AZ EN RU

“Darıdağ” Sanatoriyası və İstirahət Kompleksi Müalicə və İstirahətin doğru ünvanı

“Arazdan Darıdağın sinəsinə qaldırılan sudan bu dərələrə kəmər çəkib, hər yerin yaşıllaşdırılmasına başlamaq lazımdır. Onda görün buralar necə dəyişir! Sinələrdə meşələr, parklar, müalicəxanalar, aşağıda isə üzümlüklər, süni yağışlar, Araz...” Tanınmış dramaturq Nağı Nağıyevin 20-ci əsrdə qələmə aldığı “Püskürən dərə” oçerki bu cümlələrlə bitir.  

Arzulardan reallığa çox az qalıb...

Tezliklə “Darıdağ” Sanatoriyası və İstirahət Kompleksi qonaqlarına yeni infrastrukturda “Xoş gəlmisiniz!” deyəcək.
2023-cü ildən etibarən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının balansında olan kompleksdə həmin vaxtdan bu günədək quruculuq işləri davam etdirilir. Sanatoriya 2,5 hektar ərazidə yerləşir. Zirzəmi qatı ilə birlikdə 5 mərtəbədən ibarət olacaq. 120 nəfərlik 60 otağın hər biri qonaqların rahat istirahəti üçün müasir standartlara cavab verəcək. Sanatoriyada kişi və qadın ayrı olmaqla, 2 bölməli 4 qapalı hovuz yerləşir. Burada istifadə ediləcək su “Darıdağ” istisu bulağından xüsusi borularla çəkilib ki, ən əsası hovuzlar axıntı ilə daim yenilənəcək. Xəstələr müayinə və müalicə almaqla yanaşı, həmçinin istirahət də edə biləcəklər. Bunun üçün zirzəmi qatında masaj salonları, mağaza, kişi və qadın bərbərxanaları yer alacaq. Qonaqların istirahəti üçün 2 restoran və kafe-bar da fəaliyyət göstərəcək. Sanatoriyanın ərazisi də kompleks abadlaşdırılır. Müxtəlif dekorativ ağac və kollar əkiləcək, yaşıllıq zolaqları salınacaq. Ərazidə uşaq əyləncə parkı, istirahət köşkləri, açıq havada idman qurğuları da yaradılacaq.

Darıdağın “Əjdaha” suyu – Dünyada ən zəngin və

güclü mineral tərkibi olan müalicəvi su

Çətin sağalan yaralar da qısa müddətə, həm də çapıqsız sağalır

“Darıdağ” suyu şəfa mənbəyi ünvanıdır. Qanyaradıcı xüsusiyyətə malikdir. Qan dövranı üzvlərinin fəaliyyətinə müsbət təsir edərək periferik qanın morfoloji tərkibini yaxşılaşdırır – leykositlərin faqositoz qabiliyyətini artırır. Qanazlığını aradan qaldırır. Daxili ifrazat sistemini fəallaşdırır. Vegetativ sinir fəaliyyətini gücləndirir. Mədə, qaraciyər, böyrək və ürək əzələsində mübadiləni sürətləndirib, onların funksional vəziyyətini normallaşdırır. Bu xüsusiyyətlərinə görə “Darıdağ” suyu mədə, öd kisəsi, qaraciyər və vegetativ sinir sistemi ilə əlaqəli başqa xəstəliklərin müalicəsində də geniş tətbiq edilir. Alimlər də təsdiq edir ki, “Darıdağ” suyu mübadilə pozğunluğundan yaranan artritlərə qarşı müalicəvi təsir edir. Suyun təsirindən yaralar çirkdən tez təmizlənir, çətin sağalan yaralar qısa müddətə, həm də çapıqsız sağalır. Həkimlər bunu suyun antiseptik, faqositar və bakterisid qabiliyyəti ilə əlaqələndirirlər. Sübut edilir ki, sudakı mərgümüşün litium, brom, maqnezium, radioaktiv elementlər və başqa əhəmiyyətli maddələrlə müştərək təsiri maddələr mübadiləsinin bərpasına, periferik sinir sisteminin fəallaşmasına müsbət təsir göstərir. Bütün bunlar faktdır ki, “Darıdağ” arsenli suyu dünyada ən zəngin və güclü mineral tərkibi olan müalicəvi sudur.

Darıdağ – müalicə turizminin şəriksiz ünvanı

“Darıdağ” Sanatoriyası və İstirahət Kompleksi Culfa şəhərindən 8 kilometr şimal-şərqdə, Darıdağın ətəyində, dəniz səviyyəsindən 800-900 metr hündürlükdə yerləşir. Əzəmətli dağ kompleksə keşik çəkməklə yanaşı, öz ecazkar gözəlliyi ilə məftun edir. Qırmızı-qonur dağların sinəsində yerləşən sanatoriya el arasında “Əjdaha” adlandırılır.

Muxtar respublikada bu cür müasir sanatoriyanın yaradılması həm də turizm potensialının daha da artırılmasına töhfə verəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, “Hər bir ölkə, xüsusilə Azərbaycan kimi belə gözəl yerlərə, təbii sərvətlərə malik olan bir ölkə mütləq turizmi inkişaf etdirməlidir. Çünki bu, daimi gəlir mənbəyidir. Təbii sərvətlər, neft, qaz – bunlar tükənən sərvətlərdir. Ancaq ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir. Onların içərisində turizm xüsusi yer tutur”. Turizmin inkişafı üçün geniş imkanların mövcud olduğu muxtar respublikada müalicə turizminin inkişafı baxımından da çoxsaylı mineral su mənbələri mövcuddur. Bu da termal turizmin inkişafı üçün geniş imkanlar açır. Bu sektorda da əsas ünvan “Darıdağ” Sanatoriyası və İstirahət Kompleksi olacaq. Bundan başqa, bu cür layihələrin həyata keçirilməsi turizmin inkişafı ilə yanaşı, həm də yeni iş yerlərinin açılmasında da mühüm əhəmiyyət daşıyır ki, kompleksdə də 50 nəfərin işlə təmin ediləcəyi planlaşdırılır.

Əgər siz də həm müalicə almaq, həm də istirahət etmək istəyirsinizsə yolunuzu bu məkandan salın. Çünki Darıdağ təbiəti, gözəl mənzərəsi, möcüzəvi şəfalı isti suyu ilə yerli və xarici qonaqların müalicəsi və istirahətində şəriksiz ünvan olacaq.

Günel NUR

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin təlimatçısı

Nəşr edilib : 22.02.2024 17:47