AZ EN RU

Dağların vüqarı, yurdumun qüruru oğullar

    Vətənimizin hər qarışı bizim üçün əzizdir, amma qədim Azərbaycanın tarixində və taleyində bəzi şəhər və kəndlərimizin xüsusi yeri olub. Belə yurdlardandır Ulu Öndərin “Qeyrət qalası” adlandırdığı Sədərək. O Sədərək ki illər öncə hər qayası, hər daşı, torpağı naxçıvanlı igidlərin qanı ilə sulandı, amma düşmənə bir ovuc torpaq verilmədi. Həmin yurd ki 30 il öncə torpaqlarımıza göz dikmiş yağı düşmənə ilk zərbə məhz orada endirildi. Həmin Sədərək ki Azərbaycanın ən kiçik rayonu olsa da, həmin illərdə ən çox şəhid verən bölgə oldu.

    Həmin illərdə canını Vətənə sipər edən sədərəkli igidlərin davamçıları Vətən savaşında buradan – Sədərəkdən Qarabağa üz tutub Vətən uğrunda şəhidliyə ucaldılar. İndi Sədərəyə yolu düşən hər kəs onların yol kənarında asılan rəsmləri ilə qarşılaşır. İgid Vətən oğullarının rəsmlərini seyr edə-edə Sədərəyə daxil olanda bir daha anlayırlar bu yurdun niyə Ulu Öndər tərəfindən “Qeyrət qalası” adlandırıldığını. Və həmin illərdə igid oğullarımızın cəsarətindən, igidliyindən qorxuya düşən ermənilər bu qorxunu hələ də unuda bilmirlər. Buna 44 günlük Vətən müharibəsində də qürurla şahidlik etdik. Şahid olduq ki, düşmənlərimiz sərhədindən yüz kilometrlərlə uzaqda olan şəhərlərimizə qadağan olunmuş silahlardan atəş açsalar da, ən yaxında, Naxçıvanda yerləşən mövqelərimizə bir güllə belə atmağa cəsarət etmədilər. Bu gün fəxrlə yada salırıq ki, respublikamızda ilk milli ordu Naxçıvanda yaradılıb. Müharibənin ən çətin günlərində Ulu Öndərin yurdumuzda olması və o çətin vaxtlarda bizlə birlikdə yaşayıb xalqı birliyə və həmrəyliyə səsləməsi insanların itmiş inamlarını özlərinə qaytardı, onların yaşamaq ümidlərini artırdı. Bu gün dahi rəhbərin qurub-yaratdığı Azərbaycan öz güclü ordusu ilə dünyaya vətənpərvərlik dərsi keçir. Bu xalqın ərənləri öz igidliyi ilə tarixin keşməkeşli dövrlərində düşmənə sinə gərdiyi kimi bu gün də sərhədlərimizi mərdliklə qoruyurlar. 
    Milli ordunun yaranmasının birinci ildönümündəki paradda iştirak edən Ulu Öndərimiz Heydər Əliyev deyib: “Biz 70 il ərzində hər il keçmiş Sovetlər İttifaqının silahlı qüvvələrinin bayramlarının iştirakçısı olmuşuq. Fəqət bugünkü bayram bizim hər birimizin qəlbində böyük iftixar hissi doğurur. Biz böyük sevinc içərisindəyik. Çünki Azərbaycan xalqı, nəhayət, öz dövlətini, öz millətini, öz doğma torpaqlarını müdafiə etmək üçün milli ordusunu yaratmışdır. Bu ordunun bir hissəsi də Naxçıvanda yerləşir. Biz bu gün Azərbaycan xalqının gənc və cəsur övladlarının ordu sıralarında xidmət edərək öz bayramlarını qeyd etmək üçün bu meydanda nizamlı sıralarda durduqlarını görürük. Biz milli ordumuzun günü-gündən möhkəmlənməsini, inkişaf etməsini dərk etdikcə bir daha Azərbaycanın müstəqil dövlət olması üçün nə qədər böyük yol keçdiyini yadımıza salır və bunun Azərbaycan xalqı üçün, bugünkü və gələcək nəsillər üçün nə qədər vacib və zəruri olduğunu bir daha hiss edirik. Azərbaycan milli ordusu ağır müharibə şəraitində yaranıb. Qəhrəman oğullarımız Azərbaycanla Ermənistanın sərhəd bölgələrində, o cümlədən Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan torpağını, xalqımızın milli azadlığını, toxunulmazlığını müdafiə edərək böyük qəhrəmanlıqlar göstərmiş, bu yolda qurbanlar vermişlər. Azərbaycan xalqı öz milli azadlığını əldə edib. Azərbaycan müstəqil dövlət kimi dünyada tanınıb və heç bir qüvvə xalqımızı bu yoldan geri döndərə bilməz. Lakin biz müstəqil Azərbaycan dövlətini, möhkəmləndirmək, onun hərbi qüdrətini daha da yüksəltmək üçün çox böyük və çətin yol keçməliyik”. 
