AZ EN RU

Dəm qazı təhlükəsi ilə bağlı Naxçıvan FHN əhaliyə müraciət edib

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib.

Müraciətdə deyilir:

"Qarşıdan qış mövsümü gəlir. Havaların soyuması ilə əlaqədar ölkəmizdə, eləcə də muxtar respublikada əhalinin mavi yanacağa olan tələbatı artmağa başlayıb. Məhz mövsüm ərəfəsində yaşayış sahələrində vətəndaşlar tərəfindən müxtəlif növ qaz cihazlarından geniş istifadə olunur ki, həmin cihazların da istifadəsi zamanı bir çox hallarda təhlükəsizlik qaydalarına vaxtında əməl edilməməsi səbəbindən xoşagəlməz hadisələr baş verir. Naxçıvan Fövqəladə Hallar Nazirliyi bütün bunları nəzərə alaraq mövsüm dövründə qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməsini zəruri hesab edir.

Təhlükəsizlik qaydalarına əməl edilmədikdə yanğın, partlayış kimi xoşagəlməz hadisələrlə yanaşı, dəm qazı təhlükəsi də yaradır. Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl edilməlidir:

-qaz cihazı saz və standartlara uyğun olmalı;
-cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;
-havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;
-hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;
-hamam otağında qazla işləyən suqızdırıcı cihaz quraşdırılmasına yol verilməməli;
-tüstü bacaları təmizlənməlidir.

Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir! Ondan zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıqdır. Dəm qazından zəhərlənən insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!

Qeyd etmək istəyirik ki, istənilən mağazadan qaz cihazını alan zaman onun sənaye üsulu ilə hazırlanmasına və avtomatik təhlükəsizlik qurğusu ilə təchiz olunub-olunmamasına diqqət yetirmək lazımdır. Çünki partlayış, yanğın və dəm qazı ilə zəhərlənmə kimi xoşagəlməz hadisələrin əksəriyyəti bu qaydaları bilməməkdən və ya onlara riayət edilməməsi səbəbindən baş verir. Bunun üçün cihazın istismar qaydaları, tüstü borusunun düzgün quraşdırılması, ən vacibi isə hansı şəraitdə normal rejimdə işləməsi məsələlərini dəqiq bilmək və yadda saxlamaq lazımdır.
Unutmamalıyıq ki, bu qaydalara əməl edilmədikdə zəhərlənmə, yanğın, partlayış təhlükəsi yaradır, özümüzü, ailə üzvlərimizi, ətrafdakı insanları bədbəxt hadisələrə düçar edirik.

Təhlükə zamanı 112-yə zəng edin".

Nəşr edilib : 16.11.2023 15:46