AZ EN RU

Dahi rəhbər həm də musiqi mədəniyyətimizin hamisi idi

    Azərbaycanın milli və professional musiqisi uzun bir yol keçib. Ulu Öndərimiz Heydər Əliyev musiqimizi çox sevir, ölkəmizə hər iki rəhbərliyi dövründə bu sahənin inkişafına böyük qayğı göstərirdi. Çünki O, çox yaxşı bilirdi ki, bir xalqı digər xalqlardan fərqləndirən əsas amillərdən biri həmin xalqın mədəniyyəti və musiqisidir. Ümummilli Liderin misilsiz xidmətləri sayəsində Azərbaycan musiqisi əsl yüksəliş dövrünü yaşamışdır. Bu dövr Azərbaycan incəsənəti və musiqisinin “Qızıl dövrü” adlanır. 

     Hər bir xalq kimi, Azərbaycan xalqının da musiqisini ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda tanıdan musiqiçiləri vardır. Ulu Öndər hər zaman bu şəxsiyyətlərin qayğısına qalmışdır. O, Azərbaycan musiqi mədəniyyətinin yaradıcıları olan bəstəkarlardan Üzeyir Hacıbəyli, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, müğənnilərdən Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Müslüm Maqomayev, Rəşid Behbudov, Bülbül və başqalarının sənətinə yüksək qiymət vermişdir. 
    Çünki O, mədəniyyətimizin qoruyucusu, himayədarı idi. Məşhur musiqiçi Mstislav Rostropoviçin Bakıya dəvət olunması, Azərbaycan Dövlət Akademik Filarmoniyasının bərpası, Bakıda Üzeyir Hacıbəylinin, Bülbülün xatirəsinə muzeylərin açılması məhz Ulu Öndərin təşəbbüsü ilə olmuşdur. Dahi şəxsiyyət səhnə əsərlərinin tamaşasında, premyerasında yaxından iştirak edir, heyət ilə görüşür, onlara xoş sözlər deyirdi. Həmçinin Azərbaycan musiqisinin beynəlxalq arenaya çatdırılması da məhz dahi şəxsiyyətin adı ilə bağlıdır. O dövrdə sənət adamlarının zəhməti yüksək dəyərləndirilir, onlara fəxri adlar, orden və medallar verilirdi. Onu da xüsusi vurğulayaq ki, böyük Azərbaycan bəstəkarları Qara Qarayevin, Niyazinin, Fikrət Əmirovun, SSRİ-nin ən böyük dövlət təltifi olan “Sosialist Əməyi Qəhrəmanı” fəxri adına layiq görülməsi məhz dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Bu sırada bəstəkar, müğənni və musiqişünaslarımıza – Tofiq Quliyevə, Süleyman Ələsgərova, Ramiz Mirişliyə və onlarla belə sənət adamına Prezident təqaüdünün verilməsi Ulu Öndərin bu sahədə çalışanlara davamlı qayğısının bariz təzahürü kimi dəyərləndirilməlidir. Bəstəkarlarımız da Ümummilli Liderimizə böyük ehtiram göstərirdilər. Ulu Öndərimizə həsr olunmuş Cövdət Hacıyevin 8 saylı, Arif Məlikovun “Əbədiyyət” adlı simfoniyaları, Vasif Adıgözəlovun “Azərbaycan” kantatası, Ramiz Mirişlinin “Məşəl kimi yanan ürək”, Sərdar Fərəcovun “Böyük vətəndaş haqqında oda”sı, Vasif Allahverdiyevin “Ömür yolu” simfonik poeması və digər əsərlər bu gün də musiqi fondumuzun qiymətli nümunələridir. 
    Onun ən çox sevdiyi sənətkar dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudov idi. Dahi rəhbər onu “nadir insan və nadir şəxsiyyət” adlandırırdı. O, Cahangir Cahangirovun “Alagöz” mahnısını Rəşid Behbudovun repertuarında çox sevirdi və söyləyirdi: “XX əsrdə Azərbaycan mədəniyyətinin inkişaf etməsində Rəşid Behbudovun nə qədər böyük xidmətləri olduğu zaman keçdikcə daha da dərindən dərk olunacaqdır”. 