    Dahi rəhbərin layiqli davamçısı, ata vəsiyyətini yerinə yetirən xalqımızın böyük oğlu, Ali Baş Komandanımız cənab İlham Əliyev Ulu Öndərimizin qələbədən sonrakı ilk ad günündə Naxçıvanımıza səfəri zamanı deyib: “Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərilib. Təsadüfi deyil ki, mənim göstərişimlə Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılmışdır və ordu ən müasir silah və texnika ilə təchiz edilmişdir. Bu gün Naxçıvan Ordusunda olan hərbi texnika, deyə bilərəm ki, bəlkə də, bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür. Çünki Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir. Deyə bilərəm ki, bütövlükdə, Azərbaycan Ordusuna xaricdən gətirilmiş texnikaların böyük əksəriyyətinin nümunələri Naxçıvan Muxtar Respublikasında mövcuddur. Əlbəttə ki, Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun döyüş qabiliyyəti də yerindədir və uğurlu Günnüt əməliyyatı – üç il bundan əvvəl keçirilmiş əməliyyat bunun bariz nümunəsidir İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri – həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər. Bilirsiniz ki, Naxçıvandan Bakıya xüsusi qruplar gətirilmişdi. Eyni zamanda mən onu da bildirməliyəm, yəni artıq bildirə bilərəm ki, Naxçıvan Ordusunda olan silahların, sursatların bir hissəsi də Bakıya gətirilmişdir və cəbhə bölgəsinə göndərilmişdir. İndi biz həmin o silah-sursatların ehtiyatlarını təmin edirik, ancaq bu da olub. Ona görə Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır”.
    Belə qürur dolu düşüncələrlə yurdumuzu dövrəyə alan uca dağların başında qurulan postlarda dalğalanan Azərbaycan Bayrağının kölgəsində Vətənin başlandığı nöqtədə dayanmışıq. Düşmənin beş-on metrliyində Vətənə keşik çəkən, dağlara boyverən oğullarla həmsöhbət oluruq. Müzəffər Ordunun əsgər və zabitləri ilə. İllərdir, həsrətini çəkdiyimiz böyük Qələbəni bizə yaşadan, özləri yaddaşlara yazılan igid oğulların davamçıları ilə. 
    Əslən Kəlbəcər rayonunun Başlıbel kəndindən olan mayor Namiq Qədimov 20 ilə yaxındır ki, Vətənimizin keşiyində ləyaqətlə dayanan hərbi qulluqçulardandır. Onunla həmsöhbət olduqda dedi: – Ordu quruculuğu Ulu Öndər Heydər Əliyevin özünəməxsus müdriklik və uzaqgörənliklə həyata keçirdiyi, Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyət və ardıcıllıqla davam etdirdiyi mükəmməl strategiyaya əsaslanır. Öz gücü və qüdrəti ilə seçilən, qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirmək imkanı olan Azərbaycan Respublikasının Silahlı Qüvvələri dövlət müstəqilliyinin bərpasından ötən illər ərzində çətin sınaqlardan, sözün həqiqi mənasında, od-alovdan keçmiş, mətinləşmişdir. Və 2020-ci ildə Azərbaycan əsgəri illər öncə səriştəsiz rəhbərlərin əli ilə düşmənə pay verilən torpaqları qanları, canları bahasına geri qaytarmaqla dünyaya vətənpərvərlik dərsi keçdi. Ordumuzun Şuşa şəhərini azad etməsi müasir döyüş dərsi kimi gələcəyin hərbçilərinə öyrədilir. Kəlbəcərin, Ağdamın, Laçının diplomatik qələbə ilə bir güllə belə atılmadan düşməndən alınması isə Ali Baş Komandanın möhtəşəm siyasi qələbəsi idi. 
