AZ EN RU

“Dəmir yumruğ”un möhtəşəm təntənəsi, acı sonluqla bitən erməni nağılı...

    Məzmun və mahiyyətinin zərrə qədər dəyəri olmayan, mənfi obrazların yer aldığı, cəfəng fikir və düşüncələrdən yoğrulan 30 illik uydurma erməni nağılı, nəhayət ki, sona çatır, bitir. Daha doğrusu, sona çatdırılır, bitirilir. Birliyin, həmrəyliyin gücü, “Dəmir yumruğ”un möhtəşəm təntənəsi ilə əzəli yurdumuz Qarabağda separatizmin kitabı bağlanır... İndi miatsum andından dönməyən səriştəsiz rəhbər 44 günlük Vətən müharibəsini və son 3 ildə baş verən hadisələri xatırlayaraq  əllərini ümidsizcəsinə hey günahkar başına döyəcləyir. Di gəl ki nə fayda. Artıq çox gecdir. Yubanıbdır, kaş Amerika, Fransa kimi ölkələrdən imdad diləmək üçün gündə 10 dəfə telefon dəstəyindən yapışmaqdansa, bircə dəfə mənə uzadılan humanist əldən yapışardım demək üçün. Bəli, bir vaxtlar Cəbrayıla yol çəkmək xülyası ilə alışıb-yanan Paşinyanın 44 günlük Vətən müharibəsindən sonra həsrət alovlu gözləri yenə sonu görünməyən uzun yol çəkir. Uzaq Qərb ellərindən harayına yetişməyən “sadiq dostlarının”, qədim, əzəli Azərbaycan torpaqları sayılan Xankəndidə, Xocalıda, Ağdərədə havaya uçurulan separatçıların yolunu. Cəfəng ideyaları, lüzumsuz nifrəti sayəsində maddi, mənəvi, demoqrafik, sosial-iqtisadi, siyasi, geosiyasi, hərbi baxımdan itirdiklərini, regionun əhəmiyyətli layihələrindən kənarda qaldıqlarını düşünə-düşünə qulaqlarında Qalib liderin gerçəkləşən qətiyyətli sözləri ildırım kimi çaxır: “...ağlınızı yığın başınıza. Dəmir yumruq buradadır, heç yerə getməyib, yerindədir. Bizi əsəbiləşdirməyin, özünüzü yaxşı aparın. Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz”.
    II Qarabağ müharibəsində rüsvaycasına məğlubiyyətini Rusiyanın iştirakı ilə üçtərəfli Bəyanatı imzalamaqla rəsmiləşdirən Ermənistanın xunta rejimi, təəssüf ki, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırdı. Separatçı qüvvələr törətdikləri təxribatlara qarşı Azərbaycan Ordusundan dəfələrlə aldıqları zərbələrdən dərs çıxarmaq əvəzinə gün ötdükcə daha da azğınlaşıb, daha da quduzlaşdılar. Qarşı tərəf hərbi sahədə etdiyi provakasiyaları diplomatiyada, siyasət meydanında da böyük şövqlə, həvəslə davam etdirdi. Nə Brüssel Sülh Gündəliyində söz verdiyi kimi, vaxtilə imza atdığı 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə sadiq qaldı, nə də keçirilən üçtərəfli görüşlərdə irəli sürülən humanist təkliflərlə razılaşdı. Hər dəfə bir bəhanə, bir oyunla həm yerli, həm beynəlxalq ictimaiyyəti çaşdırmağa, mənasız yerə vaxt uzatmağa çalışdı. Gah humanitar məqsədli “Laçın” dəhlizindən çirkin hərbi-siyasi məqsədlər naminə istifadə edərək müxtəlif diversiya qrupları ilə təxribatlara əl atdılar, ərazilərimizi minalayaraq onlarla günahsız insanın həyatına son qoydular, gah “məsumluq” donuna bürünərək yalandan aclıq aksiyasına qalxıb haray-həşir qopardılar, gah da “Spayka” şousu göstərərək BMT-də, Xankəndidə heç bir hüquqi əsası olmayan qondarma prezident seçkiləri keçirməklə dünya ictimaiyyəti qarşısında özlərini rəzil vəziyyətə saldılar. Ancaq qalib Azərbaycan liderinin siyasi iradəsi, Müzəffər Ordumuzun qüdrəti qarşısında bütün siyasi, diplomatik, hərbi hiylələr iflasa uğradı, qurulan oyunlar acı məyusluğa, məğlubiyyətə düçar oldu. Cənab Prezidentin dediyi kimi:“...anti-Azərbaycan qüvvələr bizim əyilməz iradəmizi gördü. Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz. Biz bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etmişik, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etmişik. Onları məğlub etmişik və bir daha bütün dünyaya göstərmişik ki, biz istədiyimizə nail oluruq və olacağıq”.
