AZ EN RU

Dayanıqlı iqtisadi inkişaf üçün müasir standartların tətbiqi vacib amillərdəndir

14 oktyabr Beynəlxalq Standartlaşdırma Günüdür

    Standartlaşdırma funksional istismar şəraitini və təhlükəsizlik tələblərini gözləmək şərtilə optimal nəticə əldə etmək üçün bütün maraqlı tərəflərin xeyrinə və onların iştirakı ilə müəyyən sahədə fəaliyyətin nizamlanması məqsədilə qaydaların müəyyən edilməsi və tətbiqidir. Standartlaşdırma elm, texnika və təcrübənin vəhdətinə əsaslanaraq sənayenin yalnız bu gününü deyil, eyni zamanda onun gələcək perspektivlərini müəyyən edir. Beləliklə, standartlaşdırma məhsulun optimal keyfiyyət göstəricilərini, məhsuldarlığın artırılmasını, maddi sərvətlərdən qənaətlə istifadə edilməsini texniki təhlükəsizlik qaydalarını gözləməklə təmin edir, qaydaları, normaları və tələbləri müəyyən edir. 

    1970-ci ildən başlayaraq hər il oktyabrın 14-də bütün dünya elmi və texniki ictimaiyyəti standartlaşdırma işinin əhəmiyyətinə hörmət əlaməti olaraq Beynəlxalq Standartlaşdırma Gününü qeyd edir. Bu tədbir iqtisadi inkişafda, sənaye, ticarət, idarəetmə strukturları və istehlakçı hərəkatlarının və Beynəlxalq Standartlaşdırma Təşkilatına (ISO) üzv olan bütün ölkələrin maraqlarının təmin edilməsində standartların artan rolunun təsdiqini simvolizə edir. Beynəlxalq Standartlaşdırma Günü standartların gündəlik həyata, bazar iqtisadiyyatına və beynəlxalq münasibətlərin inkişafına gətirdiyi faydalar haqqında düşünmək üçün əla imkan yaradır. Məhz buna görə də hər il bu bayram müəyyən deviz altında keçirilir və ən böyük beynəlxalq standartlaşdırma təşkilatlarının – IEC (Beynəlxalq Elektrotexniki Komissiya), ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı), ITU (Beynəlxalq Telekommunikasiya İttifaqı) rəhbərlərinin imzaladığı mesajla müşayiət olunur.
    Beynəlxalq Standartlaşdırma Gününün tarixi təsadüfən seçilməmişdir. Məhz həmin gün – 1946-cı il oktyabrın 14-də Londonda dünya ölkələri üzrə milli standartlaşdırma təşkilatlarının konfransında Beynəlxalq Standartlaşdırma Təşkilatı – ISO (International Organization for Standardization) yaradılıb. Hazırda ISO-da milli standartlaşdırma təşkilatları ilə 167 ölkə təmsil olunur. 
    Azərbaycan Respublikası ISO-da 7 iyul 2003-cü il tarixindən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi vasitəsilə tamhüquqlu üzv kimi təmsil olunur. Hazırda milli standartlaşdırma qurumu olan Azərbaycan Standartlaşdırma İnstitutu ölkəmizi ISO-da təmsil edir. Eyni zamanda yerli ekspertlərimiz ISO-nun 20 Texniki Komitəsində müşahidəçi və tamhüquqlu üzvü kimi iştirak edir. Azərbaycan Standartlaşdırma İnstitutu 2017-ci ilin dekabr ayından etibarən ISO-nun tamhüquqlu üzvüdür.
    ISO-nun əsas funksiyası könüllü, konsensus əsaslı, bazaryönümlü beynəlxalq standartların işlənib hazırlanmasından ibarətdir. Etibarın təmin edilməsi beynəlxalq standartlaşdırmanın ən mühüm məqsədlərindən biridir. Beynəlxalq standartlar məhsul və xidmət keyfiyyətini, ətraf mühitə uyğunluğu, təhlükəsizliyi, etibarlılığı, qarşılıqlı fəaliyyət qabiliyyətini, səmərəliliyi və effektivliyi təmin edir. Beynəlxalq standartlar istehsalçıların istehsal etdikləri məhsulların beynəlxalq standartların tələblərinə cavab verdiyinə, rəqabətqabiliyyətli olduğuna, dünya bazarlarına çıxmaq imkanlarına malik olduğuna və hər yerdə istifadə edilə biləcəyinə inamını artırır.
    Azərbaycanda standartlaşdırma sahəsi üzrə hüquqi baza Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və səyi ilə formalaşdırılıb. Belə ki, ilkin olaraq “Standartlaşdırma haqqında”, “Ölçmələrin vəhdətinin təmin olunması haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Yeyinti məhsulları haqqında” qanunlar, həmçinin bu istiqamətdə qəbul edilmiş digər normativ-hüquqi sənədlər bu sahə üzrə qanunvericilik bazasının təməli hesab olunur.
    Bu sahənin inkişafının vacibliyi nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə texniki tənzimləmə və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğun formalaşdırılmasına, onların biznes mühitinə dəstək istiqamətində tətbiqinə dair qanunvericilik və institusional sahədə konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Aparılan ardıcıl islahatların davamı olaraq “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli Fərmanına əsasən hazırlanmış “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” qlobal trendləri, respublikada müvafiq sahədə mövcud vəziyyəti, hədəf göstəricilərini, məqsədləri, prioritet istiqamətləri, maliyyələşmə mənbələrini və tədbirlər planını özündə ehtiva edir.
    Naxçıvan Muxtar Respublikasında əhalinin keyfiyyətli və təhlükəsiz məhsul və xidmətlərlə təmin olunması Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən daim prioritet istiqamət olaraq saxlanılıb. Bu baxımdan istehsal və xidmət sahələrində müasir standartların tətbiqi davamlı təşviq edilir və bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir.
    Muxtar respublikada ixracyönümlü məhsul istehsal edən müəssisələrin nümayəndələrinin iştirakı ilə ISO beynəlxalq idarəetmə standartları üzrə vaxtaşırı maarifləndirici seminarlar keçirilərək müvafiq standartların əsas prinsip və tələbləri izah edilir. Cari ilin ötən dövrü ərzində 11 müəssisədə və 21 ailə təsərrüfatında istehsal edilən, ümumilikdə, 128 məhsulun etiket layihəsinin standartlara uyğun olaraq hazırlanmasına metodiki köməklik göstərilib və bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilir. Keyfiyyətə nəzarət tədbirləri çərçivəsində 2023-cü ilin ilk doqquz ayı ərzində, ümumilikdə, məhsulların 685 halda, o cümlədən qida məhsullarının 684 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya sınağı aparılıb və bu istiqamətdə nöqsan aşkar edilməyib.
    İstehlakçıların gözləntilərinin qarşılanması, daxili və xarici bazarın tələblərinə uyğun, rəqabətqabiliyyətli məhsul istehsalı müasir standartların tətbiqini mütləq şəkildə şərtləndirməkdədir. Muxtar respublikada müasir standartların tətbiqinin təşviqi əsas fəaliyyət istiqaməti kimi bundan sonra da davam etdiriləcəkdir. 

Vasif ORUCOV
Naxçıvan Muxtar Respublikası 
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin aparat rəhbəri

Nəşr edilib : 13.10.2023 21:14