AZ EN RU

Dəmir biləkli insanlar

     Samirə Əkinçi
       Keçmiş jurnalist 
ABŞ, Florida, Tampa

     Dünya Azərbaycanlılarının Həmrəylik Günü. Böyük bir tarixi dastan yazıldı bu gün. Bir də ən önəmlisi bu tarixi dastan kəlmə-kəlmə, sətir-sətir məhz elə bizim doğma Naxçıvanımızda yazılaraq elə bizim yurdun insanlarının dəmir iradəsindən doğularaq təkrarsız bir epoxaya döndü. Bu birlik, bərabərlik məşəli doğma Naxçıvanımızdan pərvazlanaraq bütün dünyadakı azərbaycanlıları qolları arasına alaraq tariximizin çox önəmli və əvəz­olunmaz bir salnaməsi oldu.
    Bu gün bizim birliyimizin tərənnümüdür, bu gün bizim hünərimizin təcəssümüdür, bu gün bizim milli azadlığımızın mübarizəsinin qələbəsidir, bu gün bizim illərlə arzularımızda yaşatdığımız, sevdiyimiz, əzbərlədiyimiz, yanğıyla dinlədiyimiz Məhəmmədhüseyn Şəhriyarlarımızın, Sara Qədimovalarımızın, Rübabə Muradovalarımızın Vətən həsrətidir. 

    Bizim həmrəyliyimiz 70 il boğularaq yaşamağa məcbur edilən, öz milli mənliyi unutdurulmağa çalışılsa da, özünə, soykökünə aid olan bütün mənəvi dəyərlərimizi gizli yaşayan bir millətin iç səsinin qələbəsidir. O taylı, bu taylı azərbaycanlıların bir əsrlik birləşmək şüarları Arazdan kükrəyərək qəsbkar­lara çəkil dedi. Bəli artıq zamanı gəldi: varlığımızı göstərməyin və bizim olan hər şeyi geri almağın. Azadlıq qoxusu alan xalqımız var gücüylə zəncirləri qırmaq qərarına gəldi. Ölməz şairimiz Xəlil Rza Ulutürkün dediyi kimi: 

    Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!
    Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!

