AZ EN RU

Daxili bazarda qiymət tənzimlənməsi əhalinin sosial rifahına xidmət edir

    90-cı illərin çətin günlərində nənəmin dilindən tez-tez “paltar yamaq götürər”, “qarın yox” sözlərini eşidəndə nə demək istədiyini başa düşməzdim. Böyüdükcə anladım ki, söylədiklərinin mənası insan yamaqlı paltar geyinə bilsə də, ac qala bilməzmiş demək imiş. Həmin illərdə yaşlı qadınlar tez-tez İkinci Dünya müharibəsini yada salar, deyərdilər: “Aclıq ən böyük fəlakətdir”. İnsan çətin vəziyyətdə qalanda məcbur olub nə tapsa onu yeyir ki, ölməsin. 1990-cı illərin əvvəllərində nənələrimizin İkinci Dünya müharibəsində yaşadıqlarını biz də yaşadıq. Naxçıvan blokadaya salındı, aclıqla sınağa çəkildi. Onunla bərabər, düşmənlə mübarizə aparmalı olduq və qalib gəldik. 
    Ulu Öndərimizin gərgin əməyi sayəsində çətin günlərdən işıqlı sabahlara çıxdıq. Onun yolunun davamçısı Prezident cənab İlham Əliyevin muxtar respublikamıza göstərdiyi qayğı ilə gün-güzəranımız yaxşılaşdı. Təhsil, səhiyyə, mədəniyyət infrastrukturları üçün yeni binalar inşa edildi, kəndlər, şəhərlər abadlaşdı. Nə isə, deyəsən, mətləbdən bir qədər uzaqlaşdım, sözümün canı ammalar, ancaqlar və lakinlərdir. Ancaq bu gözəlliklərin içərisində çox vaxt dünya nemətlərinə tamarzı da qaldıq. Kiminsə kefinə görə qoyulan qadağalar çox vaxt bəzi nemətlərə baxa-baxa qalmağımıza səbəb oldu. Düzdür, yurdumuzun bərəkətli torpaqları var, amma ki iqliminin sərtliyinə görə bir çox meyvə və tərəvəzləri yetişdirmək olmur. Onda da məcbur qalıb həmin nemətləri bazar piştaxtalarına düzmək üçün ölkəmizin digər bölgələrindən gətirirdilər ticarətlə məşğul olanlar. Yenə amma ilə qarşılamalı olurdu onda həm satan, həm də alan. Göyçaydan nar, Lənkərandan limon, portağal gətirən sahibkar həmin məhsulu Naxçıvan Muxtar Respublikasına keçirmək üçün gömrük rüsumu ödəməli olurdu. Bu da onunla nəticələnirdi ki, Qubadan 50 qəpiyə alınan almanın qiyməti Naxçıvan bazarına gəlib çıxana kimi qalxırdı 3 manata. Ən pisi isə o idi ki, qardaş Türkiyədən belə bir kilo tərəvəz və ya meyvə alıb gətirə bilmirdik. Səbəbi isə daxili məhsulun satışına mane olduğumuzla izah edilirdi.
    Nə az, nə çox, düz  27 il şişirdilmiş və bəzən də özümüzün böyütdüyümüz rəqəmlərə, bir də bazardakı qiymətlərə baxıb köks ötürmək məcburiyyətində qaldıq. Artıq bir aydır ki, yuxarıda sadaladığım gömrük rüsumu ləğv edildiyi üçün həm satıcıların üzü gülür, həm də alıcıların. Artıq Bakı-Naxçıvan arası kim nə istəsə, alıb gətirə bilir, daha bir yeşik pomidora görə Naxçıvan Beynəlxalq Hava Limanındakı nəzarətçilərə dil çatdırmaq da, keçirdiyimiz məclisdə, süfrədə bol olsun, deyə kilosu 12 manatdan pomidor almaq məcburiyyətimiz qismən də aradan qalxıb. Qismən deyirəm, çünki hələ də paytaxt bazarı ilə Naxçıvan bazarının arasında fərq az da olsa, var. 
     Bu düşüncələrlə şəhərimizin ən böyük ticarət mərkəzi olan “Cahan” ticarət mərkəzinə çatıram. Yaxın qonşum – yaşı 70-i ötən Naxçıvan şəhər sakini Lətifə Hüseynova ilə birlikdə ev üçün həftəlik bazarlığa başlayırıq. O, ətrafa baxıb razılıqla deyir: 
    – Dünyanın hər üzünü gördük, ac da qaldıq, soyuqdan donmamaq üçün ağacları da kəsib yandırdıq. Düşmənə əyilmədik. Allaha şükür, çətin vəziyyətlərdən dahi rəhbərin köməyi ilə çıxdıq. Amma ki, onun yaratdıqlarına, əzizlədiyi sakinlərin rifah halına biganə yanaşanları da gördük. Dünənə kimi bazarda bir kilo yaxşı alma almaq üçün gərək heç olmasa 3 manat verərdin. İndi baxıram, muxtar respublikada yetişən meyvələrlə yanaşı, İsmayıllıdan, Qubadan da alma gətiriblər. Qiymətlər münasibdir. Nar 1 manata da var, 80 qəpiyə də, sitrus meyvələri də almaq olur, daha qiymət əl yandırmır. Lətifə xala söhbət edə-edə lazım olan bazarlığı edir və onu evinə yola salır. 
