AZ EN RU

Darıdağ Karbon Qazı Zavodu Cənubi Qafqazda təbii yolla ən çox karbon qazı istehsal edən yeganə müəssisədir

“Sənaye ili” – 2022

    2022-ci ilin “Sənaye ili” elan olunması muxtar respublikamızda fəaliyyət göstərən sənaye müəssisələrinin fəaliyyətini daha da aktuallaşdırıb. Ötən il 1 milyard 655 min 700 manatlıq sənaye məhsullarının istehsal olunduğu muxtar respublikada elə müəssisələr var ki, istehsal profillərinə görə təkcə regionumuzda deyil, ümumilikdə, Cənubi Qafqazda seçilir. Haqqında bəhs edəcəyimiz “Karbon Qazı Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti də məhz belə müəssisələrdəndir. Təməli 1985-ci ildə qoyulmuş zavodun fəaliyyətində bu gün hansı yenilikləri müşahidə edirik və burada istehsal prosesləri necə aparılır? Bu və ya digər suallarımıza müəssisənin direktoru Elman Seyidovla söhbətimizdə aydınlıq gətirdik.

    Müsahibimiz bildirdi ki, zavod ötən əsrin 70-ci illərində Culfa rayonunun Darıdağ ərazisində su yataqlarının bazasında karbon qazının alınması məqsədilə aparılan kəşfiyyat işlərinin uğurlu nəticələri nəzərə alınaraq tikilib. Əvvəllər müxtəlif dövlət qurumlarının tabeliyində olan müəssisədən, əsasən, mineral suların və şampan içkilərinin qazlaşdırılmasında istifadə olunub. Sonrakı illərdə isə müəssisənin istehsal gücündən səmərəli istifadə edilməyib. Yalnız 2008-ci ildə müəssisə yenidən qurularaq istifadəyə verildikdən sonra zavodun fəaliyyəti qənaətbəxş hesab olunub. Hazırda “Nəqşicahan Holdinq” Şirkətlər Qrupunun nəzdində fəaliyyət göstərən zavod Gürcüstandakı kiçikhəcmli istehsal istisna olmaqla, ümumilikdə, Cənubi Qafqazda təbii şəkildə ən çox karbon qazı istehsal edən tək müəssisədir. 
    Öyrəndik ki, yataqdakı yerin dərin qatlarından çıxan arsenli suyun ən üstün cəhətlərindən biri onun tərkibindəki karbon qazının çox olmasıdır. Karbon qazı təbii yolla 900 metr dərinlikdəki iki quyudan çıxarılaraq emal olunur. Mineral su yatağından borularla gətirilən xammal zavodda üç mərhələdə sıxılıb soyudularaq maye halına salınır, xüsusi filtrlərlə təmizləndikdən sonra anbara ötürülür. Sifarişləri ünvanlarına vaxtında çatdırmaq üçün müəssisənin maye karbon qazı daşıyan 20 tonluq Avropa standartlarına uyğun avtosisternləri var. Zavod bu gün muxtar respublikamızda mineral su və qazlaşdırılmış digər içkilər istehsal edən müəssisələrlə yaxından əməkdaşlıq edir. Həmçinin istehsal olunan karbon qazı ölkəmizdə bu sahə üzrə fəaliyyət göstərən bir çox müəssisələrə göndərilir. Hazırda zavodun karbon qazı üzrə illik istehsal gücü 6300 tondur. 
    Müəssisədə quru buz da istehsal olunur. Ondan, əsasən, tibb müəssisələrində, dondurma istehsalında, qida məhsullarının saxlanıldığı anbarlarda istifadə olunur. Karbon qazının sürətlə buxarlanması yolu ilə əldə edilən quru buzun istehsalı üçün burada qəliblər quraşdırılıb. Müəssisənin quru buz üçün illik istehsal gücü 50 tondur. Yeri gəlmişkən onu da qeyd edək ki, əvvəllər bu məhsula tələbat idxal hesabına ödənilirdi. 
    Karbon Qazı Zavodunda daha yeni bir məhsul istehsalına isə 2018-ci ildən başlanılıb. Belə ki, həmin ildən burada təbii müalicə məqsədilə Darıdağ suyundan alınmış duz istehsal edilir. 200 qramlıq paketlərdə istehsal olunan Darıdağ suyunun duzu radikulit, osteoxondroz, fəqərə diskinin sıxılması, dəri və ginekoloji xəstəliklərin müalicəsində istifadə edilir. Bundan əlavə, zavodda 1 kiloqramdan 50 kiloqramadək quru tozlu, kimyəvi köpüklü və karbon qazlı ilkin yanğınsöndürmə cihazlarının doldurulması da həyata keçirilir. Müsahibimizin sözlərinə görə, yanğınsöndürmə cihazlarının doldurulması əvvəllər qonşu ölkələrin ərazilərində həyata keçirilirdisə, bu gün artıq müəssisə bu sahədə olan boşluğu aradan qaldırıb və uyğun qiymət, keyfiyyətli məhsulla istehlakçıların ehtiyacını təmin edir. 
    Müəssisədə keyfiyyətə nəzarət etmək üçün akkreditasiya olunmuş sınaq laboratoriyası da fəaliyyət göstərir. Burada istehsal olunan məhsulların hər mərhələdə analizləri aparılır, nəticədə, keyfiyyət göstəriciləri ən yüksək tələblərə cavab verir. Təsadüfi deyil ki, müəssisə “İlin məhsulu” nominasiyası üzrə iki dəfə – “Biznesdə uğur – 2009” və “Biznesdə uğur – 2017” mükafatlarına layiq görülüb. 
    Elman Seyidov onu da vurğuladı ki, bu gün muxtar respublikamızda fəaliyyət göstərən istehsal müəssisələrinin yeni dövrün tələblərinə uyğun fəaliyyət göstərməsi diqqət mərkəzində saxlanılır. Məhz bu baxımdan ərazidə yeni geoloji-kəşfiyyat işlərinin aparılmasına başlanılıb. Artıq müsbət nəticələr əldə olunub. Müəssisənin müasir texnoloji avadanlıqlarla təchiz olunması da planlaşdırılıb. Bu isə növbəti mərhələdə burada istehsal olunan məhsulların xarici bazarlara çıxarılmasını zərurətə çevirir. Həmsöhbətimizin sözlərinə görə, Zəngəzur dəhlizinin istifadəyə verilməsi istehsal olunan karbon qazının uzaq məsafələrə daha uyğun qiymətlərlə daşınmasına imkan yaradacaq ki, bu da, nəticədə, muxtar respublika iqtisadiyyatına öz töhfəsini verəcək. 
    Bəli, Naxçıvan Muxtar Respublikası mühüm sənaye potensialına malikdir. İttifaq dövründən fərqli olaraq indi muxtar respublikada bu potensialdan qənaətlə və səmərəli şəkildə istifadə olunur. Bu gün iqtisadi proseslərdə insan amilinə verilən dəyər, müasir kadr hazırlığı istiqamətində görülən işlər, innovativ texnologiyalara əsaslanan istehsal prosesləri yaxın gələcəkdə muxtar respublika sənayesində yeni mərhələnin başlanğıcına çevriləcək. 

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 04.05.2022 19:49