öhdəliklər düşür. Dəstək tədbirlərini yerinə yetirmək üçün fond iki əsas məsələnin həllinə – fonda vəsaitlərin daha şəffaf və səmərəli şəkildə cəlb edilməsi və ianə etmək istəyənlər üçün şəffaf, açıq və hesabatlılığı olan platforma yaradılmasına xüsusi diqqət göstərməlidir. 
    İclasda şuranın üzvləri müraciətlərin qəbulu və onlara operativ şəkildə baxılması, həmin şəxslərə Fond vasitəsilə göstərilən dəstək tədbirlərinin onların sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərlə uzlaşdırılması,  fiziki və hüquqi şəxslərin Fonda könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımların qəbulunun təşkil edilməsi, Fondun vəsaitlərinin idarə edilməsi və əlavə dəstək tədbirlərinin həyata keçirilməsini təmin edən informasiya sisteminin formalaşdırılması, Fondun vəsaitlərinin idarə olunması ilə bağlı elektron hesabatlılığı, habelə daxil olan və xərclənən vəsaitin məbləği və istiqamətləri ilə bağlı cari məsələləri müzakirə edib, gələcək fəaliyyətə dair təkliflərini diqqətə çatdırıblar.

Gülcamal TAHİROVA

Nəşr edilib : 12.07.2023 11:08