AZ EN RU

Dahi Nizami yurdundan ədalətli dünya nizamı uğruna böyük çağırışlar

    Elmin, texnologiyanın yüksək sürətlə inkişaf etdiyi bir dövrdə bəşər cəmiyyətini gərginliyə sürükləyən qlobal təhlükələr, beynəlxalq etimadı sarsan siyasi ədalətsizlik və dünya düzəninin köhnəlmiş oyun qurucularının hərəkətsizliyi hər kəsin ləyaqətlə yaşayacağını təmin edə bilən gələcək nizamın qurulması üçün səslənən müasir çağırışları hər keçən gün daha da aktual edir. Bu mənada, son 30 ildə qarşılaşdığı işğal və ikili standartlara qarşı sivilizasiyalararası dialoqda öz çəkisini sübut etmiş Azərbaycan Respublikasının dünyanın böyük güclərinin müharibə meydanlarında “başının qarışdığı” məsuliyyətli bir dövrdə yaşlı planetimizin yaşıl gələcəyi üçün sülhsevər xalqları, onların dövlət və hökumət başçılarının bir araya gətirdiyi humanitar forumlara ev sahibliyi etməsi ölkəmizi hər kəsin ümidlə gözünü dikdiyi bir mərkəz halına gətirmişdir. Dahi Nizaminin ana Vətəni Azərbaycandan dünyaya hər kəsin başa düşəcəyi dildə verilən sülh mesajları, bu baxımdan dünyanın çoxdan arzusunda olduğu ümumbəşəri ədalət yolunda ciddi çağırışlardır.
    Getdikcə mürəkkəbləşən qlobal iqtisadi problemlər və geosiyasi proseslər fonunda isə bu ədalətin çox uzaqda olduğunu və hətta ən qorxulusu, onun getdikcə insanlıqdan daha da uzaqlaşmasını görməkdəyik. İqtisadi artım uğrunda qlobal sərmayənin daha da acımasız olduğu, təbii ehtiyatların və enerji resurslarının get-gedə tükəndiyi, kiçik bəhanələrlə işğalçılıq müharibələri başladıb xalqların başına böyük müsibətlər gətirildiyi, içməli su və ərzaq ehtiyatlarının azaldığı gərgin bir dövrdə “ədalət” kəlməsinin çox kövrək olması bir reallıq kimi dünyanın qarşısında durmaqdadır. Bu reallığı hamıdan çox yaşayan inkişaf etməkdə olan ölkələrin xalqlarının yüksək səviyyəli nümayəndələri isə bir gün mütləq şəkildə dünyanın beşdən böyük olacağını bilərək mizan-tərəzinin əyilmədən hər kəsin rahat, işğala məruz qalmadan sülh şəraitində yaşaması üçün növbəti dəfə Bakıda toplaşdılar. 
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun iştirakçıları olan nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və təmsilçiləri, mövcud və sabiq dövlət başçılarını, tanınmış ictimai xadimləri yeni dünya düzəninin formalaşdığı, soyuq müharibənin bitməsindən sonra dünyanın böyük güclərini qarşı-qarşıya gətirmiş olan Rusiya-Ukrayna müharibəsinin davam etdiyi dövrdə bir araya gəlməklə bəşəriyyətin üzləşdiyi fəlakətlərin qarşısına keçməkdə daha bir mühüm addım atdılar. Qonşuları ilə qonşu kimi yaşaya bilməyənlərin qatılmadığı bu forumda Bakıdan dünyaya verilən çağırışlarda işğalın cəzasız qalmayacağı, təcavüzün heç bir yerdə, heç bir halda təqdir olunmayacağı bir daha təsdiq edilərək problemlərə ədalətli yanaşma üçün həmrəyliyin bu gün həmişəkindən daha vacib olduğunu vurğulandı. Həmrəylik üçün isə bu gün daha ciddi səbəblər vardır. Qlobal qida, içməli su, enerji, nüvə təhlükəsizliyi, iqlim dəyişikliyi problemlərinin həlli, hər kəsə əlçatan olan səhiyyə xidmətlərinin yaradılması müasir dünyanı, onun sağlamdüşüncəli bütün beyin mərkəzlərini düşündürən ən vacib məsələlərdəndir. Belə ki, hələ böyük Azərbaycan şairi Nizami Gəncəvinin yaşadığı dövrdə bu problemlər indiki kimi qlobal miqyaslı olmasa da o vaxtdan keçən dövrdə mavi planetimizi, onun sakinlərini təhdid edən bu problemlərin səbəbkarı da elə insan özü, onun ədalətsiz qərarları olmuşdur. Dünya düzəninin tənzimlənməsi üzrə təsis olunmuş BMT kimi böyük beynəlxalq təşkilatların faktiki olaraq funksiyasını itirməsi və ya yönəldiyi