AZ EN RU

“Dahilik Zirvəsi” esse müsabiqəsinin qalibləri mükafatlandırılıb

    “Şərq qapısı” qəzeti redaksiyası, Naxçıvan Mətbuat Şurası və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Dahilik Zirvəsi” esse müsabiqəsinin yekun tədbiri təşkil edilib. 
    Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev açaraq qeyd edib ki, müsabiqənin müstəqilliyimizin, müstəqil dövlətçiliyimizin memarı, qurucusu olan görkəmli dövlət xadimi Heydər Əliyevin fəaliyyətinə həsr olunması təsadüfi deyil. Bütün sahələrdə olduğu kimi, jurnalistika, medianın inkişafı sahəsində də Ulu Öndərimizin başladığı islahatların bəhrəsini görürük. Azərbaycanda azsaylı jurnalist kadrlar hazırlayan ali təhsil müəssisələrdən biri də Naxçıvan Dövlət Universitetidir, üçün universitetin mükəmməl maddi-texniki bazası var. 
    Bildirilib ki, “Heydər Əliyev İli”ndə Ulu Öndərin fəaliyyəti təhlili yazılarla, müxtəlif məqalələrlə elmi-siyasi cəhətdən yenidən araşdırılır. Medianın qanunvericilik bazası, təşkilati strukturun formalaşması, bütövlükdə, Ulu Öndərimizin daxili siyasətində həmişə önəmli yerlərdən birini tutub. 
    Görkəmli dövlət xadiminin fəaliyyətində Naxçıvan Dövlət Universitetinin xüsusi yeri olduğunu vurğulayan Elbrus İsayev ali təhsil ocağında Ulu Öndərin fəaliyyətinə dair mədəni-kütləvi, elmi-siyasi  tədbirlərin, konfrans və müsabiqələrin keçirildiyini qeyd edib. O, gənclərin, xüsusilə Jurnalistika ixtisası tələbələrinin “Dahilik Zirvəsi” adlı müsabiqəyə cəlb edilməsini, bütövlükdə, bu sahədəki kadr hazırlığına töhfə, qayğı kimi dəyərləndirib. 
    “Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultanova bildirib ki, bu ilin ölkə başçısının müvafiq Sərəncamı ilə “Heydər Əliyev İli” elan edilməsi ilə  görkəmli dövlət xadiminin möhtəşəm siyasi irsə daha müasir, yeni bir kontekstdə yanaşmaq imkanı verib, Heydər Əliyevşünaslığın yeni bir mərhələsi reallaşıb. Bu, dahi şəxsin ömür yolunun, siyasi irsinin gənclərimiz tərəfindən öyrənilməsi üçün də zəruridir. 
    Mehriban Sultanova Ümummilli Lider Heydər Əliyevin mətbuat sahəsinə göstərdiyi xüsusi qayğıdan danışıb, bu sırada “Şərq qapısı” qəzetinin fəaliyyətinə olan diqqətini qeyd edib, Naxçıvana qayıtdıqdan sonra  ilk müsahibəsini məhz “Şərq qapısı”na verdiyini və qəzet haqqında yüksək fikirlər söylədiyini diqqətə çatdırıb. Qəzet əməkdaşlarının “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin zəngin, çoxşaxəli fəaliyyətinə, irsinə dair analitik təhlilli məqalələr, reportaj, esse və digər janrlarda yazılarla çıxış etdiyini qeyd edib. 
    Baş redaktor Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası tələbələrinin təcrübələrinin artırılmasında qəzetin roluna diqqət çəkib. “Dahilik Zirvəsi” esse müsabiqəsi qaliblərinin əksəriyyətinin  universitetdə Jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin təşkil etdiyini, ali təhsil ocağında jurnalist kadrların yetişməsi üçün müasir imkanların olduğunu qeyd edib.
    Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov və Naxçıvan Dövlət Universitetinin Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva çıxışlarında gənclərin Ümummilli Lider Heydər Əliyevlə bağlı düşüncə və fikirlərinin, bu böyük şəxsiyyətə olan sevgi və məhəbbətlərinin adıçəkilən müsabiqə vasitəsilə qələmə aldıqları yazılarda daha aydın ifadə etdiklərini qeyd ediblər. Çıxışlarda müsabiqənin təşkilinin onların bundan sonrakı fəaliyyəti üçün də böyük bir stimul olacağı vurğulanıb. 
    Çıxış edənlər müsabiqə qaliblərini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıblar. 
    Sonda təşkilatçılar tərəfindən müsabiqə qaliblərinə diplom və hədiyyələr təqdim edilib.Yekun qiymətləndirməyə görə “Mübariz xalqımızın milli sərvəti, bütün zamanların Ulu Rəhbəri” məqaləsinə görə Məcid Əkbərov I, “Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” məqaləsi ilə Aidə İbrahimova, “Ümummilli Liderin ideyalarını yaşadan təhsil ocağı” məqaləsinə görə Bülbül Quliyeva, “Sən elə bir zirvəsən... Heydər Əliyev zirvəsindən baxanda Qalib, Zəfər qazanmış Azərbaycan görünür” məqaləsinə ilə Muxtar Rzazadə II, “Zəngin musiqi mədəniyyətimizin mükəmməl bilicisi və hamisi” məqaləsinə görə Səkinə Bağırova, “Ulu Öndərimizin irsi biz gənc nəslin milli-mənəvi dəyəridir” məqaləsi ilə Adəm İbrahimov III yerlərin qalibi olublar. 

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 11.09.2023 20:30