AZ EN RU

Dairə Seçki komissiyalarında treninqlərə başlanılıb

Yanvarın 17-də 4 saylı Naxçıvan  şəhər Dairə Seçki Komissiyasında məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərə start verilib. Treninq proqramları iki mərhələdə təqdim olunub.

 Birinci mərhələ saat 1100-da, ikinci mərhələ isə 1500-da başlayıb. 4 saylı Naxçıvan şəhər Dairə Seçki Komissiyasının sədri Çingiz Həsənli bildirib ki, adıçəkilən seçki dairəsi 42 məntəqəni əhatə edir. Treninqlər ümumilikdə 4 gün davam edəcək və gün ərzində 12 məntəqə üzvü treninqdə iştirak edəcək.

Treninqi müşahidə edən beynəlxalq müşahidəçi Kristofer Barber “Şərq qapısı” qəzetinə müsahibəsində deyib: “Azərbaycan üzrə 26 qrupdan ibarət müşahidəçilər fəaliyyət göstərir. Biz isə Naxçıvan üzrə cavabdehik. Burada olduğumuz müddət ərzində dövlət orqanları, məntəqələr, siyasi partiyaların seçki ilə bağlı hansı işlər gördüyünü öyrənmək məqsədi ilə müxtəlif görüşlər keçiririk. Bununla, seçkiyə hazırlığın hansı səviyyədə olduğunu müəyyən edirik. Düşüncələrimizi tərəfsiz və obyektiv olaraq şəxsi müşahidələrimiz əsasında ifadə edirik. ATƏT-in ilkin hesabatı baş tutacaq və hesabatda bizim seçki kompaniyaları ilə bağlı müşahidələrimizə də yer veriləcək. Seçkidən sonrakı prosesi də müşahidə etmək məqsədi ilə fevralın 15-dək Naxçıvanda olacağıq”.

***

1 saylı Şərur-Sədərək seçki dairəsində isə gün ərzində 12 məntəqə seçki komissiyasının 72  üzvünə treninq keçirilib.  Treninqdə seçki günü seçki prosesinin həyata keçirilməsi, seçki bülleteninin, səsvermə bitdikdən sonra yekun səsvermə protokolunun doldurulması qaydaları haqqında məlumat verilib. Seminarda slaydlardan istifadə edilib, əyani olaraq sənədlərin işlənmə qaydası göstərilib.

Qeyd edək ki, analoji tədbir 2 saylı Şərur - Kəngərli,  3 saylı Babək - Şahbuz - Kəngərli, 5 saylı Babək – Naxçıvan - Culfa seçki dairələrində də keçirilib.

 

 

Nəşr edilib : 17.01.2024 17:50