AZ EN RU

Dahi şəxsiyyətin arzularındakı kimi məğrur duruşlu məkan Heydərabad

    Həmkarlarımdan bir çoxu tez-tez deyir ki, eyni rayon, eyni kənd haqqında neçə dəfə məqalə yazmaq olar. Mən bu fikirlə çox da razılaşmır və deyirəm ki, bir yurdun, bir torpağın ki hər daşı, qayasında Vətən sevdalı şəhidlərin izi var, bir yurdun ki hər küncündə qəhrəmanlıq səhifəsi vərəqləyirsən, bir yurdun, torpağın ki hər qarışında tarixin izi var, bir dəfə yox, yüz dəfə də yazı hazırlamaq mümkündür o yurd haqqında. Yolum hər dəfə Sədərəyə düşəndə sanki yenidən kəşf edirəm bu yurdu. Bəlkə də, bir vaxtlar doğma Şərurumun bir parçası olduğu üçün bu qədər sevirəm bu rayonu. Bəlkə də, ilk dəfə azadlıq kəlməsini, müstəqillik duyğusunu hiss etdirdiyi üçün və bəlkə də, ən çətin günlərimizdə “Ümid” körpüsünə qucaq açdığı, insanlara ümid işığı bəxş etdiyi üçün, düşmənin qarşısında səddə çevrildiyi, yurdumun dəmir qapısı, qeyrət qalası olduğu üçün. Bu diyarda dünyaya gələn elə bir insan olmaz ki, Sədərəyin adı gələndə düşüncəsində qəhrəman bir yurd canlanmasın. Bir vaxtlar da, indi də Vətən sevgisindən bir səddir düşmənin qarşısında məğrur duruşlu Sədərək. 

    Yolboyu ilk həmsöhbətim 25 ildir ki, sürücülük edən Elbəyi Zeynalovdur. Onun 60-a yaxın yaşı var. Söhbətə lap əvvəldən, Sədərəyin qəfil hücuma məruz qaldığı o qarlı-şaxtalı gecədən başlayır:
    – Hamı şirin yuxuda idi, kim deyərdi ki, 70 ildir ki, bizə qardaş deyib təknəmizdən çörək, ocağımızdan od, bulaqlarımızdan su verdiyimiz qonşularımız torpağımıza göz dikəcəklər. Gecənin qaranlığında dinc sakinləri gülləbaran edəcəklər. Sanki həmin il qış da öz fərasətini göstərirdi. Yanvarın soyuq günündə qadın və körpələri kənddən çıxarıb Şərur rayonunun kəndlərinə göndərdik. Kənd sakinlərindən bir neçəsi və polis əməkdaşları ilə birgə ov gülləsi götürüb topun, tankın qarşısına çıxdıq. Qəfil hücumun qarşısını beş-on nəfərlə almağa, son damla qanımıza kimi döyüşməyə qərarlıydıq. O mənfurlar bir gecə ilə kifayətlənmədilər, 1990-cı ilin yanvarında başlayan hücum 1994-cü ilə kimi davam etdi. Düşmən bizdən qat-qat artıq, silahları daha çox olsa da, bizim Vətən sevgimiz onlara qalib gəldi. 
    “Həmin çətin günlərdə dahi rəhbərin Naxçıvanda olması təkcə Sədərəyi, Naxçıvanı yox, ümumilikdə, Vətənimizi qorudu”. Bunu yolyoldaşım Mehriban Sadıqova deyir:         – 1990-cı ilin soyuq, şaxtalı qış günlərində mənfur ermənilər Sədərəyə hücum etmişdilər. Top mərmiləri hər yeri xarabaya çevirmişdi... Biz o vaxt balalarımızı səngərdə tək qoymadıq. Səngərdə döyüşən əsgər arxasında xalqın olduğunu bilib daha böyük bir hünərlə durdu düşmənin qarşısında. Qadınlarımız kəndi tərk etmədi, hər evdən işıq, hər təndirdən tüstü çıxdığını, səngərdəki oğulların qarşısından qaçmadığını görən düşmən geri çəkilmək məcburiyyətində qaldı. Biz qadınlar evlərimizin zirzəmilərində səngərdəki balalarımıza isti çörək, yemək bişirib göndərirdik. O vaxt belə ordu quruculuğu yox idi. Nə müasir silah var idi, nə də isti geyim-kecim. İndi dövlətimiz çox güclüdür. Bunun sayəsində evlərimizdə rahat yatırıq. Hər cür şəraitimiz də var. Hər kəs torpağını istədiyi kimi əkib-becərib qazanc əldə edə bilir. Bu gün burada əmin-amanlıqla yaşayırıq. Bütün bunları isə dövlətimizə, rəhbərimizə borcluyuq. Allah bayrağımızı həmişə yüksəklərdə dalğalandırsın. Xalqının, elinin qədrini bilənlərin də su kimi uzun ömrü olsun.
