AZ EN RU

Daxili İşlər orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbul edilmiş şəxslərə vəsiqələr təqdim edilib

    Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində keçirilən tədbiri Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Rəşad İsmayılov açaraq bildirib ki, muxtar respublikanın daxili işlər orqanlarında vakant sıravi və kiçik rəis heyəti vəzifələrinin komplektləşdirilməsi məqsədilə 24 avqust 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixədək müsabiqə elan edilib. Müsabiqədə iştirak edən namizədlərdən test-imtahan, eləcə də fiziki hazırlıq üzrə minimal normativlər götürülüb. İmtahandan müvəffəqiyyətlə keçən və müsabiqənin şərtlərinə uyğun gələn namizədlərin sənədlərinin toplanılması həyata keçirilib, xidmətə qəbulu məqsədəmüvafiq hesab edilmiş 30 namizəd daxili işlər orqanlarında sıravi və kiçik zabit heyəti vəzifələrinə qəbul edilib.  
    Qeyd olunub ki, həmin şəxslərin daxili işlər orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbul edilmələri ilə bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən müvafiq əmrlər imzalanıb.
    Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Kadrlar şöbəsinin rəisi, polis mayoru Rahin Əmirov həmin əmrlərin məzmunu barədə iştirakçıları məlumatlandırıb. 
    Sonra Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Rəşad İsmayılov daxili işlər orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində işləyəcək şəxslərə vəsiqələri təqdim edib.
    Qeyd edək ki, sıravi və kiçik rəis heyəti vəzifələrinə qəbul edilmiş 30 nəfərdən 5-i Vətən müharibəsi iştirakçısı, 2-si isə şəhid ailəsi üzvüdür. 

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 21.11.2022 18:46