AZ EN RU

Dəm qazı ilə zəhərlənmə nəticəsində baş verən bədbəxt hadisələrin qarşısını necə alaq

    Qaz təsərrüfatında təhlükəsizlik tələblərinin pozulması səbəbindən əhali arasında dəm qazından zəhərlənmə və boğulma halları baş verir. Müəyyən olunub ki, bu cür hadisələrin əksəriyyəti yaşayış sahələrində müxtəlif növ məişət, qaz cihazlarının, o cümlədən suqızdırıcılarının quraşdırılması və istismarı zamanı vətəndaşlar tərəfindən texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət edilmə­məsi səbəbindən yaranır.
    Dəm qazı ilə zəhərlənmənin səbəbləri aşağıdakılardır:
    -suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olmaması. Hamam otağında duş qəbul edən şəxsi nəzarətdə saxlamaq və tez-tez maraqlanmaq vacib şərtlərdəndir;
    -soba ilə qızdırıcı sistemlərdə texniki təhlükəsizlik qaydalarının pozulması;
    -standarta uyğun olmayan və kustar yolla hazırlanan qızdırıcı cihazlardan istifadə edilməsi;
    -yanacağa yanma üçün lazımi miqdarda havanın daxil olmaması;
    -tüstü borularının və tüstü bacalarının vaxtında təmizlənməməsi və onların işlək vəziyyətdə olmaması;
    -sobanın və tüstü çəkən bacanın nasaz vəziyyətdə olması;
    -sobada və borularda çatların və nasazlıqların olması;
    -qarajda avtomobilin işlək vəziyyətdə olması;
    -qapalı yerlərdə, xüsusilə otaqlarda və mənzillərdə hava mübadiləsinin pis olması.
    Dəm qazı orqanizmə, əsasən, nəfəsalma zamanı ağciyərlər vasitəsilə daxil olur. Zəhərlənən insanda ürəkbulanma, yorğunluq, yuxuya meyillilik və təngnəfəslik müşahidə edilir, dəri solğunlaşır. Əgər həmin insan dəm qazı ilə nəfəs almağa davam edərsə, onun tənəffüsü çətinləşir, qıcolmalar baş verir. Tənəffüs mərkəzinin iflic olması nəticəsində nəfəs alma dayanır və ölüm baş verir.
    Zəhərlənməyə səbəb olan amillərdən biri də əhali tərəfindən yaşayış sahələrində kustar qaydada hazırlanan qeyri-standart qızdırıcı qaz cihazlarından və suqızdırıcılarından istifadə olunmasıdır. Belə ki, bu cihazların aidiyyəti dövlət nəzarət orqanlarının icazəsi olmadan müəyyən sexlərdə istehsal edilməsi, satışa buraxılması, əksər hallarda qüvvədə olan norma və qaydaların tələblərinə zidd olaraq istifadəsi, qadağan edilmiş yerlərdə quraşdırılması qəzaların başvermə ehtimalını daha da artırır. Buna görə də satış məntəqələrindən, əsasən, zavodda istehsal edilən qaz cihazlarını əldə etmək məsləhət görülür. Qeyri-standart qaz cihazlarından istifadəyə, ümumiyyətlə, yol verilməməlidir.
    Cihaz quraşdırıldıqdan sonra onun istifadə qaydaları ilə tanış olmaq lazımdır. Bunun üçün cihazın istismarı qaydaları, avtomatik təhlükəsizlik qurğusu ilə təchiz edilib-edilməməsi, tüstü borusunun düzgün quraşdırılması, ən vacibi isə hansı şəraitdə normal rejimdə işləməsi məsələlərini dəqiq bilmək və yadda saxlamaq lazımdır.
    Qaz cihazları ilə bağlı hər hansı təhlükə ilə üzləşdikdə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” xidmətlərinə məlumat verilməlidir.
    Əhalinin diqqətinə bir daha çatdırırıq ki, qaz sobalarından və qızdırıcı cihazlarından istifadə edərkən təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır.
 

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin
 mətbuat xidməti

Nəşr edilib : 21.12.2022 19:16