AZ EN RU

Daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan səmərəli istifadəyə dövlət nəzarəti diqqətdə saxlanılıb

    Muxtar respublikada əmlak və torpaq münasibətlərinin nizamlanmasında fəaliyyətin təkmilləşdirilməsi, habelə vətəndaşların mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması zamanı operativliyin təmin edilməsi Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən cari ilin yanvar ayı ərzində diqqət mərkəzində saxlanılaraq mütəşəkkil davam etdirilib. 
    Cari ilin ilk ayı ərzində 589 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 433 texniki sənəd hazırlanıb, yeni yaranmış 28 daşınmaz əmlak obyektinə ünvan verilib, 102 torpaq sahəsinin planı və ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. Səyyar xidmət vasitəsilə 6 yaşayış məntəqəsində vətəndaşların müraciətinə baxılıb, 87 fiziki və hüquqi şəxs elektron xidmətlərdən yararlanıb. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakla bağlı digər əməliyyatların aparılması üçün vətəndaşlardan 1912 ərizə qəbul edilib. 
    7 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 12 ailə təsərrüfatının icarəsinə verilmiş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb. 
    Torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Şərur rayonunun Tənənəm, Tumaslı, Püsyan və Dərvişlər kəndlərinin ərazisində monitorinqlər başa çatdırılıb, müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması üçün işlər aparılıb. Şərur rayonunun Muğanlı, Həmzəli, Axura, Alışar kəndlərinin və Kəngərli rayonunun Qıvraq qəsəbəsinin ərazisində isə monitorinqlər davam etdirilib. 
    Culfa və Babək rayonları ərazisində bərk məişət tullantılarının idarə edilməsi üçün nəzərdə tutulan sahələrin planı, habelə 35 dislokasiya xəritəsi hazırlanaraq aidiyyəti üzrə təhvil verilib. Təbii antropogen və texnogen amillərin təsiri ilə deqradasiyaya məruz qalan torpaq sahələrinin monitorinqinin nəticələrinə dair xəritə materialları Torpaqların elektron kadastr uçotu informasiya sisteminin keyfiyyət xarakteristikaları xəritəsinə yerləşdirilib. 

Naxçıvan Muxtar Respublikası
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 10.02.2022 19:41