AZ EN RU

Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir

    Tarix dəfələrlə sübut edib ki, bir xalqın mövcudiyyəti onun həmrəyliyindən və bu həmrəyliyi təmin edən liderlərin dövrün məsuliyyətini öz üzərlərinə götürərək tarixi yenidən yazmaq bacarığından irəli gəlir. Bu mənada, Azərbaycan xalqı xoşbəxt xalqlardandır ki, Heydər Əliyev kimi dahi şəxsiyyət Azərbaycanı tarixin ən çətin sınaqlarından çıxarmaqla onun mövcudluğunu əbədi etmişdir. Təsadüfi deyil ki, fərqli ictimai-siyasi dövrlərdə belə mənsub olduğu xalqın xoşbəxtliyi üçün yorulmadan çalışan Ulu Öndər Heydər Əliyevin adı dünyanın axarını dəyişən böyük tarixi şəxsiyyətlərlə bir sırada çəkilir. Onun qeyri-adi siyasi bacarığı və böyüklüyü hər kəs tərəfindən etiraf olunur. 

    1923-cü il mayın 10-da Naxçıvan şəhərində sadə və zəhmətkeş ailədə dünyaya göz açan, gənc yaşlarından zəkası və fitri istedadı ilə seçilən, təhlükəsizlik orqanlarında çalışmaqla dövlət idarəçiliyi sirlərinə dərindən yiyələnən Ulu Öndər Heydər Əliyev deyirdi: “Mən balaca bir evdə, zəhmətkeş ailəsində, bir yaz günü dünyaya göz açmışam. Anadan olanda, yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi, bəlkə də, bir o qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni, bütövlükdə, Azərbaycanımız üçün dünyaya gətirib. Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır”.
    Bu gün müstəqil Azərbaycan dövlətinin qazandığı hər bir uğurun təməlində Ümummilli Liderimizin müəllifi olduğu inkişaf strategiyası dayanır. Bu strategiyanın tarixi Ulu Öndərimizin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən başlayır. Bu dövrədək zəngin iqtisadi potensialının, təbii sərvətlərinin olmasına baxmayaraq, ölkəmiz ittifaq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerləri tuturdu. Görkəmli dövlət xadiminin respublikamızda rəhbərliyə gəlməsi Azərbaycanda digər sahələrlə yanaşı, iqtisadi inkişafa da yol açmış və ölkəmiz qısa zamanda ittifaq tərkibində o zaman üçün müasir iqtisadiyyata malik respublikaya çevrilmişdi.
    Ulu Öndərimizin milli kadrların formalaşdırılması istiqamətində gördüyü işlər, həyata keçirdiyi məqsədyönlü siyasət xalqımızın gələcək müstəqilliyinə hədəflənmiş, milli özünüdərkin əsasını qoymuşdur. Bu dövrdə elm, təhsil, səhiyyə və mədəniyyətə qayğı da ön planda olmuşdur. Azərbaycanın bugünkü hərbi uğurlarının, milli hərbi kadrların formalaşdırılmasının əsası da Ümummilli Liderin qeyri-adi cəsarəti, şəxsi təşəbbüsü ilə 1971-ci ildə Azərbaycanda ilk hərbi məktəbin yaradılması ilə qoyulmuşdur.
    1990-1993-cü illərdə dahi şəxsiyyət çoxşaxəli fəaliyyəti ilə Azərbaycan dövlətçiliyinin Naxçıvan məktəbini yaratmış, muxtar respublikada milli dövlətçiliyin qurulması istiqamətində nəhəng işlər görülmüşdü. Dünya azərbaycanlılarının həmrəyliyinin əsasının qoyulması, blokada şəraitində yaşayan Naxçıvanın işğaldan xilas edilməsi, burada çoxşaxəli iqtisadi islahatların aparılması dahi rəhbər Heydər Əliyevin qətiyyəti və təşəbbüsü nəticəsində mümkün olmuşdu. 
    Ötən əsrin doxsanıncı illərinin əvvəllərində Ümummilli Liderin rəhbərliyi ilə Naxçıvan inkişaf edir, cəmiyyət quruculuğu sahəsində qətiyyətli addımlar atılırdı. Azərbaycan xalqı belə cəsarətli, düşünülmüş və məqsədyönlü, ümummilli mənafelərə xidmət edən addımların ölkə miqyasında da atılmasını tələb edirdi. Belə bir şəraitdə – 1993-cü il iyunun 15-də görkəmli dövlət xadimi Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmışdır. Bununla da, ölkəmizdə milli qurtuluş hərəkatının əsası qoyulmuş, Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci il 27 iyun tarixli Qərarı ilə dahi şəxsiyyətin ölkə rəhbərliyinə qayıdışı gününü rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etmişdir.
    Ulu Öndərimiz Heydər Əliyev hakimiyyətə elə bir dövrdə qayıtmışdı ki, Azərbaycanda iqtisadi tənəzzül güclənmiş, siyasi böhran dərinləşmiş, cəbhədə hərbi uğursuzluqlar artmış, ölkə vətəndaş qarşıdurması, parçalanma həddinə çatmış, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində acınacaqlı vəziyyət yaranmışdı. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev uğrunda illərlə mübarizə apardığı Azərbaycanı dağılmaq və məhv olmaq təhlükəsindən qurtarmış, onun itirilməkdə olan müstəqilliyini qoruyub saxlamışdır. Beləliklə, dahi rəhbərimiz xilaskarlıq missiyasının növbəti mərhələsini həyata keçirmişdir. Sonralar Ümummilli Lider özü bu barədə deyirdi: “İndi bütün həyatımı təhlil edəndə görürəm ki, hər halda, bir başlıca hadisə var, o da budur ki, mən Azərbaycanın müstəqilliyini təmin edə bilmişəm. Onu daxili çəkişmələr alovunda, dağıntılar və qan içində məhv olmağa qoymamışam”.
