AZ EN RU

Deputat Azərbaycanın Gürcüstanla sərhəddə avtomobil körpülərinin inşa edilməsini təklif edib

Azərbaycanın Gürcüstanla sərhədində Rusiya ilə buraxılış məntəqəsinin ərazisində olduğu kimi avtomobil körpüləri yaradılmalıdır.

Bunu deputat Siyavuş Novruzov bu gün keçirilən Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan–Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) -“Yaraq–Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün və giriş yollarının istismarı və onlara xidmət göstərilməsi qaydaları haqqında Saziş”in müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, belə sazişlər təkcə Rusiya ilə deyil, gələcəkdə Gürcüstanla da bağlanmalıdır.

Deputat bildirib ki, Gürcüstanla Azərbaycanın sərhədyanı bölgələrində həm Qazaxda, həm də Zaqataladan bu cür avtomobil körpüləri açılmalıdır: “Həmin bölgədə yaşayan insanların da buna ehtiyacı var. Məsələn, “Qırmızı körpü” sərhəd keçid məntəqəsindən keçən azərbaycanlılar digər tərəfdən Zaqatalaya öz kəndlərinə gəlmək üçün 70 km məsafə qət edirlər. Halbuki, Zaqataladan ölkə ərazisinə daxil olsalar, onlar öz kəndlərinə çatmaq üçün 15 km məsafə qət edəcəklər. Bu məsələlər nəzərə alınmalıdır”.

S. Novruzov hesab edir ki, bu yollar gələcəkdə Zəngəzur dəhlizinin açılması ilə bilavasitə birləşdirici rolunu oynayacaq: “Bunun üçün də indi imkan, məqam var ki, Zəngəzur dəhlizi açılana qədər digər yolları, körpüləri və sərhəd-keçid məntəqələrini qaydaya salaq”.

Nəşr edilib : 21.05.2024 14:29