    Yol uzun olsa da, şirin söhbət edə-edə gəlib çatırıq Sədərəyə. Rayonun girişində qürurla dalğalanan üçrəngli, ay-ulduzlu bayraq salamlayır bizi. Namusumuz, qeyrətimiz bayrağımız. O artıq iki ildir ki, daha böyük əzəmət və qürurla dalğalanır Vətənimizin səmasında. Çünki bütöv Azərbaycanın bayrağıdır o artıq. Uzaq diyarlardan boynubükük baxmır daha Şuşaya, Laçına, Kəlbəcərə, Ağdama. İgid oğulları qoynunda daşıyıb onu, döyüşə-döyüşə azad edib yurdunu. Hər qarış torpağa can qurban edib, bayrağımızı azad edilən torpağımıza sancıblar.
    Rayona hər dəfə daxil olanda diqqətimi çox yaxın məsafədə olan postlar, düşmənin beş metrliyində qurulan evlər, barlı-bəhərli əkin sahələri çəkir. Və 90-cı illərin qış aylarında  soyuğun iliyə işlədiyi bir vaxtlarda gecədən səhərə, səhərdən axşama kimi səngərdə döyüşən el oğullarını, işıqsız, qazsız, çörəksiz qalsa da, mətanətini itirməyən qadınlarımızı, tüstüləyən neft maşınkasında çətinliklə tapdığı bir ovuc undan bişirdiyi çörəyi səngərdəki əsgərə göndərən, özü isə ac yatan nənələrimiz barədə düşünürəm. Düşünürəm ki, bura elə bir yer idi ki, bir vaxtlar bütün evlər ermənilərin ağır silahlardan atdığı mərmilərlə dağıdılmışdı, nə yol var idi, nə iz. Evlərin zirzəmilərində, dəhnədə yaşayan insanlar yeməyə bir tikə tapan kimi onu səngərdə döyüşən əsgərlə yarı bölürdülər. Elə bu Vətən sevgisi, birlik qorudu torpağımızı.
    Heydərabad qəsəbəsinə çatır, buradakı istirahət parkında bir neçə rayon sakinin əyləşdiyini görür, onlarla da həmsöhbət oluram. 
    Vətən müharibəsi şəhidi Tağı Abdullazədənin atası, Sədərək döyüşlərinin qazisi İlham Abdullazadə: 
    – Bu qəsəbə salınan vaxtlar qonşularımızın gələcək planlarından xəbərsiz idi hamı. Bir vaxtlar çörəkpulu üçün gəlib qapımızda fəhləlik edən ermənilərin demək ki, bu torpaqlarda gözü var imiş. Zaman keçdi, Sovetlər Birliyi dağılanda onların əsl üzünü gördük. Qəfil hücum olduğunda hər kəs əlinə silah alıb Vətənin müdafiəsinə qalxdı. Naxçıvanı tərk etməyə hazırlaşan sovet qoşunları bizə heç bir köməklik göstərmirdilər. Naxçıvan şəhərindən, Şərur və başqa rayonlardan əli silah tutan hər kəs döyüşə gəlmişdi. Öz havadarlarından güc alan ermənilər başımıza od yağdırsa da, atılan mərmilərdən evlərimiz dağılıb, körpələrimiz həlak olsalar da, bir an belə geri çəkilmədik. Var gücümüzlə onlara sinə gərib qalib olduq. Elə gün olurdu ki, onlarla şəhid verirdik. Düşmən postlarımızı, yüksəkliklərimizi ələ keçirməyə cəhd göstərirdi. Yadımdadır, 1992-ci ilin mayında burada qanlı döyüşlər oldu. Onlarla şəhid verdik. Amma geri bir addım belə atmadıq. Bu gün isə vəziyyət tamam başqadır. O mənfurlar 90-cı ildə ağızlarının payını elə alıblar ki, indi qorxularından dönüb biz tərəfə baxmağa belə cürət etmirlər. Onlar öz köhnə uçuq-sökük evlərindən buradakı inkişafı həsədlə seyr edirlər. 
