AZ EN RU

Daha bir qəzalı məktəb

    Əziz oxucular! Diqqətə çatdıraq ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən aparılan yoxlamalar nəticəsində Naxçıvanda daha bir məktəbin qəzalı vəziyyətdə olduğu müəyyən edilib. Belə ki, Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin binasında bu hal aşkarlandığından müvafiq təmir işlərinə başlanılıb. Məlumat üçün bildirək ki, 2007-ci ildə istifadəyə verilən məktəb binasının ikinci mərtəbəsinin döşəməsi yükgötürmə qabiliyyətindən dəfələrlə aşağı, standartlardan uzaq, zəif konstruksiya ilə işlənib. Bu da həmin hissədə qəzalı vəziyyət yaradıb. Xüsusən də şagirdlərin kütləvi hərəkəti zamanı ikinci mərtəbənin döşəməsində və təbii olaraq ona birləşik şəkildə olan birinci mərtəbənin tavan hissəsində güclü silkələnmələr baş verir. Bu vəziyyət isə həm müəllim və valideynləri, həm də şagirdləri qorxuya salır. Hazırda mövcud problemin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir, ikinci mərtəbənin döşəməsində təmir-bərpa işləri aparılır, həmçinin dəmir konstruksiyaların köməyi ilə qəzalı vəziyyətdə olan hissələr möhkəmləndirilir. 
    Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov mətbuata müsahibəsində qeyd edib ki, bərpa-gücləndirmə işləri aparılan məktəbin yeni tədris ili üçün istifadəyə yararlı vəziyyətə gətirilməsi gözlənilir. 
    Xatırladaq ki, belə bir tikinti-quruculuq rəzaləti bundan əvvəl, Babək rayonunun Hacıvar kəndində də qeydə alınmışdı. Məsuliyyətsiz yanaşma və qeyri-peşəkarlıq səbəbindən məktəb binası düzgün qaydada texniki göstərici və normativlərə uyğun tikilməmişdi. Aidiyyəti qurumlar tərəfindən məktəb binasında bu istiqamətdə yoxlama işləri aparıldıqdan sonra bina sökülmüşdür. Hazırda həmin məktəb üçün yeni bina inşa olunur. 
    Maraqlıdır, dövlətimizin insanların rahatlığı, firavanlığı üçün bu qədər vəsait ayırıb icra etdiyi belə layihələrdə çalışan, işini bilməyən, dövlətimizin diqqət və qayğısından sui-istifadə edən “iş icraçıları” nə düşünürlər? Özlərində azca da olsa, məsuliyyət hiss edirlərmi? Fikirləşirlərmi ki, gələcəkdə bu ünvanlarda təhsil alacaq, işləyəcək insanlar öz millətimizin övladları, bu dövlətin vətəndaşları, konkret desək, mən, sən, o olmayacaq? Məktəblərimizə gəldikdə isə belələrinə xatırlatmaq istərdik:  O ünvanlarda təhsil alacaq uşaqlar bizim gələcəyimizdir.

Xəbərlər şöbəsi

Nəşr edilib : 06.09.2023 18:20