AZ EN RU

Danışan daşları dinləyin yetər...

Çıxıram seyrinə tarixi, kökü minilliklərin bağrını dələn, namərdə boyun əyməyib mərdə könlünü verən, köksündə güllər, çiçəklər bitirən, yaşı ötdükcə gəncləşən, gözəlləşən şəhərimin. Hər qarışına toxunduqca bir əlinə silah alıb düşməninə meydan oxuyan, digəriylə Vətən torpağını bar-bərəkətə, naz-nemətə çevirən ulu babamın məğrur ayaq səslərini, gecələr çıraq işartısında təfəkkürünü, düşüncəsini ilmələrə kökləyən, sabahlar tarlada həyat yoldaşı ilə çiyin-çiyinə zəhmətə qatlaşan ağbirçək nənəmin günortaları beşik başındakı “laylay dedim yatasan, qızılgülə batasan” sözlərinin ahəngini, qəlbəyatan həzinliyini duyuram. Keçirəm əsrlərin yadigarı qol-budaqlı çinarların meh gətirən çətirindən, nostalji hisslərə bürünən gözlərimi çəkə bilmirəm uşaqların şən-şaqraq səslərinə qərq olan doğma məktəb yollarından, tamaşa edirəm mahir bir rəssamın fırçasından yoğurulan könülaçan küçələrə, xiyabanlara. Budur, artıq dayan deyir qəlbi söz boğçasına çevrilən, dilindən ləl-cəvahir süzülən, sinəsində minilliklərin mənəvi yükü gizlənən abidələşən daşlar. Söhbət açır bu yurdun dünənindən, bu günündən mənə onlar. Sanki daşlar söyləyir, mən dinləyirəm...

Qopuzu bağrına basır Dədəm Qorqud, sinəsi sözlə dolu bir elin, bir yurdun ulu keçmişinə aparır məni, adət-ənənəmizi aşılayan müdrik söhbətləri ilə nəsihətlər verir, bu nurani el ağsaqqalının təfəkkür dünyasının inciləri sərilir gözlərim önünə. Qazan, Beyrək, Qanturalı, Buğac, Dəli Domrul kimi oğuz igidlərinin qəhrəmanlığından, Burla xatın, Banuçiçək, Selcan xatın tək qadınların sadiqliyindən, vəfasından söhbət açır, Şöklü Məlik, Qara Məlik kimi düşmənləri, ailə içinə nifaq salan Aruz kimi xəyanətkarları pisləyir. Oğuz yurdunun müasir gözəlliyi qarşısında heyranlığını da gizlətmir, keçmişdə olduğu kimi, indi də ağsaqqal sözünə, ağbirçək öyüdünə verilən qiyməti yüksək dəyərləndirir.

Vətəninə sevgi və sədaqət amalı uğrunda mübarizə aparan Koroğlu əyləşir Qıratın belinə, əlində Misri qılıncı ilə bu yurda xor baxan namərdlərə meydan oxuyur, qarşısına çıxan maneələrdən qorxmur, daim düşmənlə açıq, üzbəüz döyüşə can atır. Dəmirçioğlu, Eyvaz, Dəli Həsən, Bəlli Əhməd və neçə-neçə torpaq, yurdsevər oğulların igidliklərindən söz açır, Nigar, Məhbub, Telli kimi qadınların ox atmağı, qılınc çalmağı, at oynatmağı heç də kişilərdən pis bacarmadığını deyir. “Həmzənin Qıratı qaçırması” qolundan danışır, Həmzənin Toqata atını qaytarmağa gələn Koroğluya dediyi “Koroğlu, sən Qırat üçün gəlmişdin, onu da minmisən. Mən sənin yerinə olsam, səssiz-səmirsiz çıxıb gedərəm” kinayəli sözünə xalq qəhrəmanının məğrurcasına verdiyi “Əgər atı səssiz-sədasız aparsam, mən də olaram Həmzə də. Onda sənlə mənim aramda day nə təfavüt qalar” cavabını xatırladır.

“Babək” abidəsi bir əlində düşmən gözünü xofa salan qılıncı, digərində yadellilərə qarşı sədd çəkən qalxanı tutan, gənc yaşlarından böyük sərkərdəlik qabiliyyətinə yiyələnən, 816-cı ildən xürrəmilərə başçılıq edən qəhrəmanın xalqın azadlığı yolunda apardığı müqəddəs amaldan danışır. Xilafətə qarşı, təxminən, 17 illik mübarizəsi zamanı döyüşlərdə qazandığı uğurlardan, verdiyi itkilərdən, Bəzz qalasının müdafiəsinə qalxaraq silahdaşları ilə birgə göstərdiyi coşqun mübarizə əzmindən bəhs edir. Abidəyə tamaşa etdikcə Babək filmindən fraqmentlər gözlərim önündən gəlib-keçir, qüvvələrin qeyri-bərabər olduğu son döyüşdə məğlubiyyətə uğrayan Babəkin öz tanışı Səhl ibn Sumbat adlı bir vilayət hakimi tərəfindən satılması, eləcə də edam olunan zaman sonadək əzmini itirmədiyi o tükürpədici görüntüləri xatırladıqca yurdsevər igidimə olan fəxarət hissim daha da artır.