    Müsahibim onu da qeyd edir ki, zabit adına layiq görüldüyü gündən ilk xidmətinə Naxçıvandan başlayıb. Muxtar respublikanın müxtəlif yerlərində xidmət edib: – Vətənimizin hər qarışı bizim üçün əzizdir. Naxçıvan isə xalqımız üçün önəmli bir simvoldur. Tarixin fəxrlə vərəqlədiyimiz səhifələrində Naxçıvanın xüsusi yeri var. Milli ordunun ilk qığılcımlarının parladığı və düşmənə layiqli cavab verilən bu diyarda xidmət etmək hər bir əsgər və zabitin fəxridir. Bu zirvədə dayanan hər bir əsgər yaxşı bilir ki, vaxtilə bu dağlarda onlarla Vətən övladı son damla qanına kimi döyüşüb həyatından keçib, amma bir qarış torpaqdan keçməyib. 90-cı illərdə burada yaşananlar özü bir vətənpərvərlik dərsidir. Bu gün düşmən də yaxşı anlayır ki, qüdrətli, müzəffər Azərbaycan Ordusunun əsgərləri keşik çəkir bu dağlarda. 
    Digər müsahibim müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Əli Vəliyev 12 ildir, Vətəni qoruyan oğul şərəfini daşıyır. O, Günnüt zəfərinin qazanılmasında da iştirak edən hərbi qulluqçulardandır. Onunla söhbətimizdə dedi: – Vətənə layiqincə xidmət etmək, onun keşiyində dayanmaq hər bir azərbaycanlının borcudur. Hərbçilər isə bunu özlərinə amal seçib. Mən formanı geyindiyim və Vətəni öz canımdan çox sevəcəyimə and içdiyim gündən özümü dünyanın ən xoşbəxt insanı hiss edirəm. Səhər Günəş dağların ardından boylanmazdan öncə yuxudan oyanıb, gecə gün batandan sonra da Vətənimizin sərhədinə keşik çəkən oğul olmaq şərəfinə layiq görüldüyüm üçün hər gün Tanrıya minnətdaram. 
    Əsgər Ruslan Məmmədov Kəlbəcər rayonunun İşıxlar kəndindəndir: – Orada dünyaya göz açmasam da, böyüklərimin Kəlbəcər haqqındakı söhbətləri ilə böyümüşəm, inanmışam bir gün o yurda dönəcəyimizə. Vətən müharibəsi başlayanda hamımızın ürəyi orada döyünürdü. Xalq bir oldu və biz zəfər qazandıq. İllərdir ki, yurd həsrəti ilə yaşayan ailəmiz artıq Kəlbəcərə qayıtmağa hazırlaşır. Qalib bir ordunun əsgəri olmaq çox qürurvericidir. 

    Ordubad rayonunun Əndəmic kendindən olan əsgər Fərid Zeynallı Qədim Naxçıvanın keçilməz səddi Sədərəkdə – Vətənin başlandığı yerdə Vətəni qorumaq şərəfinə nail olduğum üçün sevincliyəm. Buradakı xidmətimi həmişə qürurla xatırlayacağam. 
    Ağdam rayonunun İşıxlar kəndindən olan əsgər İslam Məhərrəmov ali təhsilini bitirib, Vətən borcunu ödəməyə gəlib. O, on aydan çoxdur ki, xidmətdədir. Həqiqi hərbi xidmətə çağırılanda Naxçıvan Muxtar Respublikasında xidməti borcumu yerinə yetirəcəyim xəbərini alanda çox sevindim. Çünki buranın haqqında yaxın dostlarımdan çox eşitmişdim. Necə gözəl, səmimi insanlarınız olduğunu buraya gələndən sonra gördüm. Kənd camaatı bizimlə öz övladı kimi davranır. Öz əkin-bacalarında yetişdirdikləri meyvə-tərəvəzdən, isti təndir çörəyindən pay tutur bizə. Baxmayaraq ki, dövlətimizin öz əsgərini hər bir qayğı ilə əhatə etdiyini hər kəs yaxşı bilir.
    Naxçıvan şəhərindən olan əsgər Zeynalabidin Tağızadə ali təhsillidir. Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirib:
    – Naxçıvanımızın “Qeyrət qalası” adlandırılan Sədərək rayonunda xidmət etmək hər bir gənc üçün şərəflidir. Qarşımızda düşmən, arxamızda isə dağ kimi dayanan xalqımız var. Biz hər dəfə dönüb arxaya baxanda gündən-günə abadlaşan, gözəlləşən bir yurd, hər gün həyətyanı sahələrdə əkin qayğıları ilə məşğul olan insanları görür, ucsuz-bucaqsız taxıl zəmilərində taxılbiçən kombaynların səsini eşidirik. Biz postlarda ayıq-sayıq dayanırıq ki, yurdumuzun insanları rahat, sakit bir ömür sürsün. Əbəs yerə deməyiblər ki, torpağı əkib-becərmirsənsə, qorumağına, qorumursansa, əkib-becərməyinə dəyməz. Hər dəfə zəfər günümüz yadıma düşəndə onlarla erməni əsgərini təkbaşına məhv edən Mübariz İbrahimovu, əsgəri ilə səngərdə bir döyüşən Polad Həşimovu gözlərim önünə gətirirəm. Və düşünürəm ki, biz qalib, onlar isə öz qanlarında boğulan məğlub bir millətin övladlarıdır. Müzəffər bir ordunun sıralarında müstəqil Azərbaycanımıza xidmət etdiyim üçün qürur duyuram. Qalib bir ordunun əsgəri olmaq, onun Qarabağda məğlub etdiyi ordu ilə üz-üzə dayanıb xidmət etmək mənə ayrıca bir qürur yaşadır. 