    Bəli, qırdılar bütün zəncirləri, bütün qadağaları. Biz sərhəd dirəklərinin yıxılmasıyla öz milli mənliyimizə, öz milli dəyərlərimizə, öz milli kimliyimizə dönüş etdik...
    Doğulub böyüdüyüm Şərur rayonunun Muğanlı kəndi Araz çayının tam sahilində yerləşir. Belə ki, Naxçıvan-İran sərhədinin bir qismi də bizim kəndin payına düşür. Kəndimizin tam sərhəddə yerləşməsi isə, demək olar ki, bizim yaddaşımıza çox böyük töhfələr verib. Çünki bir çox tarixi hadisələrə şahid olmuşuq. Həmrəylik günü dedikdə isə gözlərimin önündə çox möhtəşəm mənzərələr canlanır. Həmin gün dayımın toyu idi, bir neçə saat sonra toy üçün qonaqlar gələcəkdi. Kəndin müxtəlif yerlərində səsgücləndiricilərlə hər kəsi dəmir çəpərlərin önündəki kanalın başına toplanmağı, qorxmamağımızı, bu günün çoxdandır gözlənilən həmin gün olduğunu söyləyirdilər. Biz də böyüklərimizin üzündəki böyük həyəcanı anlamağa çalışırdıq. Bir neçə anonsun ardından bütün kənd əhalisinin sərhədə axışmasını gördük. Burada hər kəs vardı; yaşlı, cavan, balaca uşaqlar, körpəsi qucağında gələn analar və başqaları. Azadlığa, həmrəyliyə doğru addımlayan insan selini görüncə biz də uşaq ağlımızla getmək istədik, amma bizi buraxmadılar, “toy eviyik bir azdan qonaqlarımız gələcək”, – dedilər. Bu səbəbdən sərhəd dirəklərinin, “qraniçin” dəmir çəpərlərinin dağıdılmasını babamgilin kətilindən izlədik. 
    Babamgilin kətilindən baxdığımızda sərhəd dirəklərini sökən insanları aydınca görmək olurdu. Çünki babamgilin evi sərhədə çox yaxın idi; təxminən, 250-300 metr məsafə var idi. İnsanlar əllərində dəmir parçalarıyla, baltalarla dəmir çəpərləri, tikanlı məftilləri parçalayırdılar. Əsgər postlarını yerlə bir etdilər. Ertəsi gün dayım bizi sərhədə apardığında sökülən sərhəd qurğularının arxasında yulğun ağaclarından ibarət qalın və yüksək bir meşəylə rastlaşdıq. Nə az, nə çox, düz 70 il ayaq basılmamış bir meşə.
    Bəli, həmrəylik günü dedikdə, insanların bir amal uğrunda mübarizəsindən danışdıqda, xalq birliyindən söhbət açanda mən bunları xatırlayıram; dəmir biləkli insanları. O insanlar ki onlarla eyni havanı udub, eyni suyu içib, eyni torpaqda yaşamaq nəsibim olub. O torpaqda böyümək, o möhtəşəm günlərə şahidlik etmək yazılıb qismətimə. Balaca uşaq olsam belə bu hadisələrin şahidi olmaq çox qürurverici idi. İllərlə iki qardaşı bir-birindən ayrı qalmağa məcbur edən sərhəd dirəklərinin sökülməsini görmək, bu tarixin canlı bir parçası olmaq möhtəşəm bir duyğudur. Nənəm gözləri dolaraq danışardı Arazın o tayında qalan yaxınlarının xatirələrini. Bu xatirələri dinləyərək böyümək və o sərhədlərin yerləyeksan edildiyi anlara şahid olmaq, milli birliyimizin, milli kimliyimizin bərpasının təməl daşlarının atılmasında bir damla olmaq çox əvəzsiz hisslərdi. İndi dünyanın bütün ölkələrində yaşayan həmvətənlərimiz bu günü birliyimizin simvolu olaraq qeyd edir, anır, o günlərə təkrar-təkrar qayıdıb, milliliyə dönüşümüzə alqış tuturuq. 
    Həm də böyük bir xoşbəxtliyin daşıyıcısıyıq ki, Azərbaycan dövlətçiliyinin və xalqımızın həmrəyliyinin təməl daşlarının atıldığı bu torpaq Azərbaycançılıq ideologiyasının banisi olan dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyi nəticəsində qorundu, inkişaf etdi, müasir­ləşdi. Həmrəyliyimizin təməli bu diyarda qoyulduğu kimi, onun rəsmiləşməsi, dövlət quruculuğunun buradan başlaması da bizi böyük tarixin bir parçasına çevirmiş oldu. Bu gün böyük öndərin ruhunu ehtiramla anır, Onun ideyaları, Azərbaycançılıq fikirləri əsasında davam edən bu həmrəyliyin yeni mərhələyə gəlib çıxmasından qürur duyuruq...
    Artıq 7 ildir ki, Vətəndən uzaqda, Amerika Birləşmiş Ştatlarının Florida Ştatının Tampa şəhərində yaşayıram. Ailəliyəm, Şan və Maya adında iki balaca fidanımız var. Evdə balacalar milli mədəniyyətimizin, milli ədəbiyyatımızın sevilən parçaları olan “Tıq-tıq xanım” və “Cırtdan” nağıllarını sevərək dinləyirlər. Hər gün bunu sevərək və təkidlə dinlədiklərində isə insanın qəlbi qürurla dolur və o an düşünürsən ki, nə yaxşı ki, millətimin belə qiymətli əsərləri var. Əsrlərlə, illərlə köhnəlməyən, unudulmayan dostluq, qardaşlıq, birlik, həmrəylik dolu nağıllarımız, hekayələrimiz var. 
    Bir Azərbaycan vətəndaşı kimi Vətənimizdən çox uzaqlarda həmrəylik gününün qeyd olunmasını tam olaraq mənəvi bir ehtiyac olaraq qəbul edib bu günün özəlliyini uşaq yaddaşımla dönə-dönə yaşayıram. Həmrəyliyimizin varlığı üçün əlindən gələni əsirgəməyən, Vətənimizdə və qürbətdə yaşayan, Vətən üçün çırpınan, Vətənimizin adını yüksəklərə daşıyanları gördüyümdə isə fərəh hissi ilə deyirəm: “Nə yaxşı ki, imzası var millətimin imzalar içində”.
    Sonda Vətənimizdə və həmçinin Vətənimizdən kənarda yaşayan, qəlbi Azərbaycan deyə döyünən hər kəsi təbrik edirəm, birliyimiz, varlığımız daimi olsun, əzəli olsun deyirəm, sülh hər zaman həmrəyliyimizin qəlbində olsun.

Nəşr edilib : 11.12.2023 18:58