Budur, üzərini görkəmli sənətkarın yaradıcılığına məxsus həndəsi naxışların bəzədiyi və sərbəst şriftlə “Əcəmi Naxçıvani” sözləri yazılan Əcəmi abidəsi önündəyəm. Naxçıvan memarlıq məktəbinin banisi olan Əcəmi Əbubəkroğlunun qədim diyarımızı təkcə Türk dünyasında deyil, bütün Şərq aləmində tanıtmasından, Səmərqənddən Təbrizə, Marağadan Konyaya qədər hər bir sənətkarın bu görkəmli memarın sənət nümunələrindən ilham almasından keçirdiyi fəxarət hissini duyuram. Şərqdə ilk dəfə qadının adına ucaltdığı Möminə xatın türbəsinin baştağında kufi xətti ilə yazdığı “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar” sözlərini yada salaraq biz gəncləri də ulu babalarımız kimi özümüzdən sonra iz buraxmağa səsləyir. “Atababa günbəzi” adı ilə tanınan 1162-ci ildə ucaltdığı Yusif Küseyir oğlu türbəsinin həndəsi biçimi və gözəl harmonik quruluşunu böyük zəhmət hesabına ərsəyə gətirdiyini dilə gətirir, Cümə məscidini inşa etməsini Naxçıvanda İslam dininin yayılması ilə əlaqələndirir, insanları düzgünlüyə, doğruluğa səsləyən, müqəddəs məramlar aşılayan bu dinə etiqadın yaşadığı dövrdə daha da çoxaldığını deyir. Əcəmi seyrəngahına tez-tez üz tutan gənc memarlarla, miras qoyduğu abidələrin önündə dayanıb molbert arxasında işləyən rəssamlarla böyük qürur hissi keçirdiyini, qarşısındakı beynəlxalq tədbirlərə ev sahibliyi edən Heydər Əliyev Sarayının, yanındakı Heydər Bulağının, Naxçıvan Müəllimlər İnstitutu binasının da şəhərin memarlıq üslubuna, əsrarəngiz görünüşünə əlavə rəng qatdığını söyləyir.

Bəhruz Kəngərli adına Rəssamlar Parkındayam. Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, zəngin yaradıcılıq imkanlarına malik görkəmli rəssam Bəhruz Kəngərlinin heykəli önündə sənətkarın yaradıcılıq dünyasına səyahət edirəm. Böyük sənətkarın orta əsr miniatür sənətindən realizmə keçid edərək bununla da yeni boyakarlıq məktəbini yaratmasından, təsviri sənəti təkrarolunmaz forma, janr və təsvir vasitələri ilə zənginləşdirməsi prosesindən danışır mənə bu abidə. Görkəmli rəssamın ustalıqla işlədiyi erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı siyasətinin acı nəticələrini əks etdirən “Qaçqınlar” silsiləsindən, eləcə də tariximizi, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi özündə təcəssüm etdirən, poetik çalarlarla kətan üzərinə köçürdüyü “Möminə xatın türbəsi”, “İmamzadə”, “Şəhər məscidi”, “Əshabi-Kəhf”, “Nuhun qəbri” əsərlərindən bəhs edir. Ümummilli Liderimiz Heydər Əliyevin “Bəhruz Kəngərli nadir istedada malik insan idi. O, Azərbaycan xalqının professional rəssamlıq sənətində ilk rəssamdır. Onun əsərləri Azərbaycan rəssamlıq sənətinin, mədəniyyətinin ən görkəmli nümunələrindəndir. Biz bununla fəxr etməliyik. Fəxr etməliyik ki, Azərbaycan xalqının belə böyük istedada malik insanları olubdur” sözlərini onun sənətinə verilən ən böyük qiymət kimi dəyərləndirir. Müasir dövr Naxçıvan rəssamlığından da söhbət açaraq bu gün qədim diyarın gözəlliyini özünəməxsus elementlərlə kətan üzərində canlandıran, təsviri sənət adamlarının fəaliyyətini, Bəhruz Kəngərli irsinin yaşadılmasını təqdir edir.

“Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoyan Cəlil Məmmədquluzadəyə ucaldılan abidə mənə görkəmli maarifpərvər insanın Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçı və jurnalistlərlə möhkəm ideya-yaradıcılıq əlaqəsindən, təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyalarından danışır. Müəllifi olduğu, ona xalq məhəbbəti gətirən, beynəlxalq aləmdə böyük nüfuz qazandıran jurnalda dərc etdirdiyi satirik məqalələrə, felyetonlara görə Çar hökuməti tərəfindən tez-tez məhkəmə məsuliyyətinə cəlb edilməsini, dəfələrlə təqib olunmasını ürəkyanğısı ilə dilə gətirir. “Ölülər” dramında geriliyi, avamlığı, cəhaləti, “Anamın kitabı”nda milli ruhun müqəddəsliyini, doğma ana dilinin paklığının qorunması məsələsini qabartdığını, “Qurbanəli bəy”də mülkədar nəslinin qəddarlığını, camaata laqeyd münasibət göstərdiyini, “Dəli yığıncağı”nda “dəli kimdir?” fəlsəfi sualı ilə o dövrdəki cəmiyyətin ən müxtəlif zümrələrini bədii mühakiməyə çəkdiyini deyir. Yaşayıb-yaratdığı doğma Naxçıvanında, eləcə də adını daşıdığı Naxçıvan Dövlət Milli Dram Teatrında bir vaxtlar görmək arzusunda olduğu tamaşaların göstərilməsini, səhnənin bacarıqlı, istedadlı, canlandırdığı obrazı yaşayan və yaşadan sənət adamlarının ixtiyarına verilməsini rəğbətlə alqışlayır.