    Hərbçilərimizlə söhbətimi bitirib kəndə qayıdanda Vətən müharibəsi şəhidi, bir vaxtlar bu dağlarda xidmət edən Tağı Abdullazadənin atası İlham Abdullayevlə rastlaşırıq. O öz bağının meyvələrindən əsgər övladlarına pay gətirib. İlham əmi ilə həmsöhbət oluruq: – Yaxşı xatirimdədir, dahi rəhbər yurda qayıdanda hər kəsin dilində bir kəlmə dolaşırdı: “O gəlibsə, deməli, hər iş yaxşı olacaq”. Çünki bilirdilər, yaxşı bələd idilər Vətən övladına. Və elə də oldu. Əvvəlcə rus ordusunun silahlarını bizə təhvil verib yurdumuzu tərk etməsi üçün danışıqlar aparıldı, uzaqgörən insan müdafiə fondu yaradaraq xalqı ordu quruculuğuna kömək etməyə çağırdı. Xalqın öz rəhbərinə inamı, yurd, Vətən sevgisi qalib gəldi. Milli ordu yaradıldı. Kiçik özünümüdafiə qrupları həmin ordunun sıralarına daxil edildi. Sədərəyin müdafiəsi təkcə kiçik bir kəndin yox, bütöv Naxçıvan Muxtar Respublikasının müdafiəsi idi. İndi də elədir. Bir neçə gündür, ermənilər tərəfindən intensiv olaraq Sədərək rayonu ərzisinin atəşə tutulması burada yaşayan heç kimi qorxutmur. Çünki bilirik ki, ordumuz onların cavabını layiqincə verir və hər zaman buna qadirdir. 
    Artıq axşam düşür, Günəş dağların arxasına çəkilir, qaranlığa qərq olan dağların başında ay işığında dalğalanan Azərbaycan Bayrağına, bu məğrurluq abidəsinə baxıram, Vətənin sərhədinə keşik çəkən oğullar döyüş növbətçiliyini dəyişir. Gecə-gündüz yağış, qar, şaxta, isti fərqi yoxdur, onlar əllərində silah, ürəklərində Vətən sevgisi torpağımızı qoruyurlar, canları, qanları bahasına olsa belə. Çünki bu gün bu postlarda dayanan əsgərlərin damarlarında qanla bərabər, Vətən sevgisi də axır. Onlar Şah İsmayılın, Babəkin, Koroğlunun nəticələri, Poladın, Mübarizin davamçılarıdır. Və çox yaxşı bilirlər ki, bu dövlətin Ulu Öndər kimi qurucusu, öz ordusu ilə 30 illik yolu 44 gündə keçən, dünyaya öz güclü zəkası, siyasi gücü ilə dərs keçən, həm diplomatik yolla, həm də döyüş meydanında düşmənə dərs verən Ali Baş Komandanı var. Düşmənin heç bir təxribatı, heç bir həmləsi bizi qorxuda bilməyəcək. Çünki ordumuz gündən-günə daha da güclənir. 
    Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi: “Bundan sonra da Ordumuzun daha da gücləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcək. Azərbaycanın düşmənləri bunu bilir, görür, bilməlidir və görməlidir. Məhz buna görə bizə qarşı edilən istənilən təxribat cavabsız qalmır, hər bir təxribata layiqli cavab verilir, istər hərbi cavab, istər siyasi cavab. Bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq, öz sözünü açıq deyir və müstəqil siyasət aparır. Yəni bizim ölkəmiz, sözün əsl mənasında, müstəqil ölkədir, çünki müstəqil siyasət aparmaq iqtidarındadır və bizə bu gücü verən, ilk növbədə, bizim hərbi potensialımızdır”.

Ramiyyə ƏKBƏROVA 

Nəşr edilib : 24.06.2023 20:31