AZ EN RU

Deputat: Dünyanın xəbər agentlikləri Azərbaycan jurnalistinə qarşı törədilən hadisəyə reaksiya verməlidir

AZƏRTAC-ın Fransanın dənizaşırı müstəmləkəsi olan Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşı Aygün Həsənovanın bu ölkənin rəsmi dairələri tərəfindən jurnalist kimi peşəkar fəaliyyətini yerinə yetirməsinə qanuni əsas göstərmədən maneçilik törədilməsi yolverilməzdir. Jurnalistin polis bölməsində saxlanılaraq “arzuolunmaz şəxs” qismində ölkədən çıxarılması yalnız Azərbaycan jurnalistlərinə deyil, ümumilikdə söz və mətbuat azadlığına, azad medianın inkişafına, jurnalist fəaliyyətinə qarşı olan bir davranışdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Onun sözlərinə görə, baş verən hadisə bir daha sübut edir ki, dünyada hələ də söz və ifadə azadlığına, azad jurnalistika fəaliyyətinə təzyiq davam edir. Dünya ictimaiyyəti, xəbər agentlikləri, mətbuat ittifaqları bu hadisəyə reaksiya verməlidir.

Söz və mətbuat azadlığının sağlam demokratiya üçün vacib olduğunu diqqətə çatdıran A.Məmmədov deyib: “Dünyanın heç bir demokratik ölkəsində jurnalistlərə qarşı belə hərəkətlərə yol verilmir. Bu hadisə ancaq diktatura hökm sürən dövlətlərdə baş verə bilər. Medianın iş şəraiti və azadlığının qorunması konstitusiya və beynəlxalq hüquqla tənzimlənir. Beynəlxalq media azadlığı sahəsində nümunə olmağa çalışan Fransada öz xidməti vəzifəsini yerinə yetirən jurnalistə əsassız şəkildə peşəkar fəaliyyətinə təzyiq göstərilməsi yolverilməzdir və bu hadisənin törədilməsi böyük təəssüf doğurur. Biz Fransa hökumətini bu hüququ qorumaq üçün bütün lazımi addımları atmağa və jurnalistin təqib və hədə qorxusu olmadan öz işlərini görmələrini təmin etməyə çağırırıq”.

Son illər Fransada siyasi və sosial problemlərin dünyanın diqqətində olduğunu qeyd edən deputat bildirib ki, Fransa hakimiyyətinin yarıtmaz siyasəti əhalinin haqlı narazılığına səbəb olur. Ölkədə insan hüquqları kobud şəkildə pozulur, mətbuat azadlığı boğulur. Fransa hökuməti, xüsusilə Prezident Emmanuel Makron hakimiyyəti dövründə bu cür hadisələrə laqeyd yanaşır, azad sözün boğulmasına göz yumur. Bütün bunların nəticəsi olaraq nəinki Fransa jurnalistləri, həmçinin həmin ölkədə fəaliyyət göstərən digər dövlətlərin jurnalistləri də bu cür çətinliklərlə üzləşirlər.

“Təəssüf doğuran digər hal isə ondan ibarətdir ki, Parisdə media azadlığının müdafiəsi ilə məşğul olan bir neçə beynəlxalq təşkilat mövcuddur, o cümlədən “Sərhədsiz Reportyorlar” təşkilatının mənzil-qərargahı Paris şəhərində yerləşir. Beynəlxalq statuslu jurnalist təşkilatları, həmçinin “Sərhədsiz Reportyorlar” da bəhs olunan bu tip insidentlərə ikili standartlarla yanaşırlar. Onlar yerləşdikləri ölkə ərazisində jurnalistika ilə bağlı baş verən hadisələrə lazımi qiymət vermir, hətta belə faktları gizlədirlər. Biz Fransa hökumətinə, hüquq-mühafizə orqanlarına, eyni zamanda, Fransada yerləşən beynəlxalq statuslu jurnalist təşkilatlarına müraciət edərək bu faktın araşdırılmasını və lazımi ölçü götürülməsini tələb edirik”, - deyə Anar Məmmədov bildirib.

Nəşr edilib : 06.12.2023 18:00