AZ EN RU

Demokratik tribunanın, azad sözün, müstəqil mətbuatın ziyasında...

Böyük demokrat Cəlil Məmmədquluzadə deyirdi ki, dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki, mal-mülk tələf olur gedir, amma söz qalır. Bəli, daşdan süzülə-süzülə damlayan su saflaşaraq şəffaf hala gəldiyi kimi, düşünülüb ifadə edilən, yerində, zamanında lakonik şəkildə deyilən sözün qiyməti hər şeydən üstündür. Elə güclü zəkaya əsaslanan söz sənəti hesab olunan jurnalistikada, mətbuat sahəsində də belədir. Zaman-zaman çox insan əlinə qələm alıb fikir yürütməyə, cəmiyyəti istiqamətləndirməyə çalışsa da, bu çətin və məsuliyyətli peşənin yükünü çiyinlərində sonadək layiqincə daşımaq hər kəsə nəsib olmayıb...
Qloballaşan dünyada informasiya-kommunikasiya texnologiyalarının cəmiyyətin inkişafındakı mövqeyi daha da artmaqdadır. Demokratiyanın meyarı hesab edilən söz və mətbuat azadlığı senzuraya məruz qalan cəmiyyətlərdə insan hüquqlarının tez-tez pozulması ilə nəticələnə bilir. Bu səbəbdən beynəlxalq qurumlar və demokratik təsisatlar həmin vəziyyəti xüsusi diqqətdə saxlamaqla bir sıra qərarlar qəbul ediblər. XX əsrin son onilliyində dünyada yaranmış siyasi reallıqları nəzərə alan müxtəlif ölkələrin jurnalistləri azad mətbuat prinsiplərinin maneəsiz yayılması və bəşəri bəlalara qarşı birgə mübarizənin zəruriliyini bildirib. Nəticədə, 1991-ci il mayın 3-də Namibiyanın Vindhuk şəhərində Bəyannamə qəbul olunub, YUNESKO-nun tövsiyəsi əsasında isə 1993-cü ilin mayın 3-ü BMT Baş Assambleyası tərəfindən Ümumdünya Mətbuat Azadlığı Günü elan edilib. Bəyannamənin qəbulundan 31 il keçsə də, bütün digər insan hüquqlarının hərəkətverici qüvvəsi kimi informasiya axtarmaq, ötürmək və almaq azadlığı aktual olaraq qalır. Bir çox ölkələrdə müstəqil medianın yayılması və rəqəmsal texnologiyaların yüksəlişi informasiyanın sərbəst axınına şərait yaradıb. Bununla belə beynəlxalq ictimaiyyətin üzləşdiyi çoxsaylı böhranlar – münaqişələr və zorakılıq, miqrasiyaya səbəb olan davamlı sosial-iqtisadi bərabərsizliklər, ekoloji böhranlar və bütün dünyada insanların sağlamlığı və rifahı üçün problemlər çox vaxt dezinformasiyanın çoxalması ilə nəticələnir ki, bu kritik vəziyyətlərə və təhdidlərə qarşı durmaqda mətbuat azadlığı, jurnalistlərin təhlükəsizliyi və informasiyaya çıxış əsas yer tutur. 
Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsində təsbit olunmuş ifadə azadlığı hüququ bütün digər insan hüquqlarından istifadənin ilkin şərti və hərəkətverici qüvvəsidir. Bu baxımdan Ümumdünya Mətbuat Azadlığı Günü bütün digər insan hüquqlarından istifadənin açarı kimi müstəqil, plüralist media olaraq yeni mətbuat azadlığına çağrışdır. 1997-ci ildən etibarən təsis edilmiş Ümumdünya Mətbuat Azadlığı Mükafatı dünyanın istənilən yerində mətbuat azadlığının müdafiəsində və ya təşviqində böyük töhfələri olan, xüsusən də mətbuat azadlığının təmin edilməsində müstəsna xidmətlər göstərən layiqli şəxsə, təşkilata və ya quruma verilir. Ümumdünya Mətbuat Azadlığı Günü ölkəmizdə də fəal dəstəklənir, insan hüquqlarının müdafiəsi, söz və mətbuat azadlığı kimi məsələlərə xüsusi önəm verilir. Məlumdur ki, Azərbaycanda mətbuatın əsası 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşri ilə qoyulub. Mətbuat tariximizin solmayan günəşi olan bu qəzetin yaradıcısı Həsən bəy Zərdabi onun əsas məqsəd və vəzifələrindən biri kimi insanların məlumat almaq hüquqlarını üstün tutaraq yazırdı: “Qəzetin muradı xalqın gözünü açmaqdır, həyatda olan işləri ayna kimi xalqa göstərsin ki, xalq da onun əlacının dalınca getsin”. “Əkinçi”dən güc alan Azərbaycan mətbuatı bu gün fəaliyyətini günümüzün reallıqları səviyyəsində qurmağı bacaran müstəqil media vasitəsinə çevrilib. 
