AZ EN RU

Dərman vasitələrinin təsdiq edilmiş qiymətdən fərqli qiymətə satışı qadağandır, bu hallar inzibati məsuliyyət yaradır- Dövlət Xidmətindən AÇIQLAMA

“Şərq qapısı” qəzetinin qaldırdığı dərman vasitələrinin təsdiq edilmiş qiymətdən fərqli qiymətə satışı məsələsinə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti münasibət bildirib.

Dövlət Xidmətindən verilən məlumata görə, mövcud qanunvericiliyə əsasən dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi Tarif (qiymət) Şurası tərəfindən həyata keçirilir.

“Dərman vasitələrinin qiyməti onların ticarət adı, təsiredici maddəsi və dozası, farmaseptik forması, ticarət qablaşdırması, miqdarı, istehsalçı ölkələr üzrə müəyyən edilir. Dərman vasitələrinin üzərində onların təsdiq edilmiş qiymətləri qeyd olunmalıdır. Dərman vasitələrinin topdan və pərakəndə satışını həyata keçirən bütün təsərrüfat subyektləri bu tələblərə əməl etməlidir”, - məlumatda qeyd edilib.

Həmçinin əlavə edilib ki, dövlət qeydiyyatından keçən dərman vasitələrinin təsdiq edilmiş qiymətdən fərqli qiymətə satışı qadağandır və bu hallar inzibati  məsuliyyət yaradır.

Qeyd olunub ki, istehakçılar qiymətlərin düzgün tətbiq olunmaması halları ilə rastlaşdıqda Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsində göstərilən qiymətlə satılmasını tələb edə, eyni zamanda Xidmətə müraciət edə bilərlər.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarların diqqətinə xüsusi olaraq çatdırır ki, monitorinqlər zamanı qanun pozuntusu halları aşkar edildiyi təqdirdə, qanunvericilikdə nəzərdə tutulmuş ciddi məsuliyyət tədbirləri görüləcək.

Nəşr edilib : 11.03.2024 11:16