AZ EN RU

Deportasiya tariximiz və Naxçıvan

    “Şərq qapısı” qəzetinin 28 mart 1998-ci il sayında dərc edilən “Deportasiya tarixi və Naxçıvan” adlı konfransın materialları əsasında

    Naxçıvan torpağını qarış-qarış dolaşdıqca, tarixin toz basmış səhifələrini vərəqlədikcə, məğlubedilməzliyi, qəhrəmanlığı, torpaq sevgisi, vətənsevərliyi ilə özünü təsdiq edən Oğuz türkünün şanlı tarixini görürük. Hər daşında ox nişanı olan bu torpağın özü qədər ulu və qədim olan, doğma və əzəmətli səslənən “Naxçıvan” sözü hər bir azərbaycanlı üçün əzizdir. Çünki Naxçıvan tarixboyu türk-islam aləminin alınmaz qalası, Azərbaycan dövlətçiliyinin əməl və yaddaş mərkəzi olub. Bu səbəbdəndir ki, düşmənlərimiz yüz illər boyu bu torpaqlara sahiblənməyə çalışıblar, ancaq acı məğlubiyyətdən başqa heç nə əldə edə bilməyiblər. Yurdumuzu bir zamanlar ana Vətəni Azərbaycandan ayırıb, erməni millətçilərinin əli ilə erməniləşdirməyə cəhd göstərsələr də, naxçıvanlılar buna nail olunmasına macal verməyib. 

    Tarixi sənədlərdən aydın olur ki, qədim Azərbaycan torpaqlarından azərbaycanlıların çıxarılması və burada ermənilərin yerləşdirilməsi məhz 19-cu əsrin əvvəllərindən başlamışdır. 1813-1828-ci illərdə Gülüstan və Türkmənçay müqavilələri bağlandıqdan sonra azərbaycanlıların xeyli hissəsi İrəvan xanlığından qovulmuş və onların yerinə ermənilər köçürülüb gətirilmişdir. Türkmənçay müqaviləsindən sonra general Lazerevin təşəbbüsü ilə İrandan 45 min erməni Zaqafqaziyaya, o cümlədən Azərbaycana köçürülmüşdür. Köçürmədə başlıca məqsəd çar Rusiyası ilə daim ziddiyyətdə olan Türkiyə və İran dövlətləri qarşısında özünə sadiq xristian dövləti yaratmaq, lazım olanda bu dövlətdən maşa kimi istifadə etmək, eyni zamanda yerli xalqı zəiflətmək və onun etnik tərkibini dəyişdirmək idi. 
    Çar Rusiyasının hakim dairələrində yaxşı başa düşürdülər ki, Naxçıvan türk xalqlarını birləşdirən körpüdür, buna görə də onların türklərlə yaxınlaşmasının qarşısını almaq məqsədilə erməniləri qızışdırıb ayrı-ayrı yerlərdə, xüsusən Naxçıvan, Zəngibasar, Basarkeçər, Zəngəzur və sair yerlərdə kütləvi qırğınlar təşkil edirdilər. Köçkünlər ərazinin ən səfalı yerlərində, xüsusən albanlara məxsus xristian abidələrinin olduğu kəndlərdə yerləşdirilirdi. Tarixi faktlar sübut edir ki, təkcə 1828-ci ildə Naxçıvan əyalətinə İrandan 2551 erməni ailəsi köçürülmüşdür. Köçkünlər, əsasən, əliboş gəlirdilər və hökumət yerli əhalini məcbur edirdi ki, özlərinin münbit torpaqlarını, yaşayış evlərinin bir hissəsini onlara versinlər. Ermənilərin böyük yaşayış məntəqələrində yerləşdirilməsinə xüsusi diqqət verilirdi. Tarixi sənədlərdə göstərilir ki, 1826-28-ci illər Rusiya-İran müharibəsi nəticəsində Rusiya Naxçıvan və İrəvan xanlıqlarını işğal etmiş və bu əraziləri süni yolla erməniləşdirməyə çalışmışdır. Həmin tarixi hadisələrin və ermənilərin Naxçıvana gətirilməsinin canlı şahidi, iştirakçısı olmuş rus yazıçısı və diplomatı Qriboyedov məhz o dövrlərdə Naxçıvanı “müsəlman ölkəsi” adlandırırdı.