Mətbuatın əsas silahı olan söz və azad düşüncənin həqiqi azadlığa qovuşması Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət müstəqil mətbuatın inkişafına xüsusi diqqət yetirib, 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanla ölkəmizdə söz, fikir və mətbuat azadlıqlarının təminatına əlverişli şərait yaradıb, senzura ləğv olunub, dövlətin mətbuat üzərində nəzarətinə son qoyulub. Azərbaycan Respublikasının Konstitusiyasında söz, fikir və mətbuat azadlığı təsbit olunub. Ulu Öndərin müvafiq Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə Tədbirlər Proqramı” təsdiq edilib. Bir sıra qəzetlərin Azərbaycan nəşriyyatına olan borclarının ləğvi onların fəaliyyətinə böyük töhfə verib. Məhz milli mətbuatın inkişafına göstərdiyi qayğının nəticəsi idi ki, 2002-ci ildə Ümummilli Lider Heydər Əliyev “Jurnalistlərin dostu” mükafatına layiq görülərək dünya siyasətçiləri arasında bu mükafatı almış ilk dövlət başçısı olub. Ulu Öndər öz çıxışlarında mətbuatın rolu, onun əsas vəzifələrindən bəhs edərək deyirdi: “Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir. O, həyatın güzgüsü, həqiqətin carçısı olmalıdır, insanları yüksək ideallar uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir”.
Bu gün görkəmli dövlət xadiminin mütərəqqi siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ölkəmizin media məkanında mövcud qanunvericilik daha da təkmilləşdirilir. Bu məqsədlə dövlət başçısının 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb. Prezident cənab İlham Əliyev tərəfindən 2022-ci il 8 fevral tarixdə təsdiq olunmuş “Media haqqında” Azərbaycan Respublikasının Qanunu media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Qanun, həmçinin jurnalistlərin peşəkar fəaliyyətinin maneəsiz və effektiv həyata keçirilməsinə, media subyektlərinin yaradıcılıq və redaksiya müstəqilliyinin ən etibarlı şəkildə müdafiəsinə və ifadə azadlığının möhkəmləndirilməsinə yönəlmiş təminat mexanizmlərinin daha da gücləndirilməsi üçün hüquqi əsas formalaşdırır. 
Həmçinin ötən il Prezident cənab İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişikliyə əsasən media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi əlavə dəyər vergisindən azad edilib. Eyni zamanda media subyektlərinin öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri, habelə onlara Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən verilən maddi yardımlar gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilib. Bütün bu amillər, eləcə də milli mətbuatın ildönümlərinin dövlət səviyyəsində geniş qeyd olunması, mediaya yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, güzəştli ipoteka şərtlərinin müəyyənləşdirilməsi, jurnalistlərin fəxri adlar və dövlət mükafatları ilə təltif edilməsi, onlarla mütəmadi görüşlər mətbuata və mətbuat işçilərinə qayğının bariz göstəriciləridir. 
Azərbaycan mediası söz və informasiya azadlığı hüquqlarından istifadə edərək ölkənin ən çətin anlarında, xüsusilə də İkinci Qarabağ müharibəsində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi. Müzəffər Ordumuzun şanlı zəfəri ilə bitən 44 günlük Vətən müharibəsində və sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında informasiya cəbhəsinin əzmkar döyüşçüləri – jurnalistlərin fəaliyyəti olduqca böyük idi. Bu sahədə ən böyük missiyanı isə Ali Baş Komandan, Prezident cənab İlham Əliyev reallaşdıraraq Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumuna geniş müsahibələr verib, bu gün və gələcək üçün aktual olan tarixi və jurnalistika dərsləri keçib. 
Ölkə başçısının rəhbərliyi ilə Naxçıvanda da media sahəsində ciddi keyfiyyət dəyişiklikləri əldə olunub, azad mətbuatın formalaşmasına şərait yaradılıb. Dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, kütləvi informasiya vasitələrinin fəaliyyətinin genişləndirilməsi bu sahədə mühüm nailiyyətlərin qazanılmasına əsas verib. 