AZ EN RU

Deputat: Xankəndidən gedən ermənilər xunta rejiminin girovu idilər

Sentyabrın sonunda Azərbaycan öz ərazisində qısa vaxt ərzində lokal antiterror tədbirləri görüb, qanunsuz silahlı birləşmələri zərərsizləşdirib. Bu zaman mülki əhalinin təhlükəsizliyinin təmin olunması üçün bütün tədbirlər görülüb. Bunu Ermənistanın baş naziri də açıqca bəyan edib. O bildirib ki, Qarabağda erməni sakinlərə qarşı təhdid olmayıb, onlara qarşı kütləvi zorakılıq törədilməsi ilə bağlı xəbərlər doğru deyil. Ölkənin rəhbəri Ermənistan dövlətinin mövqeyini əks etdirən fikirlər söyləyir, bəzi araqarışdıranlar isə, - yeri gəlmişkən, onların tör-töküntüləri elə burada var, - bağırır ki, yox belə deyil. Belələri ermənilərin, azərbaycanlıların, eləcə də həqiqətin düşmənləri sayılır.

Bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun payız sessiyası çərçivəsində müzakirə olunan “Qarabağda humanitar vəziyyət” adlı məruzənin müzakirəsi ilə bağlı avropalı parlamentarilərə təqdim olunmuş yazılı çıxışında qeyd edib. Deputat vurğulayıb ki, Qarabağ ermənilərinin əksəriyyəti Azərbaycanı tərk etsə də, qalanlar da var. Ölkədən çıxan ermənilərin əksəriyyəti Azərbaycan dilində danışır. Bu, ciddi göstəricidir. Otuz ildir ki, orada bir nəfər belə azərbaycanlı yox idi. Onlar azərbaycanca belə sərbəst danışa bilirlərsə, bu, bir daha onu təsdiq edir ki, Xankəndidə 30 il əvvəl də azərbaycanlılar yaşayıb. Ona görə də ermənilər bu dili belə yaxşı mənimsəyiblər.

“Heç bir təzyiq olmadan ermənilərin Qarabağı tərk etmələrini “etnik təmizləmə” adlandıranlar bu anlayışın siyasi mənasından xəbərsiz olanlar və təxribatçılardır. Amma hər halda, bir çoxları təəccüblənir ki, niyə Azərbaycan Qarabağ ermənilərinə birgəyaşayışla bağlı bütün zəmanətləri vəd etdiyi halda, onlar Xankəndini belə axınla tərk ediblər. Səbəb sadədir. Onlar 30 ildən artıq idi ki, qondarma rejim və həmin rejimi təsiri altında saxlayan qüvvələrin girovu idilər. Onlar o yerləri çoxdan tərk edər, ermənilərin daha çox üz tutduqları Rusiyada və ya Avropa ölkələrində yerləşərdilər. Onlara oradan çıxmağa imkan vermirdilər. Onlar Xankəndi boyda həbsxananın dustağı idilər. İndi onlar azadlığa çıxan məhbuslar kimidir. Burada söylədiklərimi hər kəsin bir il sonra real həyatla tutuşdurub yoxlamaq imkanı olacaq. Heç bir il çəkməyəcək, şahidi olacağıq ki, dırnaqarası rejimin, xuntanın əlindən qurtulub indi oraları tərk etmiş ermənilərin neçəsi Azərbaycanın idarəçiliyində olan həmin yerlərə məmnuniyyətlə qayıtmaq, azərbaycanlılarla birgə əmin-amanlıq şəraitində yaşamaq istəyəcək.

Sözüm üzdə özünü guya erməni xalqına havadar kimi göstərən, amma apardıqları siyasətlə, etdikləri çıxışlarla, hazırladıqları sənədlərlə o xalqı daha çox bədbəxtliyə sürükləyənlərədir”,- deyə R. Hüseynov bəzi avropalı parlamentarilərə reallığı izah edərək ermənilərə daha artıq bədbəxtlik gətirməməyə çağırıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Nəşr edilib : 14.10.2023 09:00