    Qəsəbə sakini Novruz Əliyev:
    – Dövlətimizin başçısının böyük diqqət və qayğısı, fədakar naxçıvanlıların gərgin zəhməti nəticəsində muxtar respublikanın kənd, qəsəbə və rayon mərkəzlərinin 90 faizə yaxını artıq ən yüksək səviyyədə yenidən qurulub, abadlaşdırılıb. Bu qədim diyar o qədər gözəl, təmizdir ki, insan bu mədəniyyəti, güllü, çiçəkli bağçaları, yeni tikililəri, qədim tikililərin bərpa olunmuş vəziyyətlərini tərif etməyə söz tapa bilmir. Ən kiçik dağ kəndlərində belə sosial problemlər öz həllini tapıb... Azərbaycanın döyünən ürəyi Naxçıvanın alınmaz qalası Sədərək də dahi rəhbərin siyasətindən pay alıb gözəlləşib, düşmənə gözdağı olub, dosta qürur yaşadır. Ulu öndər Azərbaycanda siyasi hakimiyyətə gəldiyi ilk gündən etibarən, Naxçıvanda Ali Məclis Sədri olduğu dövrdə də, Azərbaycan Prezidenti seçiləndən sonrakı illərdə də diyarımızda görülən işləri yaxından izləyir və müxtəliftipli müəssisələrin açılış mərasimlərində iştirak etmək üçün muxtar respublikanın rayonlarına səfər edirdi. Onun cəbhə bölgəsi olan Sədərək kəndinə göstərdiyi diqqət və qayğı bugünkü Sədərəyin mövcudluğuna stimul olub. Məhz Sədərək rayonunun yaranması və inkişafı da ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ölkəmizə birinci rəhbərliyi dövründən başlayaraq sərhəd yaşayış məntəqəsinin inkişafını diqqətdə saxlamış, 1990-1993-cü illərdə isə Sədərək işğaldan qorunmuşdur. Milli Qurtuluşdan başlanan yol müstəqillik illərində rayonu müasir yaşayış məntəqəsinə çevirmişdir. Bu gün Heydər Əliyev siyasi xəttinə sədaqət Sədərək rayonunda davamlı inkişafı təmin etmiş, Heydərabad qəsəbəsində və kəndlərdə quruculuq işlərinin miqyası genişlənmiş, məskunlaşma artmışdır. 
    Heydərabad qəsəbə tam orta məktəbinin müəllimi Vətən Əhmədov: 
    – Ötən illərə nəzər yetirəndə görürük ki, 1969-cu ildə ölkə rəhbəri olan ulu öndər 1978-ci il oktyabrın 15-də Naxçıvana səfəri zamanı Sədərəkdə əhali ilə görüşür. O, kənd ağsaqqallarına, ziyalılara Sədərək üçün gələcəkdə görüləcək işlər barədə, xüsusilə sərhəddə salınacaq nümunəvi yaşayış qəsəbəsindən söhbətlər edir. Elə oradaca əlaqədar rəsmi şəxslərə Naxçıvan-İrəvan magistralının üstündə salınacaq bu qəsəbənin layihəsi barədə tövsiyə və tapşırıqlarını verir. Beləliklə, sərhəddəki boş ərazidə ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı ilə nümunəvi bir qəsəbə salınır və Sədərəkdəki yüzə yaxın ailə həmin qəsəbəyə köçürülür. Ən əsası isə düşmənə gözdağı olan bu qəsəbənin salınması ilə sərhəd bir qədər də möhkəmlənir…
    Həmsöhbətimin bu fikirlərinin təsiri ilə xəyalən yaxın tariximizi vərəqləyirəm. 1980-ci il may ayının 19-da yenə Naxçıvana gələn dahi rəhbər Sədərəyin bir çox əkin sahələrində olub, əməkçilərlə və kənd ağsaqqallarının nümayəndələri ilə görüşür. Rayonda yaradılan böyük şərab zavodu da məhz ulu öndərin göstərişi ilə yaradılır, üzüm plantasiyaları salınır. Məlum siyasi hadisələrdən sonra 1990-cı il iyul ayının 22-də Naxçıvana qayıdan ulu öndər qızğın döyüşlərin getdiyi bir vaxtda – iyulun 28-də Sədərək kəndinə gəlir. Çadırlarda yaşamağa məcbur olan qadın və körpələrlə, səngərdəki oğullarla görüşən dahi rəhbərin buraya gəlməsi Sədərək sakinlərinə də, düşmənlə döyüşən oğullara da ruh yüksəkliyi verir. Elə həmin il dahi rəhbərin təşəbbüsü ilə 1990-cı il 29 avqust tarixdə Sədərək rayonunun yaradılması haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Qərarı qəbul