AZ EN RU

Daşınmaz əmlaka sərəncam verilməsinə dair müqavilələrin təsdiq edilməsi

Ölkəmizdə qanunvericilik sahəsində məqsədyönlü şəkildə aparılan islahatlar nəticəsində əhaliyə göstərilən hüquq xidmətlər, o cümlədən notariat xidmətlərinin səmərəliliyi yüksələn xəttlə davam etməkdədir. Bu baxımdan daşınmaz əmlakla bağlı müqavilələr notariat əməliyyatları sırasında öz aktuallığı ilə fərqlənir. Mülki hüquq münasibətlərində daşınmaz əmlak üzərində xüsusi payı olan sərəncamverici əqdlərin, o cümlədən daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilələrin təsdiq edilməsi Azərbaycan Respublikasının bir sıra qanunvericilik aktları ilə nizamlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbinə görə, yalnız fiziki obyektlər əşya sayılır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır.Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı, daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbinə görə Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ, həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

Ümumiyyətlə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Daşınmaz əmlaka mülkiyyət hüququqanunla müəyyənləşdirilmiş əsaslarla,onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan, əldə edənə keçir.

Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Təsdiqləmə zamanı notarius daşınmaz əmlaka dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır.

Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.

Sərəncam verən tərəfin sərəncam hüququnun və öhdəliklərinin, eləcə də əmlakın mövcud yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində yoxlanılması məqsədilə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq notariuslarla daşınmaz əmlakın dövlət reyestri arasında məlumat və sənəd mübadiləsi imkanı, o cümlədən notariusların daşınmaz əmlakın dövlət reyestrinə elektron qaydada birbaşa çıxışı təmin olunmalıdır.  

Notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır.

Daşınmaz əmlakın özgəninkiləşdirilməsinə və ipoteka qoyulmasına dair müqavilələr təsdiq olunarkən, daşınmaz əmlakın yerləşdiyi inzibati ərazi üzrə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci, 10.5-ci, 10.6-cı və 11.3-cü maddələri ilə müəyyən edilmiş dövlət rüsumu və ya haqq tutulur.

Bu halda notarius yalnız notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərə fəaliyyət göstərdiyi notariat ofisində xidmət edir. Başqa inzibati ərazidə notariat ofisindən kənar notariat hərəkəti aparılmasına yol verilmir.

Notarius daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi haqqında müqavilələri notariat qaydasında təsdiq edərkən, əmlaka dair sərəncam verən tərəfin sərəncam hüququnu və layihəsi notarius tərəfindən hazırlanmadığı halda, müqavilənin qanunauyğunluğunu yoxlayır.

 "Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən notariuslar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Əqdlər təsdiq edilərkən əqddə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılır.

"Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata əsasən, qeydiyyatdan keçməli olan əmlaka sərəncam verilməsi haqqında müqavilələri təsdiq edərkən, notarius əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında müvafiq reyestrdən çıxarışı, tikintisi başa çatdırılmamış daşınmaz əmlaka münasibətdə isə tikili üzərində mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı barədə arayışı tələb edir və əmlakın özgəninkiləşdirilməsi müqavilələri üzrə həmin sənədlərin əslini, digər hallarda isə surətini notariat işinə əlavə edir.Hüquq sahibinin istəyi ilə"Elektron hökumət” portalında yerləşdirilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında, daşınmaz əmlak üzərində sərəncam verildiyi hallarda, çıxarış notarius tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən "Elektron notariat” informasiya sistemi vasitəsilə "Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq real vaxt rejimində əldə edilir.

Daşınmaz əmlak (o cümlədən, tikintisi başa çatdırılmamış daşınmaz əmlak) obyektlərinə sərəncam verilməsi haqqında müqavilələr təsdiq olunarkən, notarius daşınmaz əmlaka sərəncam verənin və ya onun nümayəndəsinin (vəkil edilmiş şəxsin) ərizəsi və daşınmaz əmlak obyektinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı, habelə "Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarə Edilməsi Sistemi”nə daxil olan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinin məqsədləri üçün tələb olunan məlumatları (kənd təsərrüfatı təyinatlı torpaqların keyfiyyət qrupları, şərti ballar)"Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir.Ərizədə arayışın daşınmaz əmlakın sərəncam verilməsinə dair notariat hərəkətinin aparılması məqsədi ilə əldə edilməsi göstərilməli və müraciət edən şəxsin imzasının həqiqiliyi notarius tərəfindən təsdiq edilməlidir.

Qanunvericiliyin və notariatın texniki-informasiya bazasının təkmilləşdirilməsi nəticəsində daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı müqavilələrin rəsmiləşdirilməsi, eləcə də dövlət qeydiyyatına alınması proseduru daha da yüngülləşmiş, optimallaşmış və təkmilləşmişdir. "Elektron notariat” informasiya sisteminin tətbiqi, ölkə rəhbəri tərəfindən istiqamətləri müəyyən olunmuş elektron hökumət quruculuğu işi üçün faydalı layihə olmuşdur.

Daşınmaz əmlaka sərəncam verən tərəfin sərəncam hüququnun və öhdəliklərinin, eləcə də əmlakın mövcud yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində yoxlanılması məqsədilə "Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq notariuslarla daşınmaz əmlakın dövlət reyestri arasında məlumat və sənəd mübadiləsi imkanı, o cümlədən notariusların daşınmaz əmlakın dövlət reyestrinə elektron qaydada birbaşa çıxışı təmin olunmuşdur.

Notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərir. Belə müqavilə, ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır.

Qeyd olunan yeniliklər daşınmaz əmlaka sərəncam verilməsinə dair müqavilələrin sənədləşdirilməsi prosesini asanladırmış, eləcə də müqavilələrin dövlət qeydiyyatına alınmasını asanlaşdırmışdır. Bu da notariat xidmətinin səmərəliliyini yüksəltmişdir.

Cavid Eyvazov

Naxçıvan şəhər 1 saylı notariat ofisinin notariusu

Nəşr edilib : 06.06.2022 12:07