AZ EN RU

Dərdin dərdimizdir, qardaş Türkiyəm

    Bildiyimiz kimi, dünyada bir sıra dağıdıcı təbii fəlakətlər mövcuddur. Elə vaxtlar olur ki, dünya bu kimi hadisələr qarşısında aciz qalır. Məsələn, bir sıra ölkələrdə daşqınlar, tornadolar, zəlzələlər və sair baş verir. Bu yaxınlarda qardaş Türkiyədə baş vermiş zəlzələ əsrin fəlakəti hesab edildi.   6 fevral 2023-cü il tarixdə Kahramanmaraş, Malatya, Gaziantep, Hatay, Adana, Kilis, Adıyaman, Diyarbakır, Şanlıurfa, həmçinin Osmaniyədə 7.7 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 30 mindən çox insan həlak olub. Tarixdə Türkiyədə belə dağıdıcı gücdə zəlzələ sonuncu dəfə 1999-cu ildə baş vermiş və bu təbii fəlakətdə də xeyli sayda insan həlak olmuşdur. Dahi Azərbaycan şairi Bəxtiyar Vahabzadə həmin illərdə “Deprem” şeirini yazmışdır. Həmin şeirin misraları bu gün də dəhşətli faciənin ağrı-acısı kimi qulaqlarımızda səslənir: 

        Eşidincə ata yurdda depremi,
        Axdı yaşım, döndü başım, Türkiyə.
        Hər dərdimin, hər qəmimin ortağı,
        Can qardaşım, qan qardaşım, Türkiyə.

    Bəli, bu fəlakət baş verdiyi andan hər birimizin ürəyi qardaş Türkiyə ilə döyünür. Böyükdən-kiçiyə hər kəs televiziyada, sosial şəbəkələrdə son məlumatları öyrənməyə çalışır. Ölkə başçımızın göstərişi ilə təbii fəlakət baş verdikdən dərhal sonra ölkəmizin hər bir bölgəsindən Türkiyəyə Fövqəladə Hallar Nazirliyi tərəfindən xüsusi axtarış qrupu göndərildi. Həmçinin Azərbaycandan qardaş ölkəyə humanitar yardım aksiyasına başlanıldı. Bu yardıma doğma Naxçıvanımız da səylə qoşuldu. Naxçıvanda Türk Konsulluğunun qarşısı yardımlarla dolub daşdı. Həmin zaman oradan keçəndə böyük qürur hissi keçirdim. Ona görə ki, Azərbaycan və türk xalqları həmişə bir olub, bir olacaq. Atalarımızın bir məsəli var: “Güc birlikdədir”. Bax bu sözün deyiləsi əsl yeri məhz buradır. Sosial şəbəkədə xəbərləri oxuyarkən bir video qarşıma çıxdı. Həmin videoda Şəkidən olan 70 yaşlı Hikmət baba Türkiyənin yardım fonduna 100 AZN ianə etmişdir. Maraqlısı da odur ki, o həmin pulu borc götürüb və deyirdi ki, öz təqaüdünü alan kimi həmin pulu qaytaracaq. Hikmət baba bizim şanlı Vətən müharibəmiz zamanı da 180 manat təqaüdünü orduya yardım fonduna köçürmüşdü. 
    Televiziyada “Xəbərlər”i izləyərkən ürəyim pərən-pərən olur. Bunun səbəbi də odur ki, zəlzələ bölgəsində uşaqların dağıntı altından çıxarılandan sonra həmin xilasediciyə ilk verdiyi bu sualdır: “Anam və atam haradadır?” Düzdür, bəzilərinin valideynləri tapılır, ancaq elələri olur ki, heç valideynlərindən xəbər-ətər yoxdur.
    Yaxın günlərdə fransalı fotoqraf bir şəkil çəkmişdi. Həmin şəkildə ata dağıntılar altında qalan qızının əlini buraxmırdı. Həqiqətən, çox kədərləndirici bir foto idi. Artıq zəlzələdən günlər keçib, dağıntılar altından nə qədər insan xilas edilib. Allahdan tək bir arzumuz var ki, bu təbii fəlakət bir daha baş verməsin! Onu da deyək ki, bu təbii fəlakət faciə olmaqla bərabər, Türkiyə-Azərbaycan dostluğunun bariz nümunəsinə çevrildi. Necə deyərlər, “Bir millət iki dövlət!” olduğumuzu bir daha göstərdik.

Əmir İMANOV
Naxçıvan şəhər 4 nömrəli məktəbin 9-cu sinif şagirdi

Nəşr edilib : 14.02.2023 21:01