prioritetlərdə güclünün tərəfini tutaraq problemlərə sellektiv yanaşması forum iştirakçılarının fikrincə ən böyük ədalətsizlikdədir. Azərbaycanın 30 ilə yaxın müddətdə məruz qaldığı işğal faktına qarşı, sadəcə, təəssüf hisslərini bildirən beynəlxalq təşkilatların yürütdüyü ikili standartlar çərçivəsindəki siyasət məhz bu gün bütün Avropanı ipə-sapa yatmayan aqressorla üz-üzə qoymuşdur. Rusiya dəstəkli erməni, abxaz, Osetiya, Dnestryanı separatizminə, 2014-cü ildə Krımın ilhaqına göz yumub, ucuz qaz almağı daha sərfəli sayan mədəni dünya bu gün rus barbarlığına dözməyə məcbur qalmışdır. Ötən bir ildən artıq müddətdə viran qalmış Ukrayna şəhər və kəndlərinə, bu sülhsevər ölkənin dağılmış infrastrukturuna qarşı daha dözmək istəməyən dünya, görəsən, 30 il əvvəl erməni faşizminə, onun qanlı Xocalı soyqırımı əməlinə qarşı niyə dözürdü?! 
    Bəli, bu gün özünün yaşadığı əzablı təcrübələrə rəğmən Azərbaycan Respublikası Rusiyanın enerji terrorundan əziyyət çəkən ölkələrə onların çox ehtiyacı olduğu minnətsiz enerjini təmin etməklə sanki dahi Nizaminin əsərlərindən insanlığın aldığı mənəvi enerjinin də torpaqdan şölələndiyinin bir təsadüf olmadığını bir daha sübut etdi. İşğal olunmuş torpaqlarını Ali Baş Komandanının qətiyyəti, qəhrəman Ordusunun gücü ilə azad edib, milli qürurunu özünə qaytaran Azərbaycan bu gün Cənubi Qafqazın bir daha yeni ssenarilər meydanına çevrilməməsi üçün liderlik mövqeyini ortaya qoymaqda da qətiyyətlidir. Qardaş və dost ölkələrin artan dəstəyinə arxalanan dövlət başçımız öz dərin, praqmatik düşüncəsi, irəliyə hədəflənmiş strateji baxışları ilə Xeyirin Şər üzərindəki qələbəsini yaxınlaşdıran bir siyasət yürütməklə hər kəsin böyük Nizaminin arzuladığı ədaləti də yaxınlaşdırmaq missiyasını həyata keçirir. Dünənə qədər hayların Sərsəngdəki su terrorundan əziyyət çəkən Azərbaycanın bu gün təbii sərvətlərini, Qarabağın yaşıl və hidroenerji potensialını dünyaya transfer edərək gələcəyə yönəlmiş strateji çağırışlara cavab verməsi də, bu mənada, mənzum hekayə deyil, ölkəmizin qlobal inkişafa verdiyi real töhfə kimi forum iştirakçılarının diqqətinin yönəldiyi vacib tezislərdən idi. 
    Dünya miqyaslı nüfuzlu Qlobal Bakı Forumunun budəfəki yubiley sayı olduqca mühüm, yaddaqalan bir tarixə təsadüf edir. Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin anadan olmasının 100-cü ilində keçirilmiş bu forum təkcə onun iştirakçılarına deyil, bütün dünyaya göstərdi ki, ölkəmiz sağlam zəmində inkişaf etməklə yeni dünyanın siyasi və iqtisadi xəritəsində çox uğurla yer tutmuşdur. Azərbaycanı kommunist rejimindən çıxarmaqla məruz qaldığı haqsızlıqlara rəğmən yaratdığı yeni monolit siyasi platforma ilə dövrünü yüz il qabaqlayan Ulu Öndər Heydər Əliyevin irsi bu gün təkcə ölkəmizin deyil, onunla eyni taleyi paylaşan yaxın-uzaq bütün ölkələrin xalqlarının yoluna işıq yolu tutur. Artıq dünya başa düşür ki, bəzən illərlə, on illərlə davam edən problemlərə, milyonların məhvinə səbəb olan müharibələrə zamanı gələndə tək bir insanın müdrikliyi son qoya, xalqların arzu etdiyi ədalətli sülhə körpü sala bilər. Yaşadığımız narahat dünya bir daha göstərir ki, bu müdrikliyə, bu ƏDALƏTƏ hər zaman, xüsusən insanları yalnız edən tikanlı divarların onları yaxınlaşdıran hamar körpülərdən daha çox tikildiyi müasir dünyada daha çox ehtiyac var. Dahi Nizaminin “Sirlər xəzinəsi”ndəki  fikri ilə desək: 

    Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət,
    Yer üzünün fatehi ədalətdir, ədalət!

Əli CABBAROV
Naxçıvan Dövlət Universitetinin dosenti

Nəşr edilib : 15.03.2023 20:17