    Satıcı və sahibkarlardan da yaranan vəziyyətlə bağlı fikirlərini öyrənmək üçün üz tuturam topdan və pərakəndə meyvə, tərəvəz, şirniyyat, çərəz satan mağazalara. “Cahan” ticarət mərkəzinin topdansatış mağazalarında meyvə-tərəvəz satışı ilə məşğul olan sahibkar Qəhrəman Bayramovla həmsöhbət oluruq. O deyir ki, 25 ildən artıqdır ki, bu işlə məşğuldur. O deyir: – Əsasən, yerli meyvə-tərəvəz satışına üstünlük verir, sitrus meyvələrini Azərbaycanın digər bölgələrindən, ananas, banan kimi meyvələri isə qardaş Türkiyə Respublikasından gətirirdik. Sahibkarlıqla məşğul olan hər bir iş adamı istəyər ki, gətirdiyi məhsul həm keyfiyyətli olsun, həm də uyğun qiymətə satışını həyata keçirə bilsin. Keyfiyyətli məhsul gətirməyinə gətirirdik, lakin Azərbaycanın qərb rayonlarından Naxçıvana gətirdiyimiz məhsullara rüsum ödəməli olurduq. Bir dövlətin ərazisində yaradılan bu qayda gülünc səslənsə də, belə idi. Nəticədə, nə bizim üzümüz gülürdü, nə də sakinlərin. Artıq bir aydır ki, dövlət başçısı tərəfindən muxtar respublikada aparılan islahatlar sayəsində Bakı-Naxçıvan arasında yaradılan süni maneə aradan qalxıb. Bu da qiymətlərə nisbətən təsir edib. 
    Digər müsahibim Raif Əsədov 20 ildir ki, ticarətlə məşğuldur. O, mağazasında həm özünün hazırladığı, həm də qonşu ölkələrdən gətirdiyi məhsulları satışa çıxarır. “Ordubad məhsulları daha çox alıcı rəğbəti qazanır”, – deyən müsahibim bildirir ki, yaradılan şərait Bakıdan, digər rayonlardan gətirilən məhsulların qiymətinə müsbət təsir edib: – Çalışırıq ki, həm müştəri razı qalsın, həm də satıcılar. Dövlətimiz biz naxçıvanlılar üçün hər bir şəraiti yaradıb. Amma ki, uzun illər bəzi qanunsuz qadağalarla qarşılaşırdıq. İndi isə bu qadağalar aradan götürülüb. Buna görə dövlət başçısına minnətdarlığımızı bildiririk. 
    Sahibkar bir məsələni isə xüsusi vurğulayaraq deyir ki, bəzi gömrük rüsumlarının çox olması ticarətin bir çox sahələrinə təsirsiz ötüşmür. Sadə bir misal göstərən müsahibimin sözlərinə görə, Naxçıvan Muxtar Respublikası qardaş Türkiyə və İranla yaxın qonşu olduğu üçün insanlar birsaatlıq məsafədə yerləşən bu dövlətlərə gedir və bizim 36 faiz rüsumla gətirdiyimiz bir çox məhsulları oradan öz qiymətinə almaq imkanı əldə edirlər. Ona görə də alıcı ayda bir dəfə və ya bayramdan bayrama süfrəyə qoyduğu bir çox çərəz məhsullarını gəlib buradan almaq ehtiyacı duymur. Bu hal təkcə qida məhsullarında yox, yüngül sənaye məhsulları satışına da təsir göstərir. Bu da bu sahədə satışda durğunluq yaradır. Biz ticarətçilərin bir xahişi var ki, muxtar respublikada fəaliyyət göstərən sahibkarlara bu sahədə güzəşt edilsin. 
    Həmsöhbətlərimlə sağollaşır, mən də bazardakı şəraitdən yararlanır, lazım olan tərəvəzləri alır, bazarda rastlaşdığım Naxçıvan şəhər sakini Ləzifə Əliyavanın da fikirlərini öyrənirəm:
    – Dövlət başçısı həmişə Naxçıvan sakinlərinə qayğı ilə yanaşıb və bu gün də belədir. İki il bundan öncə qızıma nişan edəndə mən ətlə eyni qiymətə olan tərəvəzlər, kiloqramı 3, 5 manata meyvələr aldım. Bilmədim ki, nəyi necə eləyim ki, süfrə yaxşı görünsün. Bazarlığa həmişə özüm gəlirəm, qiymətləri müşahidə edirəm və görürəm ki, yavaş-yavaş hər şey öz qaydasına düşür, Gədəbəyin kartofuna, Qəbələnin cəviz, fındığına, şabalıdına rast gələndə gözümü yan çevirmirəm. Bilirəm ki, daha qiymətlər əl yandırmır. Allah Prezidentimizi qorusun ki, həmişə bizim yanımızda olsun. 
    Burada satıcı və alıcılarla söhbət etdikdən sonra belə qənaətə gəlirik ki, muxtar respublikamızda aparılan islahatlar insanların yaşayış şəraitinə müsbət təsirini göstərməyə başlayıb. İnanırıq ki, gələcək günlərdə nöqsanlar olan başqa sahələrdə də irəliləyişlərə rast gələcəyik.  

Ramiyyə ƏKBƏROVA 

Nəşr edilib : 23.01.2023 20:18