1990-cı il yanvarın 19-da mənfur düşmən gülləsinə tuş gələn İdris Məmmədovun abidəsi önündəyəm. Şəhidimin məğrur baxışları cəbhə yoldaşları ilə birgə erməni qaniçənlərə qarşı apardığı haqq savaşından söhbət açır, torpağımızın yağılardan qorunmasına, əmin əllərdə olduğuna sevindiyini, tez-tez ziyarətinə gələn gənclərimizin vətənpərvərliyindən qürur duyduğunu deyir. Abidə bir neçə dəqiqəlik ağrılı-acılı müharibə illərinə qaytarır məni, Sədərəyin etibarlı müdafiəsində, yurdumuzun göz bəbəyi kimi qorunmasında döyüşən cəsur oğulların şücaətləri ilə yanaşı, dahi siyasətçi Heydər Əliyevin də misilsiz xidmətləri olduğunu vurğulayır. Daha o çətin, məşəqqətli illər arxada qalıb, indi Müzəffər ordumuzu gördükcə fəxarət hissi keçirirəm, – deyir döyüşdə olduğu kimi yenə də dik, mübariz dayanan şəhidim. Dillərdə dastan olan 44 günlük Vətən müharibəsində qazandığımız Qələbədən, 24 saata ərazi bütövlüyümüzü, suverenliyimizi tam təmin edən oğulların qəhrəmanlıqlarından danışmağa saatlar bəs etməz, bütün şəhidlərimiz kimi mən də o gündən bəri hüzur içərisindəyəm-söyləyir igidimiz.

Şəhərimizin möhtəşəm guşəsində əzəmətlə ucalan xalqımızın Ulu Öndəri Heydər Əliyevin büstü qarşısında düşüncələrə dalıram. Bəli, bu gün ölkəmizdə qazanılan uğurlar, insanlara bəxş olunan firavan yaşayışın təməlində məhz görkəmli dövlət xadiminin əsasını Naxçıvanda qoyduğu uzaqgörən siyasət, həyata keçirdiyi islahatlar, icrasına başladığı layihələr dayanır. Dahi şəxsiyyətin respublikaya hər iki rəhbərliyi dövründə gördüyü böyük işlər, xüsusilə də dünyaya göz açıb böyüdüyü, təhsil aldığı, canı qədər sevdiyi Naxçıvanı üçün atdığı addımların nəticəsi xronoloji ardıcıllıqla hafizəmdə sıralanır. Müdrik insan dəfələrlə muxtar respublikaya bağlılığını dilə gətirib: “Naxçıvanda doğulmağım, ərsəyə gəlməyim, təhsil almağım mənim üçün əzizdir. Azərbaycana rəhbərlik etdiyim zaman Naxçıvanda quruculuq işlərinin görülməsindəki fəaliyyətim də mənim üçün əzizdir. Ancaq mənim üçün bunların hamısından əziz 1990-cı ildən 1993-cü ilə qədər burada sizinlə bir yerdə yaşamağım, işləməyim olubdur”. Naxçıvan sakinləri ilə səmimi söhbətləri, söylədiyi dəyərli sözlər Ulu Öndərin məhz qədim diyara olan sonsuz sevgisinin təzahürüdür. Ümummilli Liderin “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin” fikirlərinin reallığını Prezident İlham Əliyevin rəhbərliyi sayəsində bütöv Azərbaycanın hər bir sakini görür, dərindən dərk edir, yaşayır. Ümummilli Liderimizin siyasi xəttinin yolumuzu aydınladan nuru hələ neçə əsr bundan sonra da parlaqlığını, dəyərini itirməyəcək, qədirbilən xalqın öz xilaskarı üçün qurduğu mötəbərlik mərtəbəsi hər zaman belə yüksək nöqtədə dayanacaq.

Şəhərimizin müxtəlif guşələrində ucaldılan, ayrı-ayrı tarixi dövrləri, mədəni-mənəvi irsi təcəssüm etdirən daş abidələr mənə Oğuz yurdunun keçmişindən, bu günündən söhbət açır. Əgər siz də ululardan ulu bu diyar haqqında öyrənmək istəyirsizsə, şəhərimizin daş abidələrinin səsini dinləyin...

Nail ƏSGƏROV

Nəşr edilib : 18.04.2024 10:23