    Qədim diyarımız Naxçıvanda da mədəniyyətin, musiqinin, incəsənətin inkişafına Ulu Öndər həmişə qayğı ilə yanaşırdı. Naxçıvan dünya elminə, ədəbiyyatına dahilər bəxş etməklə yanaşı, həm də musiqiçilər diyarı kimi tanınıb, zəngin mədəniyyət beşiyi sayılıb. Ulu Öndər Naxçıvan mədəniyyətinə hər zaman qayğı göstərərək inkişafı üçün böyük işlər görmüşdür. Naxçıvanda ixtisaslı musiqiçilərin, istedadlı gənclərin yetişməsi, musiqi təhsilinə cəlb olunması, müxtəlif milli musiqi alətlərinin öyrənilməsi, xalq mahnılarının yaşadılması, dünya və klassik bəstəkarların əsərlərinin öyrənilməsi üçün Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1975-ci il aprelin 28-də Naxçıvanda yeni təhsil ocağı – orta ixtisas musiqi məktəbi yaradılmışdır. Bununla Naxçıvanın mədəni həyatında yeni bir dövr başlanmış, musiqi təhsili almaq istəyən gənclərə yol açılmışdır. Bu gün Naxçıvan Musiqi Kolleci kimi fəaliyyətini davam etdirən həmin məktəbin yetirmələrinin səsi ölkəmizin müxtəlif musiqi kollektivlərindən eşidilir.
    Ulu Öndərin ölkəmizdə hakimiyyətdə olduğu bu illərdə doğma yurdun musiqi tarixində daha bir hadisə baş verdi. Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Dövlət Filarmoniyası fəaliyyətə başladı. Filarmoniyanın nəzdində fəaliyyət göstərən Xalq Çalğı Alətləri Orkestri, Mahnı və Rəqs Ansamblı, İnstrumental Ansambl və digər musiqi qrupları muxtar respublikada musiqi mədəniyyətinin inkişafına töhfələr verir, gənc musiqiçi kadrların yetişməsində üzərinə düşən vəzifələri layiqinqə yerinə yetirməyə çalışırlar. Onu da qeyd edək ki, bu və ya digər musiqi kollektivləri muxtar respublikamızla yanaşı, ölkəmizin digər rayonlarına, həmçinin yaxın xarici ölkələrə qastrol səfərlərinə gedərək Azərbaycan musiqisini təbliğ edirlər. Naxçıvanda yaradılan digər qurumlardan biri də Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatıdır. Bu yaradıcılıq ocağının fəaliyyətə başlaması da məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Naxçıvanda yaşayıb-yaradan musiqiçiləri öz ətrafında birləşdirən təşkilat hərtərəfli dövlət qayğısı əhatəsindədir. Təşkilatın sıralarına gənclərin qəbuluna üstünlük verilir.
    Naxçıvanda ali təhsil ocağı Naxçıvan Dövlət Universitetinin də yaranması birbaşa Ulu Öndərin təşəbbüsüdür. Bu universitetin inkişafında Heydər Əliyevin əvəzsiz xidmətləri vardır. O, universitetin 25 illik yubileyində iştirak edərək müəllim və tələbə heyəti ilə görüşmüş, lazımi qayğını göstərmişdir. Bu, ali təhsil ocağının tarixində ən parlaq səhifə hesab olunur. Naxçıvan Dövlət Universitetinin nəzdində Musiqi, Təsviri sənət kafedraları yaradılmışdır. 1996-cı ildə isə həmin bazanın əsasında İncəsənət fakültəsi açılmış, fakültədə musiqişünaslıq, bəstəkarlıq, dirijorluq, simli və nəfəs alətləri, musiqi təhsili, təsviri incəsənət ixtisasları üzrə mütəxəssislər yetişdirilməyə başlanılmışdır. Fakültədə naxçıvanlı gənc musiqiçilərlə yanaşı, ölkəmizin digər bölgələrindən gəlmiş musiqisevərlər də təhsil alır. Bu fakültədə də fəaliyyət göstərən incəsənət xadimləri diqqət və qayğı əhatəsindədir. Onların bəzilərinə Prezident təqaüdü verilmiş, orden və medallar, fəxri adlarla təltif olunmuşlar. Bu sənət adamlarının sırasında Kamal Əhmədov, Səidə Məmmədova, Çingiz Axundov və başqalarının adlarını çəkmək olar. 
    Ulu Öndər Azərbaycan tarixində silinməz izlər buraxmış dahi şəxsiyyətdir. Onun amalı hər zaman Azərbaycan və Azərbaycan xalqının rifahını qorumaq, mədəniyyətini, incəsənətini inkişaf etdirmək, Azərbaycanın milli və professional musiqisini dünyaya tanıtmaq olmuşdur.

Lətafət HƏSƏNOVA
Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin 
Musiqişünaslıq ixtisası üzrə III kurs tələbəsi

Nəşr edilib : 03.08.2023 20:07