AZ EN RU

Dağlardan süfrələrimizə əvəzsiz can dərmanı – Naxçıvan balı

    Elə ki, ilin bu dövrləri təqvimə qədəm qoydu, yay fəsli də öz köçünü toplayıb arandan yaylağa doğru yol almağa hazırlaşır, bir qədər sonra havada qızıl payızın sərin mehi duyulacaq, yavaş-yavaş saralmış yarpaqlar yerini qarlı qışa vermək üçün budaqlardan ahəstəcə yerə töküləcək. Hər fəslin qayğıları var... Artıq bizimlə nəfəs-nəfəsə dayanan payız fəslində isə qayğılar bir az da artacaq, qış üçün tədarük görüləcək, mal-qara üçün ot-alaflar qalaqlanacaq, arıçılar növbəti ildə də məhsuldarlığın yüksək olması üçün profilaktik tədbirlər həyata keçirəcək, bir sözlə, elimiz qarlı qışı yaxşı yola vermək üçün canla-başla çalışacaq.

    Salam, a gədiklər, salam, a dağlar!
    Yenə boynunuzu qucmaq istərəm.
    Alıb küləyini qoluma, dağlar,
    Zirvədən-zirvəyə uçmaq istərəm.

    Yolumu hər fəsildə gözəl olan Batabat yaylağından salıram. Bu el-obanı gəzib görənlər yaxşı bilirlər ki, Naxçıvanın baharı, yayı gözəl olduğu kimi, payızının, qışının da öz yeri, öz məqamı var. Artıq neçə müddətdir ki, Batabatda biçin işləri yekunlaşıb, təbiətin yaşıl örtüyü yerini qızıl payızın zövqoxşayan rənglərinə verməkdədir. Amma hələ də Batabatı görməyə gələn qonaqların, orada dincəlməyə üz tutanların sayı-hesabı saymaqla bitmir, elə təbiətin qoynunda öz halal ruzisini qazanıb süfrələrimizə təmiz Naxçıvan balı gətirən təsərrüfatçıların da. Belə zəhmətsevərlərdən biri də mənim uzun illərdir ki, tandığım, yaşı 60-ı ötmüş Əkbər dayıdır. Qocaman arıçı yüzə yaxın arı ailəsinə qulluq edir. Halal zəhmətlə çörəyini qazanan Əkbər dayı deyir ki, muxtar diyarımızın ərazisi arıçılığın inkişafı üçün yüksək təbii şəraitə malikdir. Həmçinin yurdumuzun faydalı bitki örtüyü də yüksəkkeyfiyyətli balın hasil olunması üçün zəruri şərait yaradır. Erkən yaz dövründən başlayaraq arıçıların, necə deyərlər, qayğılı günləri də başlayır. Arıçılıq xüsusi diqqət tələb edən işdir, hər arı ailəsinə gərək ayrıca qulluq edəsən. Nə qədər yaxşı qulluq olarsa, məhsul da bir o qədər yaxşı olar. 
    Əkbər dayı illərdir, qazandığı təcrübəyə söykənərək arıçılığın “qızıl” qaydalarından da söhbət açır: İl ərzində arıçılıqda görülən işlər 4 dövrə bölünür: erkən yaz, beçə, bal və ya məhsul dövrləri, nəhayət, qış dövrü. Qışlama dövrünü yaxşı keçirən, yaxşı qidalanan arı ailəsi ili daha yaxşı yola verir, nisbətən zəif qidalanmış ailələr isə tez xəstəliyə tutulur və böyük bir qismi tələf olur. Xəstəliyə tutulmuş arıları yuvadan ayrılmazdan əvvəl mütləq müayinə etmək, zəif düşmüş arı ailələrinin qidalanmaları üçün pətəklərinə ballı çərçivəli şam qoymaq lazımdır. Əgər ehtiyat bal yoxdursa, yem tələbatını şəkər şərbəti ilə də tamamlamaq olar. Onu da deyim ki, arıların normal qidalanmaması, bölgələrdə arı ziyanvericilərinin çoxalması, xəstəliklərin geniş yayılması, dəyişən iqlim şəraiti onların sayının azalmasına, yəni məhvinə səbəb ola bilir. Bu səbəbdən arıçılar arı ailələrini rahat hərəkəti təmin edəcək, su və bitki ehtiyatı ilə zəngin olan yerlərdə yerləşdirməlidirlər. 
    Arıçı deyir ki, arıçılıqda məhsul istehsalına müsbət təsir edən əsas amillərdən biri erkən yaz dövründə arı ailələrinə qulluğun düzgün aparılmasıdır. Ona görə də yaz yoxlanışı zamanı arı xəstəliklərinin olub-olmamasına nəzarət etmək lazımdır. Buna diqqət göstərilmə­məsi arı ailələrinin məhv olmasına gətirib çıxarır və xəstəlik səbəbindən zəifləmiş ailələrdə məhsuldarlıq xeyli aşağı düşür. Xüsusən erkən yazda bir arı ailəsinin həyatda qalması üçün ana arının olması vacibdir. Əgər arılar sürətli bir şəkildə çalışıb sürfəyə çiçək tozu gətirirlərsə, bu, ana arının varlığına işarədir. Yox, əgər arılar çiçək tozu gətirmir və pətəkdən qıraqda gəzirsə, böyük ehtimalla ana arı tələf olub. Bu da istər arıların bir pətəkdə cəmlənməsinə, istərsə də, ümumiyyətlə, bütün arı ailələrinin məhsuldarlığının keyfiyyətinə zərbə vuran əsas amildir. Bəzən bu işə yenicə başlamış arıçılar sadaladığımız qaydaları diqqətə almırlar, nəticədə, ya yaxşı məhsulun hasil olmamasından şikayətlənir, ya da öz təcrübəsizliklərinin bu işə əl vermədiyini düşünürlər. 