    Tədqiqatçıların araşdırmalarında Azərbaycanın tarixi ərazilərindən olan Dərələyəz mahalında əhalinin tərkibi diqqəti xüsusilə cəlb edir. Rus işğalından sonra Naxçıvan dairəsinin Dərələyəz mahalı adlanan ərazisi iki hissəyə ayrılıb; Qərbi və Şərqi Dərələyəz. Qərb hissəsində 9 kənddə ailələrin ümumi sayı 346 olub ki, ondan 252-si Azərbaycan türk ailəsi, 37-si isə İrandan köçürülmüş erməni ailələri idi. Şərqi Dərələyəz 24 dağılmış və 37 yaşayış olan kəndi əhatə edirdi. Burada ailələrin sayı 907 idi. Ondan 660-ı azərbaycanlı, 247-si isə İrandan köçürülmüş erməni ailəsi idi. Göstərilən dəlillər və rəqəmlər bir daha sübut edir ki, rus çarının vəsiyyətini yerinə yetirən sovet imperiyası “Ermənistan” adlanan respublikanı azərbaycanlıların qədim ata-baba torpaqları üzərində bərqərar etmişdir. 
       Ermənilər isə sahibləndikləri qədim Azərbaycan torpaqlarını azərbaycanlılardan təmizləmək üçün ən iyrənc vasitələrə, o cümlədən kütləvi qırğınlara, soyqırımına əl atdılar. 
    Tarixi vərəqlədikcə məlum olur ki, 1905-1907-ci illərdə ruslar və ermənilər tərəfindən azərbaycanlılara qarşı böyük qırğınlar törədilmiş və bir çox yerlər dağıdılaraq viran edilmişdir. 1918-1920-ci illərdə ermənilərin istər Ermənistanda, istərsə də Naxçıvan, Şərur-Dərələyəz və Ordubad qəzalarında törətdikləri cinayətlər daha dəhşətli olmuşdur. 1920-ci il martın 21-də Novruz bayramı günü Zəngəzur tərəfdən 10 min nəfərdən ibarət olan erməni silahlı dəstələri Ordubad qəzasının kəndlərinə basqın edərək kəndləri yandırmış, əhalinin bir qismini öldürmüş və əmlaklarını talan etmişlər. M.S. Ordubadi 1911-ci ildə çap etdirdiyi “Qanlı sənələr” adlı əsərində, konkret tarixi sənədlər, çoxlu müxbir məktubları və şəxsi müşahidələri əsasında 1905-1906-cı illərdə törədilmiş milli qırğın siyasətini, onun başlanma səbəblərini, mahiyyətini, gedişini və nəticələrini obyektiv surətdə işıqlandırmağa müvəffəq olmuşdur. Onu da qeyd etmək lazımdır ki, müəllif “Dumanlı Təbriz”, “Gizli Bakı”, “Döyüşən şəhər” romanlarında “Həyatım və mühitim” adlı qiymətli xatirələrində də yeri gəldikcə milli qırğınla bağlı söz açmış, qaçqınlıq məsələsinə toxunmuşdur.
    Tarixi mənbələrdən aydın olur ki, 1917-ci il çevrilişindən sonra Zaqafqaziyanın başqa rayonlarında olduğu kimi, Naxçıvan vilayətində də çox mürəkkəb siyasi vəziyyət əmələ gəlmişdir. 1918-ci ilin əvvəllərində Naxçıvanda Naxçıvan Milli Komitəsi yaradılmışdır. Paytaxtı Naxçıvan olan bu Milli Komitənin əhatə etdiyi ərazi Mehridən Uluxanlıya qədər idi. Hiyləgər, xain ermənilər Naxçıvan Milli Komitəsinə tabe olmayaraq 1918-ci ildə qədim Azərbaycan yurdu olan İrəvan xanlığı ərazisində cəmi 9 kvadratkilometrlik bir sahədə erməni daşnak dövləti yaratdılar. Daşnakların fikri Naxçıvan, Zəngəzur, Qarabağ və başqa torpaqlar hesabına Ermənistan ərazisini genişləndirmək idi. 1918-ci ilin may-iyun aylarında ingilis-amerikan imperialistlərinin göstərişi ilə daşnak generalı Andranik Ozanyanın “könüllü korpusu” ilk soyqırımı Araz kənarında yerləşən Yaycı kəndində aparmışdır. Bu qaniçənlər kəndi talayaraq əhalini qılıncdan keçirmiş, qadın, qoca və uşaqları Arazın sularında boğmuşlar. Həmin dövrdə yaşayan tarixçilər Yaycı soyqırımında Arazın suyunun rənginin qırmızıya döndüyünü yazırdı. Kəndin ortasında salınmış qəbiristanlıq qaniçən Andranik ordusunun qətlə yetirdiyi insanların qəbirləridir.