    Tarixin çətin və məsuliyyətli anlarında xalqının mənafeyi naminə mühüm qərarlar qəbul edən siyasi liderlər təmsil etdikləri xalqları zamanın sərt sınaqlarından üzüağ çıxararaq milli liderə çevrilmişlər. Ümummilli Lider Heydər Əliyev isə ötən əsrin 70-80-ci illərindən respublikada milli müstəqilliyə etibarlı zəmin yaradaraq xilaskarlıq missiyasını həyata keçirmişdir. Bu, Azərbaycanı Azərbaycana, öz xalqına qaytarmaq məramının başlanğıcı idi. Azərbaycan xalqı öz görkəmli dövlət xadiminin rəhbərliyi altında yüksək iradə nümayiş etdirməklə milli yaddaşını, mənəvi-əxlaqi dəyərlərini, tarixi dövlətçilik ənənələrini qorumaq əzmini toparlaya bilmiş, dövlət müstəqilliyi üçün zəruri potensial yaratmışdır.
    Hər birimiz “Azərbaycan mənim qibləgahımdır”, – deyən böyük şəxsiyyətin fəaliyyətində sonsuz fədakarlığın şahidi olmuşuq. Azərbaycanı kərpic-kərpic tikərək alınmaz qalaya çevirən Ulu Öndərimiz Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını, onun milli konsepsiyasını yaratmışdır. Bu konsepsiya əsasında xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilmiş, Azərbaycan layiq olduğu müstəqilliyə qovuşmuşdur. 
    Heydər Əliyev siyasi yolunun ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünyada iqtisadi və siyasi sabitliyin qorunduğu, bütün sahələr üzrə davamlı inkişaf edən ölkələrdən birinə çevrilib. Azərbaycan bu siyasi kursa sadiq olmaqla bu gün beynəlxalq müstəvidə möhtəşəm nailiyyətlər ortaya qoyur. İqtisadi cəhətdən güclü, siyasi cəhətdən isə əsl müstəqil dövlətə çevrilmiş Azərbaycanın mövqeyi regional və beynəlxalq məsələlərdə mütləq nəzərə alınır. Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. Bu, Azərbaycanın artan mövqeyinin, nüfuzunun göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq müstəvidə, eləcə də ölkə reallıqları çərçivəsində Ümummilli Liderin yolunu uğurla davam və inkişaf etdirməsi möhtəşəm nailiyyətlər ortaya qoymaqdadır. Neft və qeyri-neft sektorunun inkişafı, aqrar islahatların aparılması, insan amilinin yüksək dəyərləndirilməsi, elm, təhsil, mədəniyyət, səhiyyə, texnologiya kimi ən müxtəlif sahələrdə mühüm uğurların qazanılması bunu bir daha sübut edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli  Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamında deyilir: “Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir”.    
    Görkəmli dövlət xadimi Heydər Əliyevin bütün siyasi uğurlarının əsasını təşkil edən, Onu dünya azərbaycanlılarının Ümummilli Lideri səviyyəsinə yüksəldən milli dövlətçilik təlimi, Azərbaycançılıq məfkurəsidir. Azərbaycançılıq ideyasını siyasi ideologiya ­səviyyəsinə məhz dahi Heydər Əliyev çatdırmışdır.     
    Müstəqil Azərbaycan dövlətinin qazandığı tarixi nailiyyətlər, böyük zəfərlər Ümummilli Lider Heydər Əliyev dühasının təntənəsidir. Məhz Ulu Öndərimizin zəngin siyasi təcrübəsi və uzaqgörənliyi sayəsində Azərbaycanda sabitlik, tolerantlıq, müasir inkişaf və tərəqqi təmin edilmişdir. Görkəmli dövlət xadiminin bir böyük tarixi uğuru da özündən sonra müstəqil Azərbaycanın xoşbəxt və firavan gələcəyinin etibarlı təminatına çevrilən mükəmməl siyasi-ideoloji məktəb yaratması idi. 
    Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə – Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident cənab İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə də böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Prezident cənab  İlham Əliyev həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi, ərazi bütövlüyümüz birmənalı olaraq təsdiq edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli  Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamında deyildiyi kimi: “Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir”. 
    Dahi öndər Heydər Əliyevin Azərbaycan naminə gördüyü işlər bu gün ölkəmizin milli sərhədlərini aşaraq, bütövlükdə, regionun və dünya sivilizasiyasının da tərəqqisinə xidmət edir. Xalqımızın böyük oğlu dünyanın ən nüfuzlu mükafatlarına, fəxri ad və titullarına layiq görülüb, lakin onun öz sağlığında layiq görüldüyü ən yüksək mükafat isə Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmasıdır. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu siyasət yaşayacaq, özü ilə birlikdə Azərbaycan xalqını da yaşadacaqdır!

Esmira HƏSƏNOVA
Naxçıvan səhər 5 nömrəli tam orta məktəbin direktoru, 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 21.07.2023 21:16