    Əkbər Əsgərov deyir ki, erkən yaz dövrü başa çatdıqdan sonra may ayından etibarən     arıçılıqda “beçə dövrü”, “beçə ayı”, “pətək ayı” kimi tanınan yeni mərhələ başlayır. Bu aydan etibarən arılar çiçək tozundan (güləm) şirə, nektar gətirməyə başlayır. Təcrübəli arıçılar söyləyirlər ki, may ayında arılar alaqaranlıqdan hava isinənə qədər güləm, bundan sonra isə şirə gətirir. Bu zaman bütün yuvalarda qızğın iş prosesi gedir. Ana arı dayanmadan yeni pətəklər toxuyur, həmin pətəklərin gözcüklərinə sürfələr qoyur. Bu sürfələrdən yekə gözcüklərdə olanlardan erkək arılar, normal gözcüklərdən isə işçi arılar çıxır. Daha böyük bir neçə gözcüklər də olur ki, bunlardan da ana arılar çıxır. Yeni çıxan ana arılar özü ilə bir dəstə arı götürərək yeşikdən ayrılır ki, buna “beçə” deyirlər. Bir beçə dəstəsində 4-5 ana arı olur. Sonradan arılar seçib birini saxlayır, qalanlarını isə öldürürlər. Bu ona görə olur ki, ən canlı-cüssəli, işlək beçə arılar tərəfindən, necə deyərlər, qiymətli hesab olunur. Xəstə, cılız beçələr isə həm bal istehsalının zəifləməsinə mənfi təsir göstərir, həm də pətəklərdəki iş prosesinə mane olur. Bəzən elə olur ki, yeşikdən çıxan beçə yaxınlıqdakı ağacın, kol-kosun üstünə düşür. Bir-iki saat ərzində beçə tutulub yeşiyə, səbətə salınmazsa, uçub hara gəldi gedəcək. Bəzən də elə olur ki, beçə yaxınlıqda olan arıçıların qoyduğu yeşiyə girib orada özünə məskən salır. Bu zaman da onu pətəklərə (yuvaya) qaytarmaq çətin olur.
    Əkbər dayı deyir ki, yağıntının bolluğu da beçələməyə müsbət təsir göstərir. Bu səbəbdən arıları tez-tez dağlıq ərazilərə – Batabata aparıram. Çünki Batabat dağlı ərazidə yerləşdiyi üçün ilboyu kifayət qədər yağıntı olur. Yağıntılı illərdə gül-çiçəyin bolluğunda arı üç dəfə beçə verə bilər. Onlar da sırası ilə “şahbeçə”, “ortabeçə” və “xorabeçə” adlanır.
    Müsahibimiz arıların qışa hazırlıq prosesindən də danışdı: – Arı ailələrinin qışa hazır­lanması erkən yaz və yay dövrlərindən başlayır. Belə ki, köhnə, qaralmış və kiflənmiş şamlar yeşiklərdən çıxarılır və yenisi ilə əvəz olunur. Bununla yanaşı, arıların xəstəliyə tutulmaması üçün yem ehtiyatı tədarük edilir, ana arılar dəyişdirilərək arı ailələri qüvvətləndirilir, həmçinin iqlimi sərt, soyuq keçən yerlərdə arıların qışlaması üçün nəzərdə tutulmuş binalarda mümkün istilik şəraiti yaradılır.
    Keyfiyyətli və təmiz Naxçıvan balı necə olur? – sualına isə müsahibimiz belə cavab verir:
    – Məmləkətimizin təmiz dağ havası, bir-birindən faydalı, xoşətirli bitkiləri şərait yaradır ki, böyük zəhmətlə ərsəyə gətirdiyimiz balımız da bu yerlərin adına, sanına yaraşsın, necə deyərlər, adı dillər əzbəri olan Naxçıvan balı olsun. Təmiz balın ətri də, dadı da ilk baxışdan insanı özünə cəlb edir. Əslində, təmiz balı tanımaq üçün konkret olaraq heç bir metod yoxdur. Söylənənlərin, yazılanların hamısı aldadıcı metodlardır. Bəziləri iddia edir ki, rəngi ağımtıl olan, kənarları tez xarlayan bal saxta baldır, bəzi vasitələrdən, qarışıqlardan istifadə olunub. Bəziləri də deyir ki, rəngi açıq, şəffaf, az qatı olan bal əsl təmiz bal hesab olunur. Lakin illərdir, bu işdə qazandığım təcrübəyə əsasən deyə bilərəm ki, xüsusi laboratoriyadan başqa heç bir insan balın təmizliyini dəqiqliyi ilə söyləyə bilməz. Çünki balın tərkibi çox mürəkkəbdir və bu tərkibi hansısa elementar üsulla ortaya çıxarmaq olmaz. Laboratoriyadan başqa, əgər alıcı arıçıya inanırsa, güvənirsə bunu da ikinci metod saymaq olar. Yaxşı olar ki, hər bir arıçı, təsərrüfatçı əlini öz vicdanına qoyaraq halal ruzisini qazansın, minnətsiz çörəyin ləzzətini dadsın. Digər tərəfdən də mən hesab edirəm ki, adı dillərdə deyilən, diyarımızın hüdudlarından kənarda da sevilən, seçilən Naxçıvan balının adını, şöhrətini qorumaq gərək hər bir arıçının peşə amalı olsun. 
    Biz də başda Əkbər dayı olmaqla bütün zəhmət adamlarına halal qazanc arzu edir, işlərində uğurlar arzulayırıq. 

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 05.09.2022 19:15