    Yaycını yer üzündən silməyə çalışan erməni quldurları Nehrəm kəndinə və Naxçıvana hücum etdikdə vətənpərvərlər tərəfindən sarsıdıcı zərbə alaraq geri oturdular. Həmin çətin günlərdə Naxçıvana gəlmiş qardaş türk ordusunun köməkliyi ilə biabırcasına məğlub olmuş Andranik öz ordusu ilə Sisyana çəkilməyə məcbur olur. Bu hücum zamanı 18 kənd viran qoyulur, Qahab, Sirab əhalisi qılıncdan keçirilir. Həmin vaxtlar Azərbaycan Xalq Cümhuriyyəti düşdüyü çətin vəziyyətlə əlaqədar olaraq Naxçıvana lazım olan köməyi göstərə bilmirdi. Naxçıvan əhalisi, yerli ziyalılar erməni daşnaklarına qarşı inadla mübarizə apardı və mənfur düşmən öz arzusunu reallaşdıra bilmədi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Nəsib bəy Yusifbəyli parlamentdəki çıxışlarından birində naxçıvanlıların qəhrəmanlığı haqqında deyirdi: “İgid naxçıvanlılar, şərurlular bütün çətinliklərə özləri qalib gəldilər, onlar həyatlarını, ailələrinin şərəfini, var-dövlətlərini riskə qoyaraq, doğma torpağa, Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da hökumətin işini asanlaşdırdılar. Güman edirəm ki, haqq və ədalət tərəfdarları bu qətiyyəti, fədakarlığı və vətənpərvərliyi görəndən sonra naxçıvanlıların qanuni hüquqlarını danmayacaqlar”.   
    Naxçıvanlıların qəhrəmanlığını mənfur düşmənin özü belə etiraf edirdi. Ermənistanın birinci baş naziri O. Kaçaznuni 1923-cü ildə deyirdi: “Müsəlman Naxçıvanı və Şərurunda inzibati tədbirlərlə qayda-qanun yarada bilmədik, silaha əl atmağa, qoşun yeritməyə, dağıtmağa və qırğın törətməyə məcbur qaldıq. Şərur, Naxçıvan kimi mühüm yerlərdə öz hakimiyyətimizi, hətta silah gücünə qura bilmədik, məğlub olub geri çəkildik”. 
    Erməni millətçilərinin “böyük Ermənistan” uğrunda mübarizələri sovet hakimiyyəti dövründə Naxçıvana qarşı işğalçılıq siyasəti müstəvisinə keçərək bəzi yerlərdə müəyyən torpaq sahələrinin qoparılması ilə nəticələndi. Təsadüfi deyildir ki, ovaxtkı sovet rəhbərliyinin xeyir-duası ilə reallaşdırılan bu siyasət strateji məramlara söykənərək Naxçıvan ərazisinin Azərbaycandan ayrılmasına və faktiki olaraq təcrid olunmasına gətirib çıxardı. 
    1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranarkən 114 min kvadratkilometr sahəsi olduğu halda, hazırda respublikamız 86,6 min kvadratkilometr sahəyə malikdir. 27,4 min kvadratkilometr torpaq sahəmizin əksəriyyəti Ermənistana “pay” verilmişdir. Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 18 fevral 1929-cu il tarixi Qərarı ilə Naxçıvan Muxtar Respublikasının 9 kəndi 625 kvadratkilometr sahə ilə birlikdə Ermənistana qatılmışdır. 1920-ci ildə Zəngəzur və Göyçə mahalları Ermənistana verilmişdir. 1948-49-cu illərdə 100 min nəfər, 1988-ci ildə 200 min nəfər azərbaycanlı sonuncu nəfərinədək zorla Ermənistandakı dədə-baba torpaqlarından köçürüldü, ermənilər “Ermənistan ermənilər üçündür!” şüarını həyata keçirdilər. 
    1929-cu il fevralın 18-də Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Moskva və Qars beynəlxalq müqavilələrinin şərtlərinə məhəl qoymadan və bu müqaviləni imzalayan dövlətlərlə razılaşdırılmadan Naxçıvana məxsus ərazilər – Şərur rayonunun Xaçik, Horadiz, Ordubad rayonunun Karçevan, Şahbuz rayonunun Orbin, Sultanbəy, Ağxəc, Səs, Almalı və İtqıran kəndləri Ermənistan SSR-in tərkibinə verilmişdir. Ermənistana verilən ərazilərin ümumi sahəsi 657 kvadratkilometr təşkil edirdi. Bunlardan əlavə, Cəbrayıl qəzasının Zəngilan nahiyəsi tabeliyində olan azərbaycanlıların yaşadıqları Aldərə, Lehvaz və Nüvədi kəndlərinin sakinlərinin rayon mərkəzindən uzaq olmaları barədə narazılıqlarından məharətlə istifadə edən ermənilər bu regionda yeni rayon yaratmaqla həmin kəndləri də Ermənistan SSR ərazisinə qatmışlar. Belə ki, 1930-31-ci illərdə bu yolla süni şəkildə Mehri rayonu yaradılmış, Naxçıvanın ərazi cəhətdən Azərbaycanla əlaqəsi kəsilmişdir. 
