AZ EN RU

Dərələyəzi bir daha görəcəyimiz günü gözləyirik

Şahbuz rayonu Kükü kəndində məskunlaşmış dərələyəzlilərlə müsahibə

     Çox da uzaq olmayan 35 il əvvəl, 1988-ci ilin əvvələrində Şörəyeldən Zəngəzura, Sərdarabaddan Göyçəyədək bütün Qərbi Azərbaycan torpaqlarında yaşayan yüz minlərlə soydaşımıza rahatca öz həyatlarını yaşadığı bir vaxtda bir gün, sadəcə, canlarını qurtara bimək üçün evindən qaçqın düşəcəyini desəydilər, bu, bəlkə də, onlara dünyanın ən bədduası kimi səslənərdi.
    Yüz illər boyu yaşayıb, məzarlıqlarında yeddi nəsildən uzaq babalarının başdaşını da tanıyan bu insanların şirin yuxusunu qaçıracaq bu qaçqınlığı o dönəmdə kimsə ağlına belə gətirməzdi: gizlincə, Fransadakı ağalarının saraylarında oturub Ermənistandakı bütün azərbaycanlıları qovmaq və Qarabağı Azərbaycandan qoparmaq kimi bədnam planlar quran ermənilərdən başqa! Haylar bu məkrli planları ilə iki il ərzində 250 minə yaxın soydaşımızı öz dədə-baba torpaqlarından sürgün etməklə, əslində, bugünkü dünyanın ən rəzil, ən məğlub milləti gününə düşmələrinə də yol açmış oldular. Halbuki Ermənistanda yaşayan azərbaycanlılar özlərinin savadı, bacarığı, tarixi-mədəni keçmişi, qonaqpərvərliyi ilə həmişə ermənilərdən bir pillə üstün olmuş, bu sovet respublikasının iqtisadi inkişafına mühüm töhfə vermişlər. Qərbi azərbaycanlıların ozamankı qapısını bağlayıb çıxdığı həmin villatipli evlər, abad həyətlər, tarixi binalar bu gün öz sahiblərinin dilindən düşmür. Belə ailələrdən biri də 1988-ci ildən Şahbuz rayonunun Kükü kəndində məskunlaşmış Dərələyəz mahalının Axta kənd sakinləridir. 