2005-ci ildə Naxçıvan Mətbuat Şurasının, 2010-cu ildə “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni binanın istifadəyə verilməsi və müasir mətbəə avadanlıqlarının quraşdırılması, cari ildə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin Naxçıvan Regional İdarəsinin yaradılması bu sahənin inkişafına yeni imkanlar açıb. Ötən müddətdə mətbuat sahəsində çalışanların əməkhaqları artırılıb, əməyi ilə fərqlənən jurnalistlər fəxri adlara layiq görülüb. “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin ötən müddətdə maddi-texniki bazası gücləndirilib, yeni yayım avadanlıqları tətbiq olunub, televiziyanın efir vaxtı 17 saata çatdırılıb, Bakı bürosu fəaliyyətə başlayıb, müasir yayım və çəkiliş avadanlıqları alınıb. Televiziya tərəfindən Ulu Öndər Heydər Əliyevin və Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətlə silsilə filmlər hazırlanıb. Bu gün Naxçıvan teleradiosu gənc jurnalistlərin formalaşmasına öz töhfəsini verir. Muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarında mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vəzifələrin təsisi dövlət orqanları ilə media arasında informasiya siyasətinin həyata keçirilməsində mühüm rol oynayıb. Muxtar respublikanın ən ucqar kəndlərində də genişzolaqlı internet, eləcə də IP və rəqəmsal televiziya xidmətləri göstərilməsi informasiyaya əlçatanlığı təmin edib. Naxçıvan Dövlət Universitetində müvafiq ixtisasda təhsil alan tələbələrin gənc jurnalist kimi yetişməsi üçün hər cür şərait yaradılıb. Belə ki, ali təhsil ocağının Media Mərkəzində fəaliyyət göstərən “Qeyrət” nəşriyyatı, Universitet televiziyası və “Nuhçıxan” radiosu gənc jurnalistlərin nəzəri biliklərlə yanaşı, praktiki vərdişlərə də yiyələnməsinə mühüm töhfələr verir. Muxtar respublikanın aparıcı mətbuat orqanı “Şərq qapısı” qəzeti, eləcə də Naxçıvanda fəaliyyət göstərən “Nuhçıxan” İnformasiya Agentliyi, “naxcivanxeberleri.com” saytı, digər informasiya agentliklərinin büroları regionda baş verən hadisələrin geniş oxucu kütləsinə operativ çatdırılmasında mühüm rol oynayır. 2024-cü ildə “Şərq qapısı” qəzetinin saytında və sosial şəbəkə hesablarında oxucu, izləyici saylarında kifayət qədər artımın, aktivliyin müşahidə olunması media fəaliyyətində yeni yanaşmanın, keyfiyyət dəyişikliklərinin, formalaşdırılan sərbəst yaradıcı mühitin nəticəsidir. Mayın 1-də Prezident cənab İlham Əliyevin təsdiqlədiyi  “Media haqqında” Qanunda dəyişikliyə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Şərq qapısı” qəzetinin təsisçisi statusunun qanunvericilikdə təsbit edilməsi və qəzetin fəaliyyətinin təmin olunmasının hüquqi əsasının yaradılmasıisə mətbuat orqanının önündə yeni üfüqlər açır.Bu məqamda “Şərq qapısı” qəzetinin həm ölkə, həm də muxtar respublika üçün tarixi-siyasi əhəmiyyəti barədə kiçik xatırlatma etmək yerinə düşər. Belə ki,Ümummilli Lider Heydər Əliyev ötən əsrin 90-cı illərdə Naxçıvanda yaşadığı, Ali Məclisin Sədri kimi çalışdığı dövrdə xalqın rifahı naminə həyata keçirdiyi işlər, qəbul etdiyi tarixi qərarlar, Sərəncam və fərmanlar “Şərq qapısı” qəzeti vasitəsilə geniş oxucu kütləsinə çatdırılıb. Dahi şəxsiyyət 1990-cı ildə Moskvadan Vətənə qayıtdıqdan sonra ilk müsahibəni də məhz bu qocaman mətbuat orqanına verib. Ulu Öndər “Şərq qapısı” qəzetinin fəaliyyətini yüksək qiymətləndirərək deyirdi: “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb” Bu baxımdan ölkə başçısının təsdiqlədiyi “Media haqqında” Qanuna dəyişiklik 103 yaşlı qəzetin timsalında tarixi mətbu ənənələrinə, Ulu Öndər irsinə verilən dəyərin təzahürüdür. Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar Naxçıvan, Türkiyə və Bakıda təşkil olunan qəzetin fotoqrafları tərəfindən çəkilən fotolardan ibarət “Naxçıvan fotolarda” adlı fotosərgi fotojurnalistikanın müasir inkişafını göstərməklə yanaşı, diyarımızın turizm potensialının təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

Hadisələrin aktiv şəkildə dəyişdiyi, dezinformasiyaların geniş yayıldığı müasir dünyamızda insanlar mediada yayımlanan düzgün, dəqiq informasiyaları əldə etməyə böyük ehtiyac duyur. Ölkəmizin çoxsaylı media nümayəndələri də fəaliyyətlərində bu amili əsas tutaraq jurnalistikanın etik dəyərlərini yaşatmağa, Vətənə, xalqa qərəzsiz, vicdanla xidmət etməyə çalışırlar. Demokratik tribunanın, azad sözün, müstəqil mətbuatın ziyasında Azərbaycan jurnalisti adını ləyaqətlə daşıyan hər bir jurnalistin ölkə həqiqətlərini dünyaya çatdırmaq işində, informasiya yarışında hər zaman ön sıralarda yer alması arzusu ilə...

Nail ƏSGƏROV

Nəşr edilib : 03.05.2024 00:03