edilir. Rayonun yaradılması müdafiəsini və inkişafını gücləndirməyə xidmət etmək məqsədi daşıyır. Daim sədərəklilərin yanında olan dahi rəhbər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsindən cəmi iki ay sonra imzaladığı “Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun inzibati-ərazi bölgüsündə dəyişiklik edilməsi haqqında’’ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il 16 dekabr tarixli Qərarı da birbaşa böyük şəxsiyyətin Sədərək rayonuna qayğı və diqqətinin təzahürü idi.  Sədərəkdə döyüşlərin ən şiddətli vaxtlarında belə bu kəndə dəfələrlə gələrək yerli sakinlər və döyüşçülərlə görüşən dahi insan həmin ağır günlərdə Sədərəyin müdafiəsində yaralananların taleyi ilə də maraqlanır, ağır yaralıların qardaş Türkiyənin müxtəlif şəhər xəstəxanalarına göndərilməsi üçün danışıqlar aparır. 1992-ci il 28 may  tarixdə əlamətdar hadisə baş verir. Həmin gün Azərbaycan-Türkiyə arasında iqtisadi, mədəni, sosial, siyasi əlaqələrin inkişaf simvolu hesab olunan Sədərək-Dilucu körpüsünün açılışı olur. “Ümid” körpüsü adlanan bu körpü ümidləri gerçəyə çevirir. Ulu öndərin təşəbbüsü ilə körpü hazır olan kimi bu keçid vasitəsilə Naxçıvana xarici media nümayəndələri də gəlir. Həmin illərdə Naxçıvan həm mərkəzi hökumət tərəfindən gözdəniraq edilmiş, həm də informasiya blokadasına salınmışdı. Ulu öndərin səyləri nəticəsində Sədərəyə gələn media nümayəndələri buradan reportajlar hazırlayaraq erməni vəhşiliyini dünya ictimaiyyətinə çatdırdılar. Həmin çətin günlərdə böyük şəxsiyyətin burada olması yurdumuzu işğal təhlükəsindən qorumaqla yanaşı, bu diyarı yox olmaq təhlükəsindən də azad edir. Ulu öndər Heydər Əliyev ölkə başçısı seçiləndən sonrakı vaxtlarda da qədim yurdumuzun əhəmiyyətli bir bölgəsi kimi Sədərək rayonunun inkişafını xüsusi diqqətdə saxlayıb. O, 2002-ci ildə Sədərək rayonunun Heydərabad qəsəbəsinə gələrək rayon sakinləri ilə görüşüb. Ulu öndər həmin görüşdə deyib:
    “Mən 1990-cı ildə Naxçıvana gələndə yaşayış məntəqələrinə ilk gedişim Sədərək rayonuna oldu. Yəqin ki, onu da xatırlayırsınız. Mən Naxçıvandan gələndən 3-4 gün sonra Sədərəyə gəldim. Nə üçün Sədərəyə? Çünki bu bizim həm ucqar yaşayış məntəqəmizdir, rayonumuzdur, həm də ki insanlar burada ermənilərin hücumundan, onların atəşlərindən çox əziyyət çəkmişdilər… Mən bir neçə gün idi ki, Naxçıvana gəlmişdim. İlk çıxışımı Sədərəkdə etdim. Məhz buna görə, sədərəklilərin qəhrəmanlıqlarına görə, Azərbaycan torpağının bu ucqar yerində, sərhədində möhkəm dayandıqlarına görə və göstərdiyi şücaətə görə mən buraya gəldim”. 

    Vətənimizin alınmazlıq simvolu olan Sədərək rayonu bu gün inkişafının ən yüksək mərhələsindədir. ONUN yadigarı olan Heydərabad qəsəbəsi gözəlliyi ilə göz oxşayır. Sədərəyin düşmən qarşısında əyilməzliyi, dik duruşu, düşmənə gözdağı olması dahi rəhbərdən ona miras olaraq qalıb. Bu miras bu gün layiqincə qorunur və gələcək nəsillərə ərməğan ediləcək. Vətənimizin döyünən ürəyi Naxçıvanın şah damarı olan Sədərək müstəqillik illərində inkişafının ən yüksək zirvəsinə qədəm qoymaqla düşmənlərə gözdağına çevrilib. Rayonu dövrəyə alan uca dağların qoynunda xidmət edən oğullarımızın rəşadəti sayəsində bundan sonra da Sədərək düşmənlərin qorxulu yuxusu olacaq. Böyük Zəfərdən pay alan Sədərək Böyük Turana qapı olacaq. Türkdilli xalqları bir-birinə birləşdirən körpüyə çevriləcək.

Ramiyyə ƏKBƏROVA 

Nəşr edilib : 08.12.2022 20:09