    Sentyabrın 19-da baş verən təxribat nəticəsində Daxili İşlər Nazir­liyinin əməkdaşlarının həyatlarını itirməsi isə artıq “Dəmir yumruğ”un son günlərdə dolan səbir kasasını daşıran sonuncu damla oldu. Və beləliklə, böyükdən-kiçiyə bütün Azərbaycan xalqının səbirsizliklə gözlədiyi, separatçıların qondarma iddialarının, özbaşınalıqlarının üstündən birdəfəlik qara xəttin çəkilmə anı yetişdi. Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq bildirdi ki, Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələri birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. 44 günlük Vətən müharibəsində olduğu kimi, antiterror tədbirlərinin də başlandığı andan düşmənin ard-arda qondarma hərbi obyektlərinin məhv edilmə görüntüləri, xəbərləri yayıldı. Əməliyyatlarda düşmənin ön xətdə, dərinlikdə olan mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektlərinin yüksək dəqiqliklə sıradan çıxarılması ilə yanaşı, ölkə Prezidenti cənab İlham Əliyevin “Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş qətnamələrinin icra olunmasını tələb edirik. Bu qətnamələrdə Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur. Dağlıq Qarabağın erməni əhalisinə gəlincə, onlar orada yaşamağa davam edəcək, onlar bizim vətəndaşlarımızdır və mən dəfələrlə bu mövqeyi ifadə etmişəm” qətiyyəti bir daha özünü göstərdi. Rəsmən bildirildi ki, Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı mülki əhali və mülki infrastruktur obyektləri hədəfə alınmır. Ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəflər sıradan çıxarılır. Mülki əhalinin təxliyəsini təmin etmək üçün isə Azərbaycan tərəfindən Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz, qəbul məntəqələri yaradılıb, buna müvafiq işlər həyata keçirilir.
    Ölkəmizin son dövrlərdə aparılan danışıqlardakı diplomat uğuru da antiterror tədbirlərinin başlandığı ilk andan özünü büruzə verdi. Belə ki, Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov “Shot”a müsahibəsində qeyd etdi ki, Rusiya sülhməramlıları heç nə onları təhdid etmədikcə proseslərə qarışmayacaqlar. Eyni zamanda beynəlxalq diplomatlar, siyasi ekspertlər ölkəmizin haqlı mövqeyini, antiterror tədbirlərini birmənalı şəkildə dəstəklədilər. Məşhur britaniyalı politoloq Neil Uatson qeyd etdi ki, işğalçı ermənilər bilirlər ki, Xankəndidəki tanınmamış qurum yaxın günlərdə darmadağın ediləcək, bununla belə Azərbaycanı əziyyətə salmaq, mümkün qədər çox insanın həyatına son qoymaq, sülh prosesini pozmaq istəyirlər. Amma son nəticədə, Azərbaycan öz ərazisi üzərində nəzarəti bərpa etməyə nail olacaq və beynəlxalq hüquq təmin ediləcək. Niderlandlı araşdırmaçı, ekspert Henri Van Rens isə dedi ki, mina terrorunun baş verməsi, təbii ki, çox üzücüdür. İlk olaraq onların ailələrinə başsağlığı vermək istəyirəm. Əminəm ki, bu faciəyə görə məsuliyyət daşıyan erməni işğalçıları öz cəzalarını alacaqlar. Ən böyük dəstək isə təbii olaraq qardaş ölkədən gəldi.Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olundu: “İkinci Qarabağ savaşının başa çatmasından bu yana ötən təxminən, üçillik müddətdə ərazidəki vəziyyətə dair daim dilə gətirdiyi qanuni və haqlı narahatlıqlarının aradan qaldırılmaması nəticəsində Azərbaycan öz suveren torpaqları üzərində lazım bildiyi tədbirləri görmək məcburiyyətində qalıb. Azərbaycan və Ermənistan arasında bu günə qədər həssaslıqla aparılan ətraflı görüş prosesinin nəticəyönümlü olaraq davamının təmin edilməsinin bölgəyə sülh, təhlükəsizlik, rifah və daimi sabitliyin təmini üçün yeganə yol olduğuna inanırıq”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı bildirdi ki, Qarabağ Azərbaycan torpağıdır, bunun xaricində heç bir status qəbul edilməyəcək: “Bir millət, iki dövlət!” şüarı ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünü qoruması üçün atdığı addımları dəstəkləyirik və Ermənistanın addımlarını şiddətlə qınayırıq”.
   Düşmən nə qədər kin qusub təxribatlara əl atsa da, Azərbaycan tərəfi antiterror tədbirlərinin başlandığı andan işğalçılara humanist çağırışlar etdi, onlara tamamilə məhvdən xilas olmaları üçün dəfələrlə şans verdi. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bəyan etdi ki, ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazırdır. Lakin antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcək.Və belə də oldu. 24 saat davam edən antiterror tədbirləri Müzəffər Ordumuzun parlaq Zəfəri ilə yekunlaşdı. Sentyabrın 20-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da müəyyən şərtlər əsasında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu. Razılığa əsasən Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Eyni zamanda paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir. Beləliklə, “Dəmir yumruğ”un möhtəşəm təntənəsi kimi şanlı hərb tariximizə qızıl hərflərlə həkk olunacaq antiterror əməliyyatları ilə Azərbaycan öz hədəfinə çatdı və Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələrin aparıldığı Yevlax görüşü ölkə Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi olaraq məsələyə öz möhürünü vurdu.
    Sentyabrın 20-də antiterror tədbirlərinin yekununa dair Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciətində dünya siyasi elitasına, beynəlxalq ictimaiyyətə, işğalçı rejimin himayədarlarına bir sıra mühüm, sərt mesajlar verdi. Ermənistanın törətdiyi terror aktlarını, separatizm əməllərini qəti şəkildə pisləyən ölkə başçısı Silahlı Qüvvələrimizin peşəkarlığından söhbət açdı, şəhidlərimizin ruhuna rəhmət, yaralılara şəfa dilədi. Müraciətdə qanunsuz xunta rejiminin məhvinə səbəb olan antiterror tədbirlərinin uğurlu gedişatından bəhs olundu, dövlətimizin iqtisadi gücü sayəsində, heç bir yardım almadan Qarabağın, Şərqi Zəngəzurun cənnətə çevrildiyi, gələcəkdə Xankəndidə, Ağdərədə, Xocavənddə, Əsgəranda da müasir infrastrukturun yaradılacağı vurğulandı. Azərbaycan və Ermənistanın öz aralarında məsələləri tənzimləməsinin, sülh müqaviləsi imzalanmasının və Cənubi Qafqaz ölkələrinin üçtərəfli formatda gələcək əməkdaşlığının qurulmasının vacibliyini diqqətə çəkən Prezident cənab İlham Əliyev regionda vəziyyəti gərginləşdirmək üçün əsassız ittihamlar irəli sürənlərə layiqli cavabla yerlərini göstərdi: “...onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”

Nail ƏSGƏROV

Nəşr edilib : 20.09.2023 18:12