     Cavanşir Taroyev və Qnyaz Məmmədov 30 ildən artıqdır ki, yaşadıqları Kükü kəndinin camaatı ilə tam qaynayıb-qarışıblar. 1988-ci ilin soyuq, qarlı bir dekabr günündə öz doğma kəndlərindən zorla çıxarılanda qadınlar, uşaqlar və qocalarla birgə Dərələyəz dağlarının çətin keçilən yamacları ilə Naxçıvana pənah gətirən digər həmyerliləri kimi onların da hansı çətinliklər keçirdiyindən, əslində, çox da danışmaq istəmirlər. Təbiətən mərd və məğrur bu insanların üzlərindəki vətən həsrəti onları bir daha xatırlamaq istəmədikləri bu çətinliklərdən danışmağa qoymur sanki. Halbuki ilk gəldikləri qışda sığındıqları qonşu kənd məktəbinin kiçik laboratoriya otağındakı çətin vəziyyəti, həyatda qalmaq üçün harada gəldi iş axtarmalarını təsvir etməyə belə dəyməz. Sonrakı illərdə dövlətin və yerli adamların yardımlarını, bir-birindən aralı düşmüş qohumları, dostları tapmaqda hansı çətinliklər çəkdiyini də dərələyəzli qonşularımız deyirlər. Dərələyəz isə, əslində, Naxçıvanın qonşusu olmayıb, elə 1920-lərə qədər Naxçıvanın öz ərazisi olub. Ona görə də Axta kəndindən Küküyə pənah gətirmiş bu ailə də nə qədər yuvasından ayrı düşsə də ikinci vətənində özünü həmişə rahat hiss edib. 
    Cavanşir kişi çox söhbətcil, təbiətən şair bir insandır. Dərələyəz haqqında danışanda deyir ki, Səfərbəy səngərinin (Dərələyəz silsiləsinin ən yüksək zirvəsi olan Kükü dağının el arasındakı adı) o biri üzü də elə buralarla sanki eynidir. Düzdür, sərt yamacları daha az olsa da, eyni şirin bulaqlar, dadlı pencərlər, bağ-bağat orada da var idi. Deyir ki, bəzən uzun yaz günlərində Günəşin son şəfəqləri Keçəldağın zirvəsində ilişib qalanda sanki oradan Dərələyəzin enişlərinə baxmağa çağırırmış kimi – gəlir adama. Amma nə edim ki, əlimiz çatmır. Dünyanın ədaləti budurmu, – deyir. 
    O dövr Dərələyəzin Əzizbəyov rayonu sırf azərbaycanlıların məskunlaşdığı bölgələrdən biri olub. Rayondakı kənd, tarixi yer adları da bundan xəbər verir. Hətta üç-beş erməni ailəsinin yaşadığı Paşalı, Sultanbəyli, Mərdürüs kəndlərinin adı, göründüyü kimi, türk mənşəlidir. Rayon mərkəzindən, təxminən, 15 kilometr məsafədəki Axta kəndi isə nisbətən iri Gömür, Gabıd kəndləri ilə qonşu olub. Cavanşir kişi deyir ki, hələ sovetin güclü vaxtında da rayondakı müxtəlif dövlət idarələrində ermənilərin onlara qarşı kinli münasibətlərini həmişə hiss ediblər. Bunu İrəvana, yaxud qonşu Zəngəzur şəhərlərinə yolu düşəndə də görüblər. 1987-ci ildən açıq şəkildə azərbaycanlıların sıxışdırılmasına başlanılmışdı. Ən çox gecələr yerli əhalidə vahimə yaratmaq üçün basqınlar edilir, qonşu Cul kəndindən odlu silahlarla atəş açılır, birbaşa öldürmək məqsədilə onları hədəf alırdılar.  1988-ci ildən isə ermənilər kəndləri mühasirədə saxlayır, soydaşlarımızı rayon mərkəzinə getməyə qoymurdular. Əzizbəyov rayonu isə azərbaycanlı adı daşısa da, demək olar ki, bütün idarələrdə ermənilər vəzifə daşıyırdılar. Bunu Qnyaz Məmmədovun o dövrdən qalmış, daha doğrusu, rayon mərkəzindəki texniki peşə məktəbinə aid 1982-ci il məzunlarının vinetkasına da baxanda görmək olar. Burada bütün məzunların azərbaycanlı olduğu halda bütün rəhbər heyətin bir nəfərdən başqa erməni olması da, əslində, çox şeydən xəbər verir. Halbuki həmsöhbətlərim o zaman kəndlərindəki bütün təhsil işçilərinin adlarını yaxşı xatırlayırlar: məktəb direktoru Telman müəllim, Qasım müəllim, Sevindik müəllim kimi ziyalılar o zamanlar ucqar Ermənistan kəndində azərbaycanlı övladlara təhsil verərdilər. Kənddə yalnız 8 illik məktəb olduğundan uşaqlar 10 illik təhsil ala bilmək üçün 3 kilometr aralı Gömürə gedərmişlər. Təhsildən söz düşmüşkən, danışırlar ki, o zamanlar azərbaycanlıların Ermənistanda vəzifə tutmamaları üçün  məktəblərdə onlara yalnız Azərbaycan və rus dili öyrədilərdi. Elə buna görə idi ki, gənclər ali təhsil almaq üçün, əsasən, Bakıya, ya da ki, Naxçıvana gələrdilər. 
    Dərələyəzlilər əsl təsərrüfatcıldırlar. Bu bölgənin insanları bağçılıq, bostançılıq, heyvandarlıq və arıçılıqla hələ yüz illər əvvəldən məşğul olurmuşlar. Deyilənlərə görə, hələ o vaxtlar o mahalın camaatı Naxçıvana gəlib meyvə qurusu alıb apararmışlar. Ayrıca olaraq sovet dövründə bölgədə tütünçülük də inkişaf etdirilmişdi. Dərələyəz mahalında yaşamış insanların bu dağlarda bitən dərman bitkilərinə olan həvəsi isə elə otuz il əvvəl necə olubsa, indi də elədir. Keçəldağın ələyəzi, Kükü dağının əvəliyi, cacığı, baldırğanı, yarpızı, dağ göbələyi ozamankı kimi indi də çox sevilir. Cavanşir kişi deyir ki, qohumlarımızın əksəriyyəti indi Bakı şəhərində kompakt halda yaşasalar da, Şahbuz dağlarında bitən bu nemətləri həmişə arzulayırlar. Biz də imkan olan kimi onlara kiçik pay tuturuq. Torpaq çəkir axı. 
    Dərələyəzli qonşularımızla bu noyabr tətilində, Böyük Zəfərimizin 3-cü ildönümünü qürurla qeyd etdikdən az sonra görüşüb, geniş bağ-bağatlı həyətlərində söhbət edə bildik. Hamı kimi onların da üzü gülürdü. Artıq Ordumuz tam qələbə qazanmış, bütün qaçqınlar kimi onlara da fəlakət və acı həyat gətirmiş erməni faşizmi darmadağın edilmişdi. Doğma Qarabağa Böyük qayıdış başladığından onların da ürəyindəki Dərələyəzə dönə bilmək ümidləri cücərir, köhnə xatirələr yenidən baş qaldırır. Xatirələr isə boldur: Dərələyəzin Meşəbulağı, Yoxuşbulağı, Xanonun gölü, Həyligöl, Binələr, Ağkənd, Mərədüzü, Qarakilsənin Şəki şəlaləsi, Arpaçayın qızıl balığı, Gorusa, Laçına və Ağdama etdikləri səfərlər… Hamısı indi həsrətlə yada salınsa da, o zamanlar kəndli gənclərin Azərbaycan televiziyasına, xüsusən də “Neftçi”nin oyunlarına baxmaq üçün kənddə uca bir təpənin başında Şuşadan gələn televiziya siqnalının tutulduğu bir evə toplaşmaları çox şirin xatirə oldu. 
      Bu gün bütün qərbi azərbaycanlılar kimi dərələyəzlilər də nikbindirlər. Onlara qucaq açmış ikinci vətən – Azərbaycan Respublikası gücləndikcə bu nikbinlik daha da artır. Dərələyəzin bir addımlığından, Qanlıgölün Südlübulağın evlərinə gələn şərbət kimi şirin suyunda dəmlənmiş samovar çayına məni qonaq edən qonşularım – bir daha Dərələyəzə qayıda bilsəydiniz orada öz həyatınızı yenidən necə qurmağı arzulayardınız – sualıma – Müharibəsiz yaşamaq istərdik, – deyə cavab verdilər.

 Əli CABBAROV

Nəşr edilib : 21.11.2023 19:04