AZ EN RU

“Debat Çempionatı”nda qaliblər müəyyən olunub

    Naxçıvan Dövlət Universitetində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “İdeyanı reallaşdır – 2022” qrant müsabiqəsinin qalibi olan “Naxçıvan Gənclərinin Birinci Debat Çempionatı” layihəsinin bağlanış mərasimi keçirilib.    
    Tədbirdə çıxış edən universitetin rektoru, dosent Elbrus İsayev layihənin missiyası barədə danışıb. Bildirib ki, müxtəlif xidmətlərin göstərilməsi zamanı mühüm vasitə hesab olunan kommunikasiya mədəniyyəti keçirilmiş debat yarışlarında peşəkarcasına nümayiş etdirilib. Cəmiyyətin maarifləndirilməsinə xidmət göstərən ideyalar çərçivəsində gənclərin bu cür təşəbbüslərinin dəstəklənməsi hər bir ziyalının əsas məqsədlərindən biri olmalıdır. 
    Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı mübahisə, müzakirə və ziddiyyəti özündə birləşdirən fəaliyyət sahəsi kimi debat anlayışının real müstəviyə çıxarılmasını və Naxçıvan gənclərinin maraq dairəsinə daxil edilməsini müsbət hal kimi dəyərləndirib. Diqqətə çatdırılıb ki, interaktiv müzakirə vasitəsi kimi debat gənclərdə analiz etmə bacarığını, deduktiv əsaslandırmanı, faktual mübahisə qabiliyyətini və inandırma üsullarını inkişaf etdirən ünsiyyət metodlarından biridir. Bu gün bu üsullardan ən məharətlə istifadə edən gənclərimiz mükafatlandırmaq üçün buraya toplaşıb. 
    Qeyd olunub ki, ölkəmizin intellektual səviyyəsi yüksək, ünsiyyət bacarığına malik, real faktlara söykənərək debat cəmiyyətləri qura bilən gənclərə hər zaman ehtiyacı vardır. Onların yetişdirilməsi və qiymətləndirilməsində təhsil müəssisələrinin rolu çox böyükdür.
   Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev bildirib ki, orta və ali məktəblərdə müəyyən reqlamentə uyğun aparılmış debatlar gələcəkdə lokal, ümumxalq və beynəlxalq səviyyədə debat yarışlarının keçirilməsinə zəmin yaradır. Debatlar siyasi mövzularla yanaşı, incəsənət metodu kimi elm və yaradıcılıq məqsədilə həyata keçirildikdə istənilən mövqedə müzakirələri reallaşdırmaq üçün geniş imkanlar açır.
    Vətəndaş Cəmiyyəti Debat İctimai Birliyinin əməkdaşı, təlimçi Nurlan Abbasov təlim zamanı qarşılaşdığı məqamları, zəngin fəaliyyəti zamanı zəngin təcrübə əldə etdiyini diqqətə çatdırıb. Rəsmi hissənin sonunda layihənin rəhbəri Bağdagül Cəfərlinin ürək sözləri dinlənilib. Çıxışların yekununda “Debat Çempionatı”nın müxtəlif mərhələlərinə dair hazırlanmış videoçarx izlənilib.
    Tədbirin növbəti mərhələsində idarə heyətinin üzvləri, təlimçi, qalib komandalar və iştirakçılar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb. Çempionatın sonunda “Katarsis” komandası 3-cü, “Helm’s Deep” komandası 2-ci, “ÜMAN” komandası isə 1-ci yerin sahibi olub.
    Məlumat üçün onu da bildirək ki, “Debat Çempionatı” “Fərdin şəxsiyyət kimi formalaşmasında valideyn faktoru əsas amildir” mövzusunda keçirilib və seçilən 32 debatçı gəncdən ibarət 8 komanda iştirak edib.

Naxçıvan Dövlət Universitetinin
 Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

 

Nəşr edilib : 14.02.2023 11:08