AZ EN RU

Dastana çevrildi Elçin oğullar

    Doğulduğu torpaqdan yüzlərlə kilometr uzaqda “Öncə Vətəndir”, – deyib canından keçən, şəhadət şərbəti içən Elçin İbrahimlinin məzarı başında düşüncələr. 
     Soyuq bir qış səhəridir, işə tələsirəm, amma onun əbədi məskənini ziyarət etmədən Şərur şəhərindən çıxmaq istəmirəm. Şərur  Şəhidlər xiyabanında məzarı başında dayanmışam, elin arzularını çin edən, özü isə qəhrəmanlıq dastanına çevrilən Elçinimizin. Başı üstə ucalan bayrağa, məzar daşından boylanan gülən gözlərinə baxdıqca yada salıram onun uşaqlığından əbədi məskəninə kimi uzanan qısa olsa da, şərəfli yolu. Sanki məni dinləyirmiş kimi danışıram onunla. 
    Sən dünyaya gələndə adını Elçin qoyub, arzuların çin olsun demişdi anan. Sevinərdi sən boy atdıqca. Boyuna qurban deyib, dalınca su atardı hər qapıdan çıxanda. Ayaq tutub yeriyəndə, ilk kəlmən ana olanda sevinci dünya boyda olmuşdu. Sən təkcə ananın yox, hamımızın da sevimlisi idin. “Hərbçi olmaq istəyirəm”, – deyib özün sənədlərini öz əlinlə hazırlayıb aparmışdın hərbi liseyə. İllər tez-tez keçirdi. Sən böyüyüb, komandirlər məktəbini bitirib leytenant oldun. Gülən gözlərinə, yaraşıqlı simana, boy-buxununa elə yaraşırdı ki, hərbi forma. “Ən böyük arzuma çatdım, ikinci arzum isə Şuşanı azad etməkdir”, – dedin. Özün də yaxşı bilirdin ki, bu arzu həm də özünə şəhidlik arzulamaqdır. Sən o qədər sevirdin ki, bu Vətəni. Vətən müharibəsində hər kənd, hər şəhər azad olduqca sevincin yerə-göyə sığmırdı. Qələbəni qazandığımız gün arzumun birinə çatdım, ikincisi qaldı deyəndə ananın göz yaşları yanağına süzüldü. Nişanlı idin axı anan toy hazırlığı görürdü. Toy xınanı hazırlayıb, sənə bəy otağı bəzəmişdi. Aynurun gözünün ilki, bircə oğul payı idin axı. “Ağlama, ana, mən özümə ölümsüzlük arzulayıram”, – dedin. Anan nə qədər tələssə də, toy etməyə imkan vermədin. “Qardaşlarımın yasını tutur anaları, onlar kəfən geyindi, mən necə bəy paltarı geyinim”, – dedin. 
    Aylar sonra toyunu görməyi qismət elədi Tanrı bizə. Ananın sevincinin həddi-hüdudu yox idi. Haradan bilərdik ki, bəy paltarı geyinib, çiyninə üçrəngli, ay-ulduzlu bayrağı salıb bəy kürsüsünə oturduğun gündən iki il sonra o bayrağa bürünüb, çiyinlərdə qayıdacaqsan bəy otağına. İndiyə kimi Elçin deyib səslədiyimiz, canımızın bir parçasına şəhid deyə xitab edəcəyik. Haradan bilərdik ki, bəy otağın sənin xatirə muzeyinə dönəcək. Körpə səsi eşitməyi arzuladığımız evdən, balasına layla deyən ana səsi ucalacaq. Haradan bilərdik, Tanrı sənin şəhid olmaq arzunu bizim sənin üçün olan arzularımızdan tez qəbul edəcək. Adının əvvəlinə möhürlənən şəhid sözü ilə anılacaqsan daha. Arzusunda olduğun kəlmə ilə. Ağlımıza da gəlməzdi ki, sənin ruhun əbədiyyət, sülh göyərçini olub azad Vətənimizin səmasında qanad çalanda iki il öncə bəy karvanının keçdiyi küçəmizdən sənin şəhid karvanın keçəcək. 
    Hər dəfə xidmət yerindən Naxçıvana gələndə özünlə dünya boyda sevinc aparırdın. Gedərkən “Gözünüz yolda qalmasın”, – deyirdin. Qayıdanda dünya boyda dərdlə qayıtdın. Ananın yollara dikilən gözlərinə əbədi həsrət çökdü, bacının dilində qardaş kəlməsi dondu. Gedərkən dünya boyda sevinc aparmışdın özünlə, qayıdanda Vətən bayrağına bələnib gəldin. Özünün dediyin kimi qəhrəman kimi qayıtdın. 
    İndi hər gün şəhadətindən bir neçə saat öncə çəkilmiş fotolarına, özünə şəhidlik arzuladığın, “gedib şəhid olaram”, – dediyin videoçəkilişlərinə baxıram. Səsin qulağımdan getmir. Gedib şəhid olaram kəlməsini elə ürəklə deyirsən ki. Vətəni anandan, əlinin xınası getməyən yarından, təkcə bacından çox sevən, igidim. Mən şəhid olum Vətən yaşasın, şəhid ucalığı bəxş elə Allah, qüdrət qələminlə elə yaz ki, bəsirət gözüylə oxuna bilim, deyən oğul.       Bəlkə, günün birində sənin həsrətinlə yanan ürək dayanacaq, ağlayan gözlərin yaşı quruyacaq, amma sən bu Vətən yaşadıqca yaşayacaqsan, öz cavan canını, xəyallarını, arzularını Vətənin bir qarışına qurban edən oğul. 
    Nə deyim sənə, elin, torpaq azad olsun arzusuna öz arzularını fəda edib çin edən Elçin. Daha nə deyim sənə, şəhidim. Torpağı canından əziz bilib, mən şəhid olum, təki Vətən yaşasın deyən, şəhidim. Yaşayacaq bu Vətən, çünki sənin kimi oğulları var. Yaşayacaq bu Vətən, çünki yarını Vətənə qurban versə də, mətanətini itirməyən ismətli gəlinlərimiz, sənin kimi igidlər böyüdən Azərbaycan anaları var. 

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 02.02.2024 17:51