AZ EN RU

Dağlıq zonada taxıl biçini davam edir

    Ölkəmizdə kənd təsərrüfatının mühüm sahəsi olan, ərzaq təhlükəsizliyi baxımından böyük önəm daşıyan taxılçılığın inkişafına göstərilən diqqət muxtar respublikamızda da öz bəhrələrini verir. Cari ildə bu sahədə bir sıra maarifləndirici, stimullaşdırıcı tədbirlər həyata keçirilir. Bunun da nəticəsi özünü əkin-biçin işlərində göstərib. 18 hektar yazlıq buğda, 387,7 hektar arpa və 12213 hektar payızlıq buğda, 8549 hektar isə arpa olmaqla, ümumilikdə, bu il  muxtar respublikada 21 min 247 hektar sahədə taxıl əkilib. 
    Taxılçılığın inkişaf etdiyi bölgələrimizdən biri də Şahbuz rayonudur. Rayonda cari ilin məhsulu üçün, ümumilikdə, 756 hektarda taxıl yetişdirilib. Sahələrdə taxılçılıqda mütərəqqi metod sayılan şırım üsulu tətbiq olunub. Zəmilərdə aqrotexniki tədbirlərə vaxtında və düzgün əməl edildiyindən sahələrdə bol məhsul ərsəyə gətirilib. Taxılın vaxtında və itkisiz biçilib götürülməsi üçün lazımi hazırlıq işləri də aparılıb. “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon bazasında mövcud olan, fiziki şəxslərə məxsus texnika sayəsində  biçin mütəşəkkil həyata keçirilir. Taxıl biçininə 3 kombayn cəlb olunub. Həmin texnikalara əvvəlcədən baxış keçirilib, biçinə hazır vəziyyətə gətirilib. Hazırda sahələrdə məhsul həmin texnikaların qüvvəsi ilə itkisiz toplanılır. 14 avqust 2023-cü il tarixədək 657,6 hektar sahənin taxılı biçilib, 632,4 ton məhsul tədarük edilib. Hazırda taxıl biçini Külüs kəndində davam edir. Qeyd edək ki, taxılçılığın inkişaf etdirilməsi, taxıl sahələrinin suvarılması üçün 2022-ci ildə bu ərazidə yeni suvarma şəbəkəsi qurulub.

Sürəyya QƏDİMƏLİYEVA 

Nəşr edilib : 15.08.2023 19:07