    1928-1932-ci, 1942 və 1963-cü illərdə Azərbaycan SSR-in, o cümlədən Naxçıvan ərazisinin topoqrafik xəritələri tərtib edilərkən milliyyətcə erməni və rus olan kartoqraflar Naxçıvanın ziyanına və Ermənistanın xeyrinə yönəldilən çoxlu təhriflərə yol vermiş, beləliklə, vahid dövlət məkanında daşnak Ermənistanın yeni torpaqlar zəbt etmək siyasəti hiyləgər yollarla davam etdirilmişdir. Belə ki, 1969-cu ilin may ayında Azərbaycan SSR Nazirlər Soveti Azərbaycanın və Naxçıvanın sərhəd kəndlərinin bir hissəsinin Ermənistana verilməsi haqqında qərar qəbul etmişdir. Lakin bundan iki ay sonra Azərbaycanda hakimiyyətə gələn dahi rəhbər Heydər Əliyevin qətiyyəti nəticəsində həmin qərar həyata keçirilməmişdir. Ermənistan və onun Moskvadakı havadarları  dahi rəhbər Heydər Əliyev siyasi hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra ərazi və torpaq iddialarını reallaşdıra bilmişdir. 
    20-ci əsrin 90-cı illərində SSRİ-nin dağılması və bununla bağlı milli azlıqların iddiaları dalğasında formalaşan şəraitdən istifadə edərək Ermənistanın hakimiyyət dairələri öz ərazi iddialarını bu dəfə açıq müharibə yolu ilə reallaşdırmağa başladılar. Naxçıvana qarşı ərazi iddialarının vahid mərkəzdə hazırlanmasını belə bir fakt sübut edir ki, 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya qanlı hücumundan 8 saat əvvəl erməni-rus birləşmələri Naxçıvan Muxtar Respublikasına hücum etsə də, Sədərək istiqamətində qanlı döyüşlər getməsinə baxmayaraq, muxtar respublika sakinləri bir olaraq əliyalın şəkildə öz torpağını qorudular. El bir olub bütün çətinliklərə sinə gərdi və Vətənimizin bu qədim yurdunda bugünku müstəqil, azad Azərbaycanın təməli atıldı. Onun baş memarı isə xalqın böyük oğlu Heydər Əliyev idi. 
    Dahi rəhbərin qurub-yaratdığı, yox olmaq təhlükəsindən xilas etdiyi Azərbaycan bu gün dünya dövlətləri arasında söz sahibi olan bir ölkədir. Vətənimizin ayrılmaz tərkib hissəsi olan qədim yurdumuz tarixin bir çox çətinliklərinə sinə gərərək öz milli kimliyini hər zaman qoruyub və bu gün də qorumaqdadır. Hər qarışından Vətən ətri, hər küncündən igidlik təravəti gələn doğma yurdumuz əsrlərdir ki, doğma anası Azərbaycanın ayrılmaz tərkib hissəsi olub, baxmayaraq ki, 19-cu əsrin əvvəllərində onu Vətənindən qismən ayırıblar, etnik tərkibini dəyişməyə çalışıblar. Bu yurdu bir neçə kilometrlik torpaq sahəsi ilə öz anasından ayırsalar da, ürəyi həmişə Azərbaycanla bir döyünüb. Ümid edib ki, bizi ayıran yollar bir zaman gələcək yenə də birləşdirəcək. Və bu zaman o zamandır. Şanlı Vətən müharibəsinin igid qəhrəmanları düşməni diz çökdürərək bu sevinci yaşatdı öz yurduna. Bir zamanlar Naxçıvanı Azərbaycandan ayıran Zəngəzur bu gün bizi bir-birimizə birləşdirən körpü olacaq. Dahi türk atasının dediyi kimi: “Əminəm ki, Azərbaycan bir gün haqqı olan müstəqilliyi yenidən qazanacaq və Naxçıvan Türkiyəni Azərbaycanla bağlayacaq, Türküstana qapı olacaq”. Bəli, Türk dünyasının atası Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün dediyi həmin günə az qalıb. Vətən müharibəsindən sonra qazanılan Zəfərin sayəsində Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan əzəli torpağımız olan Zəngəzur dəhlizi vasitəsilə Türk dünyasına açılan qapı, türk respublikalarını bir-birinə birləşdirən körpü olacaq. Ümidlərin, xəyalların gerçəyə döndüyü körpü. 

 Ramiyyə ƏKBƏROVA 

Nəşr edilib : 22.11.2023 18:57