AZ EN RU

Daşınmaz əmlakın qeydiyyatı sahəsində innovasiyaların tətbiqi vətəndaş məmnunluğuna xidmət edir

    Muxtar respublikada digər sahələrdə olduğu kimi, daşınmaz əmlakın qeydiyyatı sahəsində də innovasiyaların tətbiqi, elektron xidmətlər sferasının genişləndirilməsi, prosedurların optimallaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən vətəndaşlara 23 adda elektron xidmət təqdim olunur. 
    Cari ilin yanvar-may ayları ərzində xidmət tərəfindən fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 491 elektron xidmət göstərilib. Ümumilikdə, elektron xidmətlərdən istifadə edənlərin sayı cari ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz çox olub.
    Aparılmış təhlillər göstərir ki, elektron xidmət istifadəçilərinin böyük əksəriyyəti daşınmaz əmlakla bağlı xidmətlərə müraciət edir. Daşınmaz əmlak üzərində məhdudiyyət və yüklülüyün qeydiyyatı, daşınmaz əmlakın dövlət reyestrindən məlumatların əldə olunması, daşınmaz əmlakın qeydiyyatı və daşınmaz əmlak üzərində məhdudiyyət və yüklülüyün ləğvi ən çox müraciət olunan xidmətlər sırasındadır. 
    Bundan başqa, əmlak idarəçiliyi sahəsində onlayn xidmətlər də bu sahədə rahatlığı və operativliyi əhəmiyyətli dərəcədə artırıb. Artıq vətəndaşlar daşınmaz əmlakın yüklülüyünə dair arayışı (Forma-1) notariat ofislərində onlayn rejimdə elektron informasiya sistemləri vasitəsilə əldə etmək imkanına malikdir. Hüquq əldə edənin istəyindən asılı olaraq daşınmaz əmlaka dair bağlanmış müqavilə müraciət formasında elektron informasiya sistemləri vasitəsilə daşınmaz əmlakın elektron qeydiyyat sisteminə də göndərilə bilər. Daşınmaz əmlak üzərində əməliyyatların aparılması zamanı tələb olunan dövlət rüsumunun və xidmət haqlarının daha optimal üsullarla ödənilməsi məqsədilə “Hökumət Ödəniş Portalı” ilə daşınmaz əmlakın elektron qeydiyyat sistemi arasında inteqrasiya təmin edilib. Vətəndaşlar müvafiq xidmətlər üçün tələb olunan dövlət rüsumu və xidmət haqlarını müraciətin qeydiyyat nömrəsinə uyğun “Hökumət Ödəniş Portalı” və ödəmə terminalları vasitəsilə ödəyə bilərlər.
    Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən torpaqların, o cümlədən daşınmaz əmlakın qeydiyyatı sahəsində yeniliklərin tətbiq olunması nəticəsində sənədləşmə prosesinə sərf olunan vaxt minimuma endirilib. Torpaqların və digər daşınmaz əmlak obyektlərinin təkrar qeydiyyatı prosesi tamamilə avtomatlaşdırılıb. Xidmətlərin geniş şəkildə elektron müstəviyə keçirilməsi isə daşınmaz əmlak sahəsində əməliyyatların daha rahat formada həyata keçirilməsinə və vətəndaş məmnunluğuna xidmət edən əsas amildir.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq 
